“Bizim problemimiz ədəbi əlaqələrdə, tərcümə işindədir”
Şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın Serbiyada iki ədəbiyyat festivalında ölkəmizi təmsil edib.
Müstəqil.Az Rupor.az xəbər portalının Xəyal Rzadan götürdüyü müsahibəni təqdim edir:
– Serbiyada festivalda iştirak etmisiz. Ətraflı məlumat ala bilərik?
– Serbiyaya ilk dəfə idi səfər ediridm. Ona görə festivallarda iştirak etmək üçün təklif gələndə düşünmədən razılaşdım. İki festival keçirildi. Bunlardan biri İnciya Beynəlxalq Poeziya Festivalı (İNDJIJA Pro Poet, 2021), digəri isə Serbiya Beynəlxalq Sənət və Ədəbiyyat Festivalı (LİTERA ARS PANEVECO, 2021) adlandırdı. Festivallar çərçivəsində iştirakçıların şeirlərindən ibarət almanax kitab da çap edilib. Ümumilikdə hər şey çox gözəl idi. Yaşıllıqlar içindəki Serbiya da, Dunay da, insanları da, festivallar da, poeziya da.
– Bu tədbirdə Azərbaycanı niyə məhz Xəyal Rza təmsil etdi?
– Məndən öncə Serbiyada keçirilən fesivallarda Azərbaycanı başqa qələm dostlarımız təmsil ediblər. Bu dəfə təklif mənə gəldi. Növbəti dəfə də başqaları bu gözəl ölkənin qonağı ola bilərlər.
– Daha hansı ölkələrdən həmkarlarınız qatılmışdı bu festivallara?
– Belqrad, İnciya, Novi Sad və Paneveka şəhərlərində müxtəlif ölkələrdən 40-dan artıq yazarın iştirakı ilə keçirilən festivalların qonaqları Çexiya, Böyük Britaniya, Rumıniya, İtaliya, İspaniya, İsrail, Rusiya Macarıstan, Portuqaliya və digər ölkələrdən gəlmişdilər. Onlar öz ölkələrinin tanınmış imzalarıdır.
– Hansı şeirinizi oxudunuz? Mümkünsə oxucularmız üçün də səsləndirərdiz?
– Serbiyaya özümlə ingilis dilində çap edilmiş kitablarımdan aparmışdım. Şeirləri ingilis dilinə dəyərli yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib. Müxtəlif məkanlarda və ayrı-ayrı şəhərlərdə tədbirlər təşkil olunurdu, buna görə hər dəfə bir başqa şeirimi oxuyurdum. Mən şeirləri öz doğma dilimizdə səsləndirirdim. Hər qonaq əsərini öz dilində söyləyirdi. Serbiyadan olan qələm dostumuz isə oxuduğum şeirlərin əvvəlcə ingilis versiyasını oxuyub, sonra onun məzmununu serb dilində izah edirdi. “Sarı çiçəkli matəm bayrağı”, “Qırmızı”, “Qara gözələ elegiya”, “Evsiz qapı” və s. şeirlərimi səsləndirdim. Sizin baş redaktor, mənim əziz dostum Ceyhun bəy adını çəkdiyim şeirləri bilir, hətta bir neçə dəfə səsləndirib də. Mümkünsə, deyin redaktədə əlavə etsin, mən də vaxtınızı almış olmayım.
– Şeir dinləmək həmişə xoşdur, amma bu xahişinizi müəllimə çatdıraram.
Redaksiyadan haşiyə:
– Salam, yaşıl qapı
Salam, ağ qapı
Köhnə dəmirlərdən
Cağbacağ qapı
Hələ qırmızısı
Sarısı da var
Yarını gözləyən yarısı da var
Sökülmüş uçulmuş köhnə evlərdə
Xəstə, əldən düşmüş qarısı da var…
Salam, evli qapı
Salam, dul qapı
Salam, ağa qapı
Salam, qul qapı
Atılsan kimsənin vecinə olmaz..
Satılsan yox yerdən dolar pulqabı
Salam həyət qapı
Salam yol qapı
Salam, qabaq qapı
Salam, dal qapı
Nəzərdən, fitnədən
Uzaq ol deyə
Boynundan sallanan
Qara nal qapı
Salam, otuz doqquz
Salam, qırx qapı
Salam, söyülməkdən
Üzü tökülmüş
Hər gün min təpiyə
Qonaq edilən
Səbirli, təmkinli,
Ay qırıq qapı
Salam, yaxşı qapı
Salam, pis qapı
Salam, paslı qapı
Salam, his qapı
Salam, qızıl qapı,
Salam, mis qapı
Salam, qara qapı
Avara qapı
Salam, köçkün qapı…
Tər-təmiz qapı.
Salam, evsiz qapı
Ən əziz qapı
– Onda belə bir sual: Xaricdə Azərbaycan şeirini dinləyənlərin hansı təəssüratları olur?
– Azərbaycan şeiri heç bir ölkənin şeirindən zəif deyil. Azərbaycan poeziyasının çoxəsrlik zəngin tarixi var. Bizim problemimiz ədəbi əlaqələrdə, tərcümə işindədir. Düzdür, bununla bağlı ayr-ayrı qurumlar səmərəli işlər görürlər, amma daha çox iş görülməlidir. Həm də indi hər bir qələm adamı özü öz ədəbi əlaqələrini qurmalıdır. Dövrümüzə sürət, texnologiya, media əsri deyiriksə, onun sakini kimi davranmalıyıq, ən azı fəaliyyətimizdə. Yaxşı ədəbi əlaqələr qurulsa, şeirlər yüksək səviyyədə tərcümə olunsa, düzgün, sistematik təbliğ edilsə, uğurlu nəticələrin olacağına əminəm. Söhbət məhz bu festivallarda səslənən şeirlərdən gedirsə, yəni şəxsimdən gedirsə, yaxşı təkliflər aldım. İnşallah növbəti il səsi çıxacaq.
– Çoxdandır, ruhları silkələyən şeirlər yazılmır, ya da lap az yazılır…
– Yaxşı şeir, qeyd etdiyiniz kimi, “lap az yazılar”!
– Bu qədər müddətdə, Əli Kərim, Eldar Baxış, Səməd Mənsur, Rəsul Rza, Müşfiq yetişə bilmədi. Onların yaşadığı dövrün münbitliyi nədəydi ki?
– Xatırlayırsınız Cabir Novruzun “sağlığında qiymət verin insanlara…” şeirini xatırlayırsınız? Yaxud Ramiz Rövşənin “gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək xoşlayan adam” misralarını?.. Bəlkə yüz ildən sonra indiki şairlərin arasından həmin mərtəbəyə ucalanlar olacaq. Ancaq bunu nə siz biləcəksiniz, nə də mən.
Ləman Ceyhunqızı