Regional layihələrin iştirakçısı, həmçinin, təşəbbüskarı kimi çıxış edən Azərbaycanın bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar maraqları nəzərə alınır. Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir. Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Paytaxt Bakımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda kecirilən XI Qlobal Bakı Forumu dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərə marağın ildən-ilə artmasi da məhz bunun məntiqi nəticəsidir. Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edirdi və onların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başcıları idi. Məhz bu tərkibdə olan insanların bir araya gələrək parçalanmış dünyada olan bütün maneələrə qarşı birgə mübarizə aparmaqda əhəmiyyətlidir.
Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələrin aparılması, yeni dünya nizamına təhdid yaradan amillərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınaraq, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu. Qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə də nəzər salındı. Qeyd edək ki, Azərbaycanda keçiriləcək COP29 da qlobal miqyaslı, qeyri-adi əhəmiyyətə malik BMT tədbiridir.
XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu Forumun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrildiyini və Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib olduğunu bildirib. Dövlətimizin başçısı sonuncu görüşdən sonra regionumuzda baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın suverenliyinin tam bərpası olduğunu bildirib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük” – deyə diqqətə çatdırıb.
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaratmış oldu. Torpaqlarımızın 30 ilə yaxın işğal altında olmasna baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində hec bir nəticə əldə olunmayib. “Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub” – deyə Prezident bildirib. 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu ötən il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Bu gün Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan zəfər çaldıqdan və münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”, – deyən Prezident qeyd edib ki, Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir.
Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib. Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişinin daha bir təzahürüdək meydana cıxır. “Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır” – deyən dövlətimizin başçısı, həmçinin qeyd edib ki, bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik.
Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşamış oldu. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı.
Əlbəttə ki, Forum, əslində, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün unikal məkandır. Belə tədbirlər xalqlar arasında körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviqində əhəmiyyətlidir.
Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir.
Həmid Mehdiyev, Binəqədi rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü