İyunun 15-də böyük türk dövlətinin prezidenti Rəcəb Tahir Ərdoğan və onun xanımı Əminə Ərdoğanın ölkəmizə səfəri oldu. Azad Şuşamızda “Şuşa bəyyənnaməsi” ilə yadda qalan bu səfərin dəyərini incələmək şərhçilərin işidir. Mən isə R.T. Ərdoğanın illərdi müşahidə etdiyim mənəvi dünyasından söz aşmaq istədim.
Onun insanlığa, onu tərənnüm edən şeirə, sənətə, Vətənə, Bayrağa münasibətindən illərdi necə təsirləndiyimizi bir şəkildə ifadə etmək keçdi ürəyimdən. Buna səbəb böyük türk dövləti rəhbərinin Milli Məclisdəki çıxışının sonunu şeirlə bitirməsi oldu. Belə ki, o, bütün türk dünyasının unudulmaz şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” adlı məşhur şeirindən nümunələr söyləməklə yenə könülləri fəth elədi:
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə!
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə!
Söz sənəti, əsl ədəbiyyat elə bir möcüzədir ki, bəzən bir kitablıq sözü bircə bayatıya, beş misraya sığışdırar. Yəqin buna görə R.T.Ərdoğan həmişə şeirə bu qədər önəm verir. Onun çıxışlarının əksəriyyətində ən azı bir şeir parçası səslənər və bəlkə o dörd misra bütün dediklərinin tərcümanına çevrilər.
Arazı ayırdılar
Lil ilə doyurdular
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar!
Deyə, bundan əvvəl möhtəşəm Zəfər paradımızda da bu bayatını söyləməklə az qala bütün dünya türkləri arasında bir birlik, məhəbbət odunu alovlandırdı… Bax onda mən də belə bir şeir yazmışdım:
O türkün sözünü ucadan deyər
Kimsədən çəkinməz, Allahdan qorxar.
Nə yalan danışar, nə böhtan deyər
Millətin önünə üzüağ çıxar.
Üzündə təbəssüm, dilində dua
Bəzən şeir deyər, türkü söyləyər.
Şeiri, türküsü düşər dillərə
Mənim də könlümü çərpələng eylər.
Əməli gül açır min bir könüldə
Yetimə, köçkünə o “can”- söylədi.
Uca yaradana sevgi budur, bu –
Ayasofiyanı Məscid eylədi!
Düşmənin gözünə ox olub batır
Qardaşı İlhamla qoşa duruşu.
Səsi dalğalanır haqq bayrağıtək
Bu gün Zəfər günüm, Zəfər yürüşü.
Bayrağımız qoşa, ordumuz qoşa.
Başqanımız qoşa, yurdumuz qoşa,
Həmişə söyləyir: – “Can, Azərbaycan!”
Mənim qan qardaşım – Türküm, min yaşa!
Yaşa Azərbaycan – Türkiyəm, yaşa!