Azərbaycan komandasının qapıçısından ŞOK HƏRƏKƏT: Çempionluğu 10 milyarda satdı

Təbrizin şanlı “Traxtur” komandasının qapıçısı Möhsün Fruzan oyun satmaqda ittiham olunur.

Publika.az xəbər verir ki, qapıçının aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda “Sepid rud”a böyük hesabla məğlub olan komandasına xəyanət etdiyi bildirilir.

İranın “Mehr” xəbər agentliyi M.Fruzanın adına birbaşa işarə etməsə də, etdiyi xəyanətin ifşa olunduğu barədə məlumat yayıb. Agentliyin informasiyasında “Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq bir futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini üzə çıxarıb. Mərcləşmə nəticəsində milyardlarla tümən məbləğində pul qazanılıb” sözləri qeyd olunub.

Bildirilib ki, görüşlərin nəticəsi üzərində mərcləşmə yeni hadisə deyil, lakin Əxlaq Komitəsinin məşhur bir futbolçunun mərcə girdiyini aşkar etməsi bu məsələ ilə bağlı yeni təfərrüat üzə çıxarıb.

“Əxlaq Komitəsi bundan əvvəl də həmin futbolçunun bu kimi hərəkətlərini anlayıb, ipucu ələ keçirib. Lakin futbolçuya qarşı heç bir tədbir görməməsi 18-ci super liqa yarışlarında bir komandanın taleyini dəyişdi. Bundan sonra Əxlaq Komitəsindən öncə klub məsulları futbolçuya qarşı tədbir görməyə məcbur oldular”- məlumatda bildirilib.

 

Futbolçunun bundan əvvəl bir neçə oyunda gizlicə mərcə girdiyini, bu yolla külli miqdarda pul əldə etdiyini yazan xəbər agentliyi səlahiyyətli orqanları bu barədə ciddi tədbir almağa çağırıb. Bildirilib ki, məşhur futbolçu özü birbaşa mərcləşmədə iştirak etmir. O, bu işi qumarbaz qardaşının vasitəsi ilə həyata keçirir. Artıq bu məsələ Əxlaq Komitəsi tərəfindən aydınlaşdırılıb.

Məlumatda əlavə olunub ki, bu oyunçu 18-ci super liqa yarışlarının ən həssas görüşlərindən birində təmsil etdiyi komandanın taleyini dəyişib. Onun yaxınlarından biri bildirib ki, oyunun nəticəsinin bu şəkildə dəyişməsi məşhur futbolçuya 10 milyard tümən məbləğində pul qazandırıb. Mərcləşmə saytlarının birində isə qeyd olunub ki, futbolçu nəzərdə tutulan komandanın qələbəsi ilə bağlı 8 milyard tümən əldə edib. Qalan məbləğ isə oyunun iddia edildiyi hesabla yekunlaşması ilə bağlı olub və ona çatdırılıb.

Məlumatın sonunda Əxlaq Komitəsinin bu oyunçuya qarşı ciddi tədbir görməsinin vacib olduğu vurğulanıb. Bildirilib ki, komitənin belə bir qərar verəcəyi gözlənilir. Hətta futbolçunun müəyyən rəftarları ilə bağlı açıqlama vermək üçün bəzi klubların məsulları komitəyə çağırılıb, araşdırmalar davam edir.

Qeyd edək ki, M.Fruzan “Traxtur”un qapıçısı kimi super liqa yarışlarının 25-ci həftəsində keçirilən görüşdə qəsdən zəif oynayıb, onun tərəddüd içində olduğunu bütün tamaşaçılar görüb. Qapıçının bu hərəkəti super liqa yarışlarının yekunlaşmasına bir neçə həftə qalmış baş verib. Bunun nəticəsində “Traxtur” böyük hesabla rəqibi “Sepid rud”a məğlub olub. Bu o deməkdir ki, “Traxtur” artıq super liqanın çempionu olmaqdan məhrum edilib. Oyun zamanı hakim Rza Məhdəvi də qərəzli mövqe sərgiləyib və bir çox yanlış qərarlar verib. Hadisəyə azarkeşlərlə ilə yanaşı, klub rəhbərliyi və bəzi yerli məsullar, o cümlədən, Təbrizin millət vəkili Əhməd Əlirzabeygi etirazını bildirib.

Qeyd edək ki, sözügedən oyun 3:1 hesabı ilə başa çatmışdı.

Share: