“Azərbaycan Sənaye Bankı” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
“-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 21.4% azalaraq 835 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 1 milyon 63 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 12.7% artaraq 8 milyon 612 min manat, faiz xərcləri isə 24.6% artaraq 4 milyon 647 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3.4 milyon manata ( illik müqayisədə 52% çox ), qeyri-faiz xərcləri isə 6.2 milyon manata ( illik müqayisədə 21.8% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 1 milyon 110 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 9.4% çoxdur.
Cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1.4% və ya 10.2 milyon manat azalaraq 739 milyon 34 min manata enib. Cari ilin ilk 3 ayında “Azərbaycan Sənaye Bankı”nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 5.2 milyon manat azalaraq 251 milyon 301 min manata bərabər olub.
Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 623 milyon 830 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.7% və ya 11 milyon manat azdır. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 2.2% və ya 9.8 milyon manat azalaraq 448 milyon 809 min manata enib. Fiziki şəxslərin depozitləri 305 milyon 542 min manat ( 1.5% azalıb) , hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 143 milyon 266 min manat (3.5% azalıb) təşkil edib.
2023-cü il aprel ayının 1-nə “Azərbaycan Sənaye Bankı” nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 0.8% və ya 883 min manat artaraq 115 milyon 203 min manat təşkil edib.