Azərbaycan üçün döyünən ürəyi İlhamiyyəni əsla yormadı və yormayacağına əminəm… – Afaq Aras

Azərbaycan üçün döyünən ürəyi İlhamiyyəni əsla yormadı və yormayacağına əminəm… – Afaq Aras
Müharibənin ilk günləri idi. Qürbətdə olmağım, əlimin çatmaması məni elə incidirdi ki! Əslində heç bir şey edəmməzdim, amma ən azından xalqımın ən sınaqlı anlarında onun yanında dayanmaq, ağrısını onunla bərabər yaşamaq istəmişdim. Dünyanın bizi necə təklədiyini görür, hirsdən, əsəbdən qərar tuta bilmirdim. Davamız haqlı dava idi, di gəl , Avropa öz avropalılığında qalıb din “qardaşları”nın törətdiyi haqsızlıqlara elə möhkəm göz yumurdu ki! Sosial mediada aşırı fəal olan erməni lobbisinin-daha çox xaricdə yaşayan ermənilərin fəallığına şahid olduqca acizliyimə gömülürdüm.
Bir axşam telefonumda “Qarabağ Azərbaycandır” qrupuna daxil edildiyimi gördüm. İlhamiyyə təbii ki, biganə qala bilməzdi, dost-tanış, dünyanın bir ucundan o biri ucuna əli çata bilən kim varsa hamını bu qrupa topladı.
Və başlandı nə başlandı! Tək-tük sosial mediada fəaliyyətimizi bir araya gətirib əsl “ordu” yaratdı. Özü yatmırdı və saat fərqinə baxmadan hər kəsin paylaşdığı xəbərləri bir yerə toplayıb mediada əsl jurnalist bacarağı ilə hücuma keçirdi. Həm televiziyada, həm sosial mediada var-gücü ilə çalışan ikinci belə bir jurnalist fəaliyyəti görmədim. Sağlığına bədəl olsa da, Azərbaycan üçün döyünən ürəyi İlhamiyyəni əsla yormadı və yormayacağına əminəm. Gözlər yorulsa da, immunitet yorulsa da, dağda-daşda gecəsi-gündüzü olmayan əsgər oğullarımızın igidliyi İlhamiyyənin ruhuna ruh qatdı, canına can verdi daha da!.. Əslində İlhamiyyəylə tanışlığımız çox illər öncəsinə dayanır. Geri aldığımız torpaqların qələbə sevincini mənə tək-tək uzaqdan da olsa xalqımla birgə yaşatdırdığı üçün İlhamiyyənin həyatımda yeri başqa bir anlam, məna kəsb edəcək bundan sonra.
Müharibə bitdi, qrup aktivliyi səngidi, amma xəbərini aldığı hər qazinin hansısa problemi olsa, gücünü və imkanını aşan yardım istəyiylə tərəddüd etmədən köməyə qaçır, harada haqqı layiqincə verilməyən şəhid ailəsi olsa tapır, yaxın dostlarla və məhdud imkanıyla yarasını sarmağa çalışır.
Əzizim İlhamiyyə, bu gün sənin günündür. Yeni yaşına girirsən, bir yaş böyümək-daha çox təcrübə, daha çox səbr, daha çox müdriklik deməkdir.
Yaxşı ki, həyatımda varsan, Qazax qoxulu, torpaq, məmləkət qoxulu çiçəyim mənim! Layiq olduğun məqamlardan səsin gəlsin həmişə! Neçə belə illərə! Həmidlə və səni sevənlərlə birlikdə!
Sevgilərimlə: Afaq
(Almaniya)
Müstəqil.Az
Share: