Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Azərbaycanın COP29 Zirvə Toplantısına ev sahibliyi etməsi və ölkəmizdə “Yaşıl Dünya naminə Həmrəylik İli”nin qeyd edilməsi ilə əlaqədar olaraq Azərbaycan Universiteti Humanitar fənlər fakültəsinin Siyasi və ictimai elmlər kafedrası və Biznes və İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “COP29 simulyasiya” layihəsinin həyata keçirilməsinə qərar verilib. Layihə çərçivəsində dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi və qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılması nəzərdə tutulur. Müxtəlif ali təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçiriləcək simulyasiya layihəsi 3 ay davam edəcək. Layihə çərçivəsində mart ayından etibarən ekologiya, iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsinin mütəxəssisləri, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və media təmsilçiləri ilə görüşlər keçiriləcək.
Lahiyənin siyasi əhəmiyyətindən danışan Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski bildirib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransına ev sahibliyi etməsi ilk növbədə hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək strategiyasını nümayiş etdirir. Ümumiyyətlə, COP29-un Azərbaycanda keçirilməsi birmənalı olaraq dövlətimizin siyasətinin qələbəsidir. Çünki Azərbaycan son illərdə xarici siyasət sahəsində aparılan məqsədyönlü və balanslı iş sayəsində olduqca əhəmiyyətli uğurlara nail ola bilib. Dostluq və əməkdaşlığı gücləndirməyə yönəlmiş hər zaman aydın, şəffaf və obyektiv siyasət yürüdən Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində fəal iştirak edir. Bu cür mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətini şərtləndirən E.Talışinski qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, eləcə də siyasi stabilliyin kifayət qədər olması ilə bağlı BMT-nin özü tərəfindən etirafıdır.
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva da konfransın ölkə üçün təkcə ekoloji deyil, həm də siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib. İqlim dəyişikliyinin həlli iqtisadi sistemlərdə və təcrübələrdə dəyişikliyi nəzərdə tutur və bu dəyişiklik, bərpa olunan enerji mənbələrinə keçiddən və enerji səmərəliliyinin iqtisadiyyatın sahələrində təmin olunmasından ibarətdir. Xüsusilə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlməyə və aşağı karbonlu iqtisadiyyata keçidə kömək etmək üçün onlara maliyyə dəstəyi verməsi maliyyə öhdəliklərinin səviyyəsini və resursların necə bölüşdürüldüyünü müəyyənləşdirməyi zəruri edir. Nəticə etibarı ilə yeni bazarlar formalaşır və yeni bazarlar, emissiyaların azaldılması və davamlı təcrübələrə investisiya qoyuluşu üçün iqtisadi stimullar yaradır. Həmçinin, texnologiyanın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə transferi, daha davamlı və dayanıqlı iqtisadiyyatın “yaşıl sektorlarında” yeni iş imkanlarının təməlini qoyur. Ümumi mənzərədən aydın olur ki, iqtisadiyyat COP müzakirələrinin əsas aspektidir, çünki iqlim dəyişikliyinin həlli daha dayanıqlı qlobal iqtisadiyyata keçid üçün iqtisadi sistemlərdə, maliyyə öhdəliklərində və beynəlxalq əməkdaşlıqda əhəmiyyətli dəyişikliklərin gerçəkləşməsini tələb edir.