Azərbaycan əsgəri ilə erməni əsgərinin fərqi

Azərbaycan əsgəri ilə erməni əsgərinin fərqi

Ermənistan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Movses Akopyanın sözləridir: “Döyüşlərin 5-ci günü artıq 1500 fərarimiz var idi. Onlar müəyyən ərazidə saxlanılır, onlara yemək payları ayrılırdı. Həmin fərarilər məqsədli şəkildə Ermənistana buraxılmırdı ki, insanlarda çaşqınlıq yaranmasın. Həmin fərarilər kim idi? Nəinki könüllülər, həmçinin, əsgər və zabitlər də bu siyahıda idi”.

Müharibə vaxtı Hadrutdakı hospitalda çalışan mülki həkim Aynurə Hidayətova danışır: “Döyüşdən qayıdan əsgərlərimizin çoxu yaralandıqlarını gizlətməyə çalışırdı. Ayaqlarını yerə daha bərk basırdılar ki, yaralı olduqlarından heç kim xəbər tutmasın. Qorxurdular ki, yaralı olduqlarını bilsələr, onların növbəti döyüşə qatılmasına icazə verməzlər”.

Mən o yeniyetmə haqda təxminən bir ay əvvəl oxumuşdum. Adı yadımda qalmasa da, 17 yaşında olduğunu dəqiq xatırlayıram. Bığ yeri yenicə tərləsə də, müharibəyə qatılmaq üçün bir neçə gün əldən-ayaqdan gedib. Yaşı az olduğu üçün Səfərbərlik Xidmətinin əməkdaşları hər dəfə bir bəhanə ilə onu döyüşə göndərməkdən imtina ediblər. Əl çəkmədiyini görəndə zabitlərdən biri deyib ki, get, bir ildən sonra gələrsən…

Bilirsiniz, oğlanın cavabı nə olub? Deyib ki, o vaxta kimi bütün rayonlar işğaldan azad olunacaq. Bəs mən haranı alacam?

Dünən axşam bu sətirləri klaviaturada döyəcləyəndə gözüm kompüterin ekranında, qulağım isə televizorun səsində idi. “Xəzər” TV-də yaralı bir əsgərin döyüş yolundan bəhs edən süjet efirə gedirdi. Qəhrəman əsgərimiz döyüşçü yoldaşını xilas edərkən yaralandığını deyirdi. Mənə ən çox təsir edən bu sözlər oldu: “Özüm yaralansam da, onu çiynimdən yerə qoymadım. Bir gecə yol gələndən sonra həkimlərin yanına çatdıq”.

Bax, Azərbaycan əsgəri ilə erməni əsgərinin fərqi budur! Erməni əsgəri güllə səsi eşidən kimi döyüş meydanından qaçır, Azərbaycan əsgəri isə yaralı silahdaşını çiyninə alıb zülmət gecədə uca dağlar aşır. Erməni əsgəri döyüşməmək üçün öz gülləsini əl-ayağına sıxır, Azərbaycan əsgəri isə yarasını pambıqla, bitlə sarıyıb növbəti döyüşə çıxır. Erməni əsgəri iki qəpiklik qiyməti olmayan iyrənc vücudunu qorumaq üçün təkcə tankını, topunu, silahını deyil, həm də döyüş bayrağını səngərdə qoyub qaçır, Azərbaycan əsgəri isə şəhidlik şərbətini gülə-gülə başına çəkir. Buna görə də Azərbaycan əsgəri ay-ulduzlu bayrağımızı Şuşaya sancanda erməni əsgəri Xankəndidə ağ bayraq qaldırdı…

Üzümüzü ağ edən əsgər, üzün ağ olsun!

Seymur VERDİZADƏ

Share: