Azərbaycan  Beynəlxalq Dəniz Təşkilatının sessiyasında…

Azərbaycan  Beynəlxalq Dəniz Təşkilatının sessiyasında…

  Azərbaycan  Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin 79-cu sessiyasında təmsil olunub.

 

Müstəqil.Az  “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Dövlət Dəniz və Liman Agentliyindən əldə etdiyi məlumata istinad edərk   xəbər verir ki,Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin Londonda keçirilən 79-cu sessiyasında ölkəmizi təmsil edib.

Tədbirdə Agentliyin Dəniz üzgüçülüyü əməliyyatları departamentinin Dövlət bayraq və liman nəzarəti şöbəsinin müdiri Əli Əliyev və Hüquq və beynəlxalq əlaqələr departarmentinin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İsmayıl Aslanov iştirak edib.

Sessiya çərçivəsində  Azərbaycan Respublikasının qoşulduğu “Dənizin  gəmilərdən  çirkləndirilməsinin  qarşısının  alınması haqqında” Beynəlxalq Konvensiyanın (MARPOL) əhatə etdiyi yük halında daşınan neft, kimyəvi maddələr, gəmilərdən çirkab, tullantı, istixana effekti yaradan qaz (GHG) emissiyalarının azaldılması, həmçinin gəmilərdən çirkləndirilmənin qarşısının alınması və ona nəzarət kimi dəniz ətraf mühiti ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Bununla yanaşı, sessiyada ballast sularında zərərli su orqanizmləri, hava çirkləndirilməsinin qarşısının alınması, gəmilərin enerji səmərəliliyi, plastik materiallarla çirkləndirmə ilə mübarizə, digər alt-komitələrin hesabatları dinlənilib. Panel iclaslarda  dəniz ətraf mühitinin qorunması üzrə texniki əməkdaşlıq fəaliyyətləri və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Beynəlxalq tədbirdə Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsi tərəfindən Aralıq dənizinin Kükürd Emissiyalarına Nəzarət Zonasına (SECA) daxil edilməsi və Enerji Səmərəliliyi Dizaynı Indeksi (EEDI) üzrə yeni hesablama qaydalarının təsdiq edilməsinə dair müvafiq qətnamələr qəbul edilib.

Həmçinin sessiya zamanı 2023-cü il üçün sözügedən komitənin yeni sədrinin və sədr müavinin seçilməsi məqsədilə səsvermə də  keçirilib.

Müstəqil.Az

 

 

 

Share: