Tovuz döyüşlərindən sonra Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də həmin ölkələrdəki azərbaycanlılar tərəfindən keçirilən aksiyalar zamanı radikal erməni qüvvələri tərəfindən soydaşlarımıza qarşı son dərəcə aqressiv təxribatçı əməllərin, fiziki zorakılıq hallarının artması hamımızı narahat etməlidir.
Dövlət sərhədimizdə törətdiyi təxribata görə Azərbaycan Ordusundan layiq cavabını alan Ermənistanın davakar və pozucu siyasətinin dünya miqyasında ifşa olunması nəinki rəsmi İrəvanı, eləcə də xaricdəki erməni diasporlarını da möhkəm qəzəbləndirib. İndi bütün ermənilər iflasa uğradıqlarını dərk edirlər və bu da onları gün-gündən daha da aqressivləşməyə sövq edir. Ona görə də ermənilər Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika və başqa ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı təxribatlara, barbar hərəkətlərə, vandalizmə əl atırlar. Bu isə həm diplomatik korpuslarımız üçün, həm də xaricdə yaşayan soydaşlarımız üçün ciddi təhlükəyə çevrilməkdədir.
Doğrudur, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) artıq ermənilərin xarici ölkələrdə bizim diplomatik nümayəndələrimizə və vətəndaşlarımıza qarşı törətdikləri təxribatlarla bağlı bəyanat yayıb. Mən o bəyanatı oxudum və bəyanatda yazılan fikirlərlə tam razıyam. Həmçinin, ABŞ-ın Bakıdakı səfiri də Los Anceles şəhərində soydaşlarımıza qarşı baş verən vəhşiliklərlə bağlı XİN-ə çağırılıb və ABŞ polisinin ermənilərin hücumu zamanı Baş Konsulluğumuzu və soydaşlarımızı qoruya bilməməsi ilə bağlı səfirə iradlar bildirilib. ABŞ səfiri ermənilərin bu hərəkətlərini qaragüruh əməli kimi qiymətləndirib və məsələnin araşdırılacağını, təxribatçıların cəzalandırılacağını bildirib. Lakin səfirin zəmanəti erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlılara qarşı bundan sonra yol verə biləcəkləri barbar davranışların qarşısını almağa qadir deyil.
Bunu nəzərə alaraq rəsmi Bakının dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırması, radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb etməsi tamamilə düzgün addımdır. Şübhəsiz ki, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Bunun əyani təsdiqi kimi soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimatlar da verilib.
Lakin bu aralar istər əlaqədar dövlət qurumlarımız (xüsusən də XİN və Diaspor Komitəsi), istərsə xaricdəki soydaşlarımız həmişəkindən daha artıq ayıq-sayıq olmalıdırlar. Çünki istisna deyil ki, ermənilər yenə gərginliyi artırmağa çalışacaqlar. Ola bilsin ki, hətta erməni terror təşkilatları da bu prosesə qoşulacaqlar. Odur ki, maksimum diqqətli olmaq lazımdır. Həmçinin, dost ölkələri də öncədən xəbərdar etməliyik. Həmin ölkələrdə baş verə biləcək teraktları önləmək üçün indidən hərəkətə keçməlidirlər. Səfirliklərimizin mühafizəsi gücləndirilməlidir. Eləcə də digər zəruri tədbirlər görülməlidir.
Döyüş meydanında Ordumuza uduzan ermənilərin diasporların mübarizəsində bizə qalib gəlməklərinə əsla yol verməməliyik. Odur ki, xarici siyasət və diaspora fəaliyyətini gücləndirmək yönündə maksimum çevik və səmərəli addımlar atmalıyıq. Allah bu çətin dönəmdə xalqımıza və dövlətimizə qüvvət və bol səbir versin.
Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri