Prezident İlham Əliyev: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür”
Bildiyimiz kimi su insanın həyatında mühüm rol oynayan dəyərli bir amildir. İnsanın yaşaması üçün mütləq su lazımdır. Çünki insan orqanizminin təxminən 70%-ni su təşkil edir. Bundan əlavə kənd təsərrüfatının inkişafı bilavasitə su ilə bağlıdır. Bir sözlə, susuz həyat mümkün deyil. Qədim dövrlərdən bu vaxta qədər insanlar su olan yerlərdə məskunlaşıb, daim su əldə etmək haqqında düşünüblər. Azərbaycan dövləti paytaxtda və regionlarda əhalinin su təminatı, kənd təsərrüfatında suvarma üçün su ehtiyatlarının artırılmasını diqqətdə saxlayır. Prezident İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında icra ediləcək yeni layihənin 230 min hektar əkin sahəsini əhatə edəcəyinin vurğulayıb: “Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək”. Onu da bildirdirək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.
Mütəxəssislər hazırda Azərbaycanın da su ehtiyatlarının çox məhdud olduğunu deyirlər. Ona görə də Xəzər dənizinin suyunun şirinləşdirilməsi alternativ su mənbəyi yaradacağı ümidlərini artırır. Hesablamalara görə, Cənubi Qafqazdakı su ehtiyatlarının 70 faizi Gürcüstanda, 20 faizi Ermənistanda, cəmi 10 faizi Azərbaycandadır. Məhz buna görə də respublikada Prezident səviyyəsində bu məsələ diqqət mərkəzindədir. Prezident İlham Əliyev bunu nəzərə alaraq Xəzər dənizinin suyunun şirinləşdirilməsini prioritet hesab edir: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür. Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik”. Qeyd edək ki, dəniz suyundan içməli su kimi istifadə olunması ilk dəfə Yaponiyada, sonra isə İsraildə və digər ölkələrdə həyata kerçrilib. Ekoloqlara görə, Azərbaycanda Xəzər sahillərindəki bəzi yaşayış məntəqələrində suyun məhdud olan yerlərində layihənin həyata keçirilməsi məqsədəuyğun bilinib.
Məlum olduğu kimi, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqlarımızda təkcə insan genosidi deyil, həm də ekoloji genosid (ekosid) törətmişlər. Partlayan bomba, raket və top mərmiləri, zəhərli sursatlar təbii landşaftlarla yanaşı, aqrolandşaftları da məhv etmişdir. Ərazinin ekoloji tarazlığı pozulmuş, genişmiqyaslı hərbi eroziya yaranmışdır. Respublikanın işğala məruz qalmış rayonlarında düşmən yeraltı sərvətlərimizi qarət etmiş və bu gün də bu sərvətləri erməni quldurları dağıdırlar. Cəbhə bölgəsinin mədəni aqrolandşaftlarında, o cümlədən buğda zəmilərində, üzüm bağlarında hər addımda səngərlər, xəndəklər, yarğanlar, bomba və mərmilərin yaratdığı çalalar yaranmışdır. Radioaktiv mərmilər, zəhərli partlayıcılar torpaqları zəhərləmiş və toksikoloji vəziyyəti xeyli gərginləşdirmişdir. Respublikanın müharibəyə məruz qalan ərazilərində yaşıllıqlar dağılmış, vəhşi heyvanların bir qismi qırılmış, bir qismi ərazini tərk etmiş zooloji genosid (zoosid) yaranmışdır. İşğal müddətində ərazilərdə ekosistemlər dağılmışdır. Ərazi sursat qalıqları ilə çirklənmiş, basdırılan minalar daimi təhlükə mənbəyinə çevrilmişdir. Ermənilər həmin ərazilərdə böyük əhəmiyyətə malik olan təbiət və tarixi abidələrin əksəriyyətini məhv etmişlər.
Ermənilərin hərbi təçəvüzü nəticəsində işğal etdikləri ərazilərimizdə kənd təsərrufatı ücün əhəmiyyət kəsb edən su anbarları, su depoları, caylar, göllər və bulaqlar da onların nəzarəti altına kecib. Bununla yanaşı rayonlara, qəsəbələrə, kəndlərə cəkilmiş uzunluğu 5587 km olan icməli su xəttləri düşmənin əlinə keçərək dağıdılmışdır. Respublika əhəmiyyətli 1976-ci ildə tikilən Sərsəng su anbarı, 1964-cü ildə tikilən Xacıncay su anbarı, 1965-ci ildə tikilən Qanlı Göl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan cox su deposu 44 günlük Vətən müharibsinə kimi ermənilərin nəzarəti altında idi. Prezident İlham Əliyev çıxışında bu haqda da danışaraq vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etdiyini bildirb. “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq”, – deyə dövlətimizin başçısı əlavə edib.
Artıq Azərbaycan işğaldan azad olunan ərazilərimizin də su təminatı işini həyata keçirir. Yuxarıda qeyd etdiyimiz su anbarlarının bir çoxunun yenidən bərpa edildikdən sonra açılşı olmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi bu istiqamətə işlər aparılır. Yaxın gələcəkdə həmin ərazilərdəki qalan su anbarlarının istifadəyə verilməsi ölkəmizdə əhalinin şirin su ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent