Azərbaycan Milli Ordusunun baş leytenantı Sahil İbrahimov… – Aynurə İnci yazır

Azərbaycan Milli Ordusunun baş leytenantı Sahil İbrahimov… – Aynurə İnci yazır
 
27 sentyabr 2020-ci il tarixində işğalçı tərəfin atəşkəsi pozması və əks hücum əməliyyatıyla vətən müharibəsi başladı. 44 günlük müharibədə vətənin igid oğulları candan keçərək torpaqlarımızı azad edib qanları və şərəfiylə Azərbaycan
tarixinin ən möhtəşəm səhifəsini yazdılar. Zəfərimizdə izi olanlardan, şücaət göstərənlərdəndir baş leytenant Sahil İbrahimov…
Vətənpərvərlik ana laylasıyla başlayır,böyüdükcə elə, obaya ,vətənə bağlılıq artır.Baş leytenant Sahil İbrahimov da vətənə bağlı vətənpərvərlərdəndir.
Uşaqlığını, gəncliyini Vətənə həsr edən , ömrünü hərbə bağlayan Sahil Qubalı oğlu İbrahimov 1993-cü il 15 iyulda Özbəkistan respublikasının Buxara şəhərində anadan olub. Orta təhsilini hal-hazırda yaşadığı Astara rayon S.Vurğun adına
Təngərud kənd orta məktəbində almışdır. Uşaqlıqdan hərbə böyük marağı olduğundan 2008-2011-ci illərdə C.Naxçıvanski adına hərbi litseydə təhsil almışdır. C.Naxçıvanski adına litseydə təhsilə başlayanların uşaqlığı olmur, onlar uşaqkən böyüyurlər. Canlarında, qanlarında olur vətənə xidmət, vətənpərvərlik. Litseyi bitirdikdən sonra təhsilini 2011-2015- ci illərdə Heydər Əliyev adına ali hərbi məktəbdə davam etdirir. 2015-ci ildən hərbi fəaliyyətə Tovuz bölgəsindən başlayır. 2016- cı ildə artilleriya ixtisasına yiyələnir.Hərbi sahədə böyük xidmətləri olur, əvvəl leytenant, sonra 2018-ci ildə baş leytenant rütbəsinə layiq görülür. 2020- ci ilin iyul döyüşlərinin iştirakçısı olub.
27 sentyabrda başlayan Vətən müharibəsində Murov- Kəlbəcər istiqamətində artilleriya-bateriya komandiri olaraq döyüşlərə qatılır.Əsgərləri ilə birlikdə 50-dən çox düşmən hədəfini məhv edir.Ağır döyüşlər zamanı ağır artilleriya atəşinə məruz qalırlar və bir əsgəri şəhid olur. Yaxınına düşən top mərmisinin təzyiqi onu
qaldırıb yerə çırpır. Kontuziya almasına baxmayaraq əsgərlərini qoyub hospitala getməkdən imtina edir. Döyüşlər bitənədək igid əsgərləriylə, şəhid qardaşlarının qisasını almaq amalı ilə çiyin- çiyinə döyüşür.Baş leytenant Sahil İbrahimov hər zaman əsgərləri üçün komandir yox, böyük qardaş oldu.
Sahil İbrahimov 44 günlük müharibədə qazanılan zəfərdə izi olan igidlərdəndir. Vətənpərvər, vətənin igid oğlu vətən
sevgisini əməlində də göstərdi. Baş leytenant Sahil İbrahimov “ Kəlbəcərin azad olunmasına görə “ medalı ilə təltif olundu.İyul 2020- ci il Tovuz döyüşlərindən sonra idi. Şəhidimiz Rəşad Mahmudov haqqında yazmaq üçün şəhidin adına açılan səhifəyə müraciət etmişdim.O zaman ürək yanğısıyla şəhidimiz haqqında ətraflı məlumat vermişdi .”Bəlkə bir gün olar mənim də haqqımda şəhid kimi yazarsınız “, – deyib müsahibəsini yekunlaşdırmışdı şəhidin zabit yoldaşı, yaxın dostu Sahil İbrahimov…Qismət oldu, mən səndən yazdım, amma şəhid kimi yox, qalib ölkənin məğrur
əsgəri kimi, eyni zamanda şəhid silahdaşlarının və bütün şəhidlərimizin qisasını alan qalib, vətənpərvər igid kimi yazdım…Sənin kimi vətən oğullarıyla, qisasını aldığın şəhidlərlə biz hər zaman fəxr edirik!
 
 
AYNURƏ İNCİ
Müstəqil.Az
Share: