Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir

Şəfiqə TAHİROVA

Azərbaycan Avropa Birliyinə daxil olan dövlətlərlə qarşılıqlı əlaqələrə malikdir.

Bu ölkələr sırasına Almaniya da daxildir. Əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk sıralarda dayanır.
Almaniya, Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqaz regionuna xüsusi maraq göstərir.
Bu gün Azərbaycan-Almaniya münasibətləri böyük strateji əhəmiyyətə malikdir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Aprel ayının 2-də Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni inkişaf müstəvisində inkişafının zəruriliyinə dəlalət edir.
Almaniya Azərbaycanla ticarət əlaqələrinin qurulmasına, enerji və infrastruktur layihələrində tərəfdaş olmağa, sülhün müdafiəsinə maraq göstərən dövlətlərdən biridir.
Ona görə də, bu görüşdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bütün dünyada, o cümlədən də Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Almaniya Prezidenti bu məsələyə münasibət bildirərək qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var.
Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti qeyd edib:
“Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm”. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bu prosesdə lazımi dəstək verməyə hazır olduğunu, ikitərəfli əlaqələr üçün bu səfərinin çox müsbət nəticələrinin olacağına əmin olduğunu Azərbaycan Prezidentinin diqqətinə çatdırıb.
Almaniya, Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir.
Bu görüş təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də Cənubi Qafqaz regionunun beynəlxalq münasibətlər zəminində perspektiv imkanlarının reallaşmasında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Almaniya Prezidentlərinin görüşü təkcə regional deyil, qlobal siyasi arenada da mühüm əhəmiyyətə malikdir.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer arasında aparılan danışıqlarda bir sıra mühüm məsələlər- beynəlxalq əhəmiyyətə malik COP 29 iqlim konfransının Azərbaycanda keçirilməsi, iki ölkə arasındakı strateji münasibətlər, regiondakı geosiyasi reallıqlar və s. müzakirə olunmaqla yanaşı, Azərbaycan-Ermənistan münaqişəsi və onun nəticələri müzakirə mövzularından biri oldu.
Səfər çərçivəsində əsas diqqətçəkən məqamlardan biri də Azərbaycan-Ermənistan münaqişəsi və onun nəticələrinin müzakirə edilməsi idi. Məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixində ən faciəli münaqişələrdən biri kimi hər bir Azərbaycanlının yaddaşında həkk olunub. Onun fəsadları və nəticələri milyonlarla həmyerlimizin taleyinə ciddi təsir göstərib.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına, dədə-baba yurdlarına açıq formada ərazi iddiaları qaldırmış, etnik zəmində təxribatlar, terror əməlləri həyata keçirmiş və nəticə etibarı ilə, bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnmişdir. Təbii ki, belə bir məqamda ölkə Prezidenti bu məsələyə biganə qala bilməzdi.
Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda açıq və qətiyyətli mövqe sərgilədi.
O, Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qaldığını bir daha Almaniya Prezidentinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev, həmçinin beynəlxalq qurumların vaxtilə Qarabağın işğalına qarşı təsirli tədbirlər görmədiyini, bu məsələyə laqeyd münasibət bəslədiyini qeyd edərək Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə öz hüquqi və ədalətli haqqını bərpa etdiyinə də münasibət bildirdi.
Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi qələbənin sülh prosesinə yol açdığını vurğulayan Prezident İlham Əliyev hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımların atıldığını və tərəflərin mövqelərinin bir-birinə kifayət qədər yaxınlaşdığını bəyan etdi.
Azərbaycan Prezidentinin məsələlərə bu cür yanaşması Azərbaycanın bütün dünyada sülhün təminatçısı olduğunun bariz nümunəsidir.
Bu gün əminliklə deyə bilərik ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərini daha da gücləndirəcək və Azərbaycanın beynəlxalq sferadakı mövqeyini aktuallaşdıracaq.
Yekun olaraq demək olar ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin əhəmiyyətli nəticələrinin olacağına, bu səfərin ölkələrimizi bir-birinə daha yaxın edəcəyinə ümid bəsləmək olar.
Share: