2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal, 90,2 ton mum, 11,2 ton vərəmum, 8,1 ton güləm və 281,7 kq arı südü əldə olunub.
Müstəqil.Az Oxu.Az -a istinadən Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, balın bir kiloqramının orta satış qiyməti 23,7 manat, mumun orta satış qiyməti 11,5 manat, vərəmumun orta satış qiyməti 116,7 manat, güləmin orta satış qiyməti 56,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat təşkil edib.
2017-ci ildə 54,8 min ABŞ dolları dəyərində 6,5 ton bal beş ölkəyə ixrac edilib. Onun da 93,8 faizi Yaponiyanın payına düşür.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı doqquz ildə arı ailələrinin sayı 1,9 dəfə, arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,8-dək, bal istehsalı isə 2,2 dəfə artıb.
Müşahidə zamanı arıçılıq təsərrüfatları bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, qablaşdırılmış və satışa çıxarılmış arıçılıq məhsullarının keyfiyyətinin yoxlanılması kimi təkliflər irəli sürüb.