Azərbaycan badmintonçuları Tacikistanda keçirilən beynəlxalq turnirdə bir gümüş və iki bürünc medal qazanıblar.
Badminton Federasiyasından verilən məlumata görə, Era Maftuha-Həcər Nuriyeva tandemi qadınların qoşa yarışında ikinci yeri tutub.
İlk görüşdə Qazaxıstanı təmsil edən rəqibləri meydançaya çıxmadığından birbaşa yarımfinala vəsiqə qazanan cütlük bu mərhələdə Özbəkistandan olan həmkarlarına qalib gələrək finala yüksəlib. Onlar qızıl medal uğrunda qarşılaşmada Rutaparna Panda-Svetaparna Panda duetinə iki setin yekununda məğlub olaraq, gümüş medalla kifayətləniblər.
Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra isə Tacikistanın Düşəndə şəhərində keçirilən “International” seriyalı beynəlxalq turnirdə 3-cü olublar.
Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan Dviçayo yarımfinala gedən yolda Qazaxıstan, Şri-Lanka və Hindistandan olan rəqiblərinə qalib gələrək ən güclü “4-lüy”ə yüksəlib. O, finalın bir addımlığında Vyetnam badmintonçusu Le Duc Phata 0:2 hesabı ilə uduzub.
Eyni nəticəyə Keişa Fatimə Zəhra da imza atıb. Qadın badmintonçuların şəxsi yarışında Kipr və Misir badmintonçularını mübarizədən kənarlaşdıran Keişa finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Anupama Upadhya ilə bacarmayıb – 0:2.