Azərbaycan neytral zona YARATMALIDIR

Azərbaycan neytral zona YARATMALIDIR

Ermənistan hələ də sərhədlərin delimitasiya, demarkasiyası məsələsində razılaşmaya getmir. Sərhədyanı bölgələrdə təxribatlar törədir, orda yaşayan insanlar üçün təhlükəli gərginlik yaradır. Belə situasiyada adətən təhlükəsizlik üçün çıxış yollarından biri kimi neytral zonasının yaradılmasıdır. Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində ərazisinə qarşı istənilən hərbi təcavüzün qarşısını almaq və təhlükəsizliyi üçün neytral zonanın yaratması haqqı var. Sərhəddə neytral zona yaradılması hansı yolla reallaşa bilər?

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Əli Mustafa bildirib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bir sıra addımlar ata bilər.

“Sadəcə bunun üçün konkret fəaliyyət olmalıdır. Sərhədlərin təhlükəsizliyi, dövlətlərin suveren bərabərliyi beynəlxalq hüququn prinsipləridir. Azərbaycan- Ermənistan münaqişəsində demək olar ki, bunların hər biri, xüsusilə də, ərazi bütövlüyümüz pozulur. Ölkəmizdə Azərbaycan dövlətinin razılığı olmadan yerləşdirilən separatçı rejim var.

Bunlar da vətəndaşlar və dövlət üçün təhlükə yaradır.

Sərhədlərin toxunulmazlığı prinsipinin pozulduğunu da görürük. Qarabağa tez-tez erməni diversantlar, mina daşıyanlar keçir”,- o deyib.

Politoloq hesab edir ki, sərhədin təhlükəsizliyi baxımından Laçın sərhəd-buraxılış  postunun qoyulması vəziyyəti bir qədər dəyişib. Onun sözlərinə görə, bu səbəbdən dünya gücləri etiraz edir.

“Onlar ermənilərin rahat keçməsi üçün sərhədlərin açıq tutulmasını istəyirlər. Lakin maraqlısı budur ki, ermənilərin Azərbaycan dövlətinə tabe olub-olmaması, separatçılıq dünyanı narahat etmir. Bu isə o deməkdir ki, həmin dövlətlər öz siyasi maraqları yönündən çıxış edirlər. Əslində Azərbaycan da buna əhəmiyyət verməməlidir. Bizim pozulan prinsiplərimiz üçün müraciət etmək hüququmuz var. Ermənistan təcili şəkildə təcavüzkar kimi qiymətləndirilməli və silahlı qruplaşmaları ərazilərimnizdən çıxarılmalıdır.

Burada iki məsələ var: birincisi ermənilər  separatçılıq fonunda Azərbaycana qarşı təcavüzkar addımlar atır, ikincisi, Qarabağdakı erməni əhalisi ölkəmizə tabe olmayaraq dövlət suverenlyimizi pozur.

Bunların hər ikisi də beynəlxalq hüquqa ziddir. Ya beynəlxaq təşkilatlar qarşısında məsələ qoyulmalı, ya da Azərbaycan tərəfindən tədbirlər görüləcək”.

Ə.Mustafa qeyd edib ki, sərhədlərin təhlükəsizliyi baxımdan təhlükə görüldükdə, Azərbaycan Türkiyəni və Pakistanı dəvət edə bilər:

“Bununla müşahidə missiyası təmin edilə bilər. Bu da bölgə əhalisinin təhlükəsizliyi baxımdan əhəmyyətlidir. Ermənistan tərəfdə Avropa missiyası var. Və sərhədlərimizə qarşı təhlükə görəriksə, Azərbaycan tərəfindən adekvat addımlar atıla bilər”.

Polkovnik Şair Ramaldanov da məsələyə münasibət bildirib. O, son vaxtlar Ermənistanın sərhədyanı ərazilərdə törətdiyi təxribatlardan danışıb.

Polkovnikin sözlərinə görə,  təxribatların intensivləşməsinin səbəbi Ermənistanın dalana dirənməsi ilə bağlıdır.

“Ermənistan hər zaman sülh danışıqları prosesində bölgədə gərginliyi artırır, sülhdən boyun qaçırır və təxribatlara əl atır. Nəticədə sülh danışıqlarının təsiri azalır. Ermənistan rəhbərliyi bir addım qabağa, iki addım dala prinsipi ilə sülhə gedən yolun önünü kəsir. Son vaxtlar Ermənistan “Tır şousu” “hümanitar böhran” la  Azərbaycana təzyiq mexanizmləri yarada bilmədi. Bu səbəbdən də Azərbaycanın coğrafiyasının genişlənməsinə qarşı təxribatlara əl atırlar”,- o vurğulayıb.

Ayşən Rəhim 

Share: