Azərbaycan alimi “Kiçik təsir və həyəcan effekti” nəzəriyyəsinin  müəllifidir

Azərbaycan alimi “Kiçik təsir və həyəcan effekti” nəzəriyyəsinin  müəllifidir

Müasir dövrdə inkişaf etmiş ölkələrdə dəqiq elmin səviyyəsi nanotədqiqatların həcmi ilə müəyyənləşdirilir. Dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiyanın təsir və tətbiq sahələri  isə sərhədsizdir.

 

Bu texnologiya ilə materiallar və emal sənayesində, elektronika və kompüter texnologiyasında, tibb və sağlamlıq, ətraf mühit və enerji, biotexnologiya və kənd təsərrüfatı, aeronavtika və kosmosun öyrənilməsi, hərbi və milli təhlükəsizlik, nəqliyyat və qablaşdırma sənayesində, bir sözlə, insan fəaliyyətinin bütün sahələrində artıq mühüm nəticələr əldə edilib.

Tanınmış Azərbaycan  alimi, “Nanoelm və nanotexnologiyalar” sahəsində UNESKO mükafatı laureatı, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Rusiya Təbii Elmlər Akademiyasının üzvü,  texnika elmləri doktoru,   professor  Eldar Şahbazovun  İsrailin “Scientific Israel-Technological Advantages”   jurnalında  dərc olunmuş silsilə  elmi məqalələri  neft sənayesində nanotexnologiyaların tətbiqində böyük əhəmiyyətə  malik  elmi nailiyyətlərdəndir.

“Elm” nəşriyyatında “Neft sənayesində nanotexnologiyalar”  adı ilə işıq üzü görən   və Azərbaycanı öz zehni ilə bütün dünyaya tanıtmış akademik  Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş bu  elmi məqalələr toplusu neft-qaz sahəsində  çalışan və təhsil alan  mühəndis-elmi işçilərə ədəbiyyat kimi  istifadə edilməsi tövsiyyə edilir.

AMEA-nın akademiki  İbrahim  Quliyevin  elmi  redaksiyası əsasında  nəşr edilən elmi məqalələr toplusu  dəniz və quruda  yerləşən yataqlarda nanatexnoloji  proseslərlə hasilatın artırılması, yaşıl texnologiyalardan istifadə etməklə ekologiyanın tarazlığına yönəlmiş innovativ texnologiyalar silsiləsindən  olan nanotexnologiyadır. Topluda atom və  molekulyar səviyyədə manipulyasiya yaradan “kiçik təsir və həyacan effekti” nəzəriyyəsi əsasında nanostrukturlaşmış qəfəslərin tədqiqi verilmişdir.

Onu da qeyd edək  ki,   müəllifin “Neft sənayesində nanotexnologiyalar”   məqalələr toplusunda təqdim  olunan elmi işləri YUNESKO-nun  elm və nanatexnologiyalar ensiklopediyasına daxil edilmişdir. Praktiki olaraq bu nanosistemlər “Qum adası”, “Bibiheybət”, “Balaxanı” “Bəyimdağ-Təkçay”, “Günəşli” kimi yataqlarda tətbiq edilib, onlarla quyu mürəkkəbləşmələrsiz layihə dərinliyinə çatdırılıb. Bundan başqa, ARDNŞ-ın bir qrup alimi qazma prosesi zamanı quyu dibi zonasında qum tıxaclarının aradan qaldırılması məqsədi ilə yeni nanotexnologiya yaradıb. Nəticədə qum hissəciklərinin fəzada (çıxarılan mayenin tərkibində) dayanıqlığı artıb, həm praktik, həm də elmi cəhətdən böyük nəticələr əldə olunub…

Eldar müəllim ən böyük müəllimlərindən olan akademik Azad Mirzəcanzadə ruhunu öz varlığı ilə, bütün dünyası ilə yaşadan alimlərimizdəndir. Fundamental tədqiqatların həm elmi rəhbəri, həm baş icraçısı, həm də təbliğatçısı olan  professor Eldar  Şahbazov  ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Rusiya, Çin və digər ölkələrdə Azərbaycan neft sənayesinin nailiyyətlərinə dair elmi məruzələrlə çıxışları  və  səmərəli elmi araşdırmaları  ilə  ölkəmizin iqtisadi tərəqqisinə, inkişafına  böyük  töhfələr verib. Alimin fikrincə,  ölkəmizdə nanotexnologiyaların sabahı  daha  uğurlu olacaq. “Bizim təbii sərvətimiz, ehtiyatlarımız çoxdur. Ancaq tədricən bu ehtiyatların hamısından gələcək nəslə də qalmalıdır. Bu isə yalnız nanotexnologiyanın verdiyi imkanlar nəticəsində mümkündür.”

 Nurəddin Muğanlı

Share: