Azərbaycan jurnalistikasının “QIZILGÜLÜ”…

Azərbaycan jurnalistikasının “QIZILGÜLÜ”…

Qadınlar güllər kimidirlər. Hər birinin öz gözəlliyi, öz təravəti olur. Nahaq yerə el arasında kimisə tərifləyəndə “gül kimidir” ifadəsini söyləmirlər ki… Bəli, güllərin hamısı gözəldir, amma aralarında ən gözəli QIZILGÜL sayılır…

Qəribə xanımdır, həyatından nə razılıq, nə də narazılıq etmir. Acılı, şirinli yaşadığı bütün məqamları özünə doğma bilir. Taleyə, alın yazısına inansa da, ömür yolunu, həyat tərzini hər kəsin özü seçdiyini dilə gətirir. Kamal Abdulla, Anar, Vaqif Səmədoğlu, Rüstəm Behrudi, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, Salam Sarvan, Pərviz Cəbrayıl, Qulu Ağsəs, Xanəmir kimi yazıçı və şairləri mütaliə etməkdən zövq alır. Gənclərin də yaradıcılığına biganə deyil, Aqşin Yeniseyin, Şərif Ağayarın, Varisin, Seymur Baycanın yaradıcılığına önəm verir. “Azərbaycanda iki zümrə yazar var: ya istedadının, ya da mütaliəsinin gücünə yazanlar. İkisi bir arada olanlar barmaqla sayılacaq qədərdir.”- söyləyir…
Deyir ki,- “Bütün uğurlu qadınların arxasında Allah dayanır. Uğur insanın çabası, fəaliyyəti ilə bağlı olsa da, burada şansın da çox böyük önəmi var. Allahın bizə verdiyi şanslar bəzən həyatımızı çox dəyişdirir. “Hər uğurlu kişinin arxasında bir qadın dayanır” sözünü mən də çox bəyənirəm. Dediyim kimi, hər uğurlu qadının arxasında da Allah dayanır. Yolumuzu müəyyənləşdirməkdə, çətinlikləri aşmaqda bizə doğurdan da gözə görünməz qüvvə kömək edir. Mən öz işimi çox sevirəm. İşləməsəydim bəlkə də çox yaxşı evdar qadın ola bilərdim. Amma təəssüf ki, özümdən asılı olmayan səbəblərdən buna kifayət qədər vaxt ayıra bilmirəm. Həftə sonları imkan düşdükcə çalışıram ki, yeməyi, səhər süfrəsini özüm hazırlayım. Uşaqları özüm yedirdim, onları gəzməyə çıxardım. Lakin bu, hər zaman alınmır…”
Haqqında söhbət açdığım xanım bir vaxtlar milli məclisdə təmsil olunan sabiq deputat, jurnalist, yazıçı, “Gündəlik Teleqraf” MMC-nin direktoru, publika. az, teleqraf. com və axar. az saytlarının rəhbəri Aynur Camalqızıdır. O, 1975-ci ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsində ali təhsilə yiyələnib. 1996–2000-ci illərdə “Azərbaycan Ordusu”, “Xalq qəzeti”, “Şans”, “Ulus”, “Millətin səsi”, “Yeni Yüzil” qəzetlərinin müxbiri olub. 2001–2005-ci illərdə isə “Yeni Müsavat” qəzetində çalışıb. 2005-2010-cu illərdə parlamentdə Tərtər rayon 95 saylı dairənin seçicilərini təmsil edib. 2010-cu ildən bir neçə saytın rəhbəridir. Xidmətlərinə görə “Azərbaycan Respublikanın əməkdar jurnalisti” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunub…
İşgüzar, qorxmaz, cəsarətli adamdır. Qarşısına qoyduğu məqsədə doğru inamla və inadla irəliləməyi bacarır. Onu nə dedi-qodu, nə məkirli niyətlər yolundan saxlaya bilməz. İdarəetməni, təşkilatçılığı gözəl bildiyindən çoxdandır ki, rəhbərlik etdiyi kollektivin sevimlisinə çevrilib. Evinə-ocağına bağlı xanımdır. Ailədə həm ana və həm də həyat yoldaşı kimi, çox mehriban və səmimidir. Fevralın 7-si onun növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
“Bütün yaşları sevirəm. Nə yaxşı ki, yaş üstünə yaş gəldikcə insan dəyişir. Bu təbiətin işidir və ömrünün sonuna kimi heç kim gənc qala bilməz. Hər yaşın öz gözəlliyi olur. Düşünürəm ki, qadınlar yaşlaşdıqca, daha da gözəlləşirlər. Mən hər bir qadına yaşlanmağı arzulayıram. Düzdür, öz şəxsi həyatımda doğmalarımı erkən yaşlarında itirmişəm. Bunun nə demək olduğunu bəlkə də mənim qədər heç kim anlaya bilməz. Amma yaşlanmaq, qocalmaq Allahın lütfüdür. Arzu edirəm ki, Allah bütün yaxşı, dəyərli insanlara 80, 100 il yaşamağı qismət etsin.”- söyləyir.
…Bəli, qadınlar güllərə bənzəyirlər, hər birinin öz gözəlliyi, təravəti olur. Bu güllərin arasında, nə qədər tikanlı olsa da, ən gözəli QIZILGÜL sayılır…
Elman Eldaroğlu
Bir 1 nəfər şəkili ola bilər
Share: