Azərbaycan şərtləri sərtləşdirir – ŞƏRH

Azərbaycan şərtləri sərtləşdirir – ŞƏRH

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından sonra Prezident İlham Əliyevin son müsahibəsində dedikləri göstərir ki, İrəvan verdiyi sözlərə əməl etməsə, növbəti addımlara hazır olmalıdır

Prezident İlham Əliyevin avqustun 12-də Azərbaycan Televiziyasına verdiyi müsahibə Ermənistanla münasibətlərin gündəliyin perspektiv əsaslarını özündə birləşdirən tezislərlə zəngin idi.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Prezident yeni nələri açıqladı?

Dövlət başçısının açıqlamaları “Ermənistan Bakının şərtləri ilə sülhə razı olmasa, hərb variantı aktualdır” ismarışı idi və bu dəfə İlham Əliyev danışıqlar masasındakı bəzi detalları açıqladı.

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi “Qisas” antiterror əməliyyatından sonra Prezidentin dedikləri göstərir ki, İrəvan növbəti addımlara hazır olmalıdır.

Onsuz da Rusiya və Avropa İttifaqının təşəbbüsləri ilə gerçəkləşdirilən görüşlərdə Ermənistan bir sıra güzəştlərə məcbur edilib, amma rəsmi Bakı danışıqların mahiyyətinə zərbə vurmamaq üçün detalları gün işığına çıxarmırdı.

Görünür ki, “Qisas”dan sonra həmin konfidensiallıq öz aktuallığını itirdi və Azərbaycan Ermənistan üzərində qazandığı üstünlüyü daha detallı bir mərhələyə keçirdi.

İlham Əliyev postmünaqişə dövründəki danışıqlarla bağlı üç mühüm xətti önə çıxardı:

1. Qarabağdakı ermənilər Azərbaycanın “çıxın” tələblərinə cavab olaraq rəsmi Bakıya müraciət edərək yardım diləyiblər. Bu, 10 noyabrdan sonrakı sistemli işin nəticəsidir, Ermənistanın Qarabağ ermənilərinə təsir imkanlarını itirməsi fonunda diqqət cəlb edir. Qarabağdakı ermənilər özlərinin nicat yolunu Azərbaycan dövlətinin bayrağı altına keçməkdə tapırlar. Bu istiqamət Qarabağdakı “nüfuzlu” ermənilərin də Azərbaycanın tələbləri qarşısında “baş üstə” demələrinin bariz nümunəsidir.

2. Ermənistan hökuməti müharibədən sonrakı reallıqlarda “Qarabağa status” hayqırsa da, danışıqlarda bunu dilə gətirmək cürətini nümayiş etdirməyib. Yəni danışıqlarda artıq status mövzusu masaya qoyulmur.

3. Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçəcək hissəsinin marşrut və qrafikini Azərbaycana təqdim edəcək.

Yalnız İran üçün Ermənistan qırmızı xətdir

İlham Əliyevin bəyanatları zülmətə bürünən Ermənistana regiondakı cari durumun və perspektiv cığırların nə vəd etdiyini göstərir. 

Region demişkən, bu zaman ikitərəfli münasibətlər kontekstinin sərhədləri aşılır və araya başqa oyunçuların başları girir, çünki Azərbaycan-Ermənistan mübahisələri daim hansısa qüvvələrin marağında olub.

Ona görədir ki, indi cənubdan əsən küləklər Ermənistanı özünün qırmızı xətti elan edir, amma, deyəsən, unudur ki, İrəvan indi cazibə mərkəzi deyil.

Cənub qonşumuz İrandan hər dəfə hədələyici mesajlar gəldikcə isə, Azərbaycan böyük strateji təmkinlə özünü həm sərhəddə, həm diplomatik cəbhədə, həm beynəlxalq arenada, həm də siyasi səhnədə daha da möhkəmləndirir.

“Qərb küləkləri” mülayimdir

Regional proseslər beynəlxalq oyunçuları maksimum fayda götürmək planına kökləyir və onların hazırkı duruşu prinsip etibarı ilə Azərbaycana qarşı cəbhə rolunu oynamır.

Ancaq Qərbin də maraq dairəsi var və təsir dairəsini saxlamaq üçün onun da əlində erməni kartı daim qalmaqdadır. Hərçənd ki, Bakı artıq o kartların çoxunu Qərbin əlindən alaraq havaya tullayıb və özünün iqtisadi-siyasi, hərbi potensialı ilə Qərbi öz tərəfinə çəkib.

Qərbdə ən çox Fransa nala-mıxa vurmaqla qatı ermənipərəst mövqedə dayanırdı ki, onun da bu alovu sönməyə başlayıb. Paris Bakı-Ankara ikilisinin yaratdığı habı qəbul etmək məcburiyyəti ilə barışır.

Bakı və Moskva Ermənistanın sıxışdırılması prosesini başladıb 

Rusiyaya gəlincə, imperiya keçmişinə söykənən və bundan aşırı fəxarət hiss keçirən şimal qonşumuzun Azərbaycana münasibəti sərt tövrə söykənmir.

Bu gün Bakı-Moskva əlaqələri yüksələn şkala ilə inkişaf edir və bu istiqamət Türkiyənin maraqları ilə tutuşdurulur.

Postmünaqişə dövründə Rusiyanın addımlarında bəzi sürüşmələr olsa da, bu, ümumilikdə Azərbaycanın strateji maraqlarına zərbə mahiyyəti daşımayıb.

Azərbaycanla Rusiya Ermənistanın regional sıxışdırılması prosesini başladıb və Bakının atdığı addımlar Moskva üçün qırmızı xətlərin aşılması təsəvvürlərini yaratmır.

Hazırda Azərbaycanın təkidi ilə Rusiya birləşən maraqları nəzərə alıb üçtərəfli bəyanatların icrasında üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışır.

Gələcək tabloda isə İrəvanın taleyi sual altına düşür, çünki Azərbaycan-Türkiyə-Rusiya üçlüyü faktiki olaraq Ermənistanı öz nüfuz dairəsinin içində əridir və bu proses davam edəcək.

Lobbi təxribatı ola bilər

Göründüyü kimi, bəzi ziddiyyətlər olsa da, beynəlxalq aləm Azərbaycan tərəfindədir və Bakının təqdim etdiyi və yaratdığı reallıqları qəbul edir.

Ancaq Azərbaycan xarici ölkələrdə diaspor fəaliyyətini gücləndirmək çağırışını gözardı etməməlidir. Çünki erməni lobbisi öz maliyyə gücü hesabına Azərbaycan üçün müvəqqəti başağrısı yarada biləcək addımlar ata bilər.

Share: