Azərbaycan şairlərinin başına gələn kuryoz əhvalatlar- MARAQLI

Moderator.az şairlərin başına gələn bir neçə hadisəni təqdim edir:
Bir gün Süleyman Rüstəm şairlərdən bir qrupunu öz bağına qonaq çağırır. Səməd Vurğun bir qədər gecikir. Bağın darvazasına çatanda görür ki, uşaqlar tut ağacına çıxıb tut yeyirlər. Maraqlanıb soruşur: “Ay uşaqlar, bu günkü şairlərdən kimi tanıyırsınız?”.
 Uşaqlar bir-bir tanıdıqları şairlərin adını çəkirlər. Ancaq heç kim Səməd Vurğunun adını çəkmir. Şair öz adının çəkilmədiyini görüb bir qədər pəjmürdə hal olur. Soruşur: “Bəs Səməd Vurğunu tanımırsınızmı?” Uşaqlardan biri qayıdıb deyir: “Əmi, o alayı şairdir, bunların tayı deyil”.
                      ***
Bir gün Səməd Vurğun rayonların birinə tədbirə gedir. Kənd onu çox gözəl qarşılayır. Qucaqlayan kim, dil-ağız edən kim. Birdən şair görür ki, qəşəng bir qız bayaqdan ona baxır. Şair onun yanına gəlir və xoş təbəssümlə:
– Qızım sənin nə gözəl gözlərin var! – deyir. Nəsə hiss edir ki, hamı bir anlıq tutulur. Kənardan anası gəlib qızı aparır. Qızın kor olduğunu bilən şair çox pis olur. Səhəri Bakıya qayıdır və o hadisəni uzun müddət unuda bilmir.
Bir gün evdə olarkən qapı döyülür və bir xanım əlində çiçək şairə tərəf gəlir. Səməd Vurğun bir anlıq sevincindən nə edəcəyini bilmir. Həmin qızı tanımışdı. Onun gözlərini əməliyyat nəticəsində sağaltmışdılar. Şair deyir:
– Qızım yadındadır, sənə o vaxt “gözəl gözlərin var” deyirdim. Bax indi görürsən şair heç vaxt yalan danışmır.
                          ***
Hüseyn Ariflə Bəxtiyar Vahabzadənin yola getmədiyini, bir-birlərinə hətta nifrətə bənzər münasibətlərini hamı bilirdi. Bir gün məhərrəmlik vaxtı “Hüseyn! Hüseyn!” sədaları şairi yuxudan oyadır. Nə baş verdiyini anlamayıb arvadından səs-küyün səbəbini soruşur. Yoldaşı “Heç, camaatdır da, “Hüseyn, Hüseyn” deyib qışqırırlar” deyə cavab verir. Şair gülümsəyərək:
– Görürsən, heç “Bəxtiyar, Bəxtiyar” qışqıran yoxdur.
                                              ***
Bir gün şair Qabil təzə aldığı “Volqa”yla bağ evinə gəlir. Bir az yeyib-içəndən sonra kefi kökəlir, dəmlənir, maşını yumaq qərarına gəlir. Şairin bağ qonşusu da eyni rəngdə “Volqa” alıb qapıda saxlayıbmış.
“Əhvalı yaxşı olan” Qabil işə başlayır. Həvəslə maşını yuyur. Birdən bayaqdan onu seyr edən qonşu zarafatyana deyir “Şair, xahiş edirəm maşını yaxşı yu”.
Qabil çəpəki baxaraq:
– Ə, get işinə-gücünə, – deyir.
Qonşu gülərək içəri keçir. Qabil axır ki, maşını yuyub qurtarır. Oturub dincini alan zaman görür ki, həmin qonşu gəlib onun yuduğu “Volqa”ya oturub gedir. Sən demə, şair bayaqdan ona “Yaxşı yu!” deyən qonşunun maşınını yuyurmuş.

Share: