Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” (South Caucasus In The Context Of Modern Global Challenges) beynəlxalq konfransı keçirilib. Konfransın məqsədi Cənubi Qafqazdakı ictimai, siyasi, hərbi, ekoloji, logistika ilə bağlı baxışların regional və beynəlxalq prizmadan araşdırılması, bu istiqamətlərdə aparılan tədqiqatların nəticələrinin təqdim edilməsi üçün platforma olmaqdır.
Hibrid formada təşkil olunan konfransın açılış mərasimi Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun salamlama nitqi ilə başlayıb. Prorektor qeyd edib ki, dünyada və onun tərkib hissəsi kimi Qafqazda gedən proseslər, davam edən və bitmiş münaqişələr, yeni geopolitik situasiyalar bölgəni dünya güclərinin maraq dairələrinin kəsişmə nöqtəsinə çevirib. Konfrans bu baxımdan böyük əhəmiyyət kəsb edir. Yusif Qasımov çıxışında konfransın plenar məruzəsi haqqında məlumat verib, tədbirin yerli və beynəlxalq bütün iştirakçılarına təşəkkür edib.
Açılış mərasimində daha sonra Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru, professor Nadim Macit, Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Vasil Gonaşvili və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinskinin çıxışları dinlənilib.
Professor Nadim Macit Azərbaycan və Türkiyə arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi və dünyaya nümunə olduğu bir dövrdə Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduğunu dilə gətirib. Keyfiyyətcə yeni müstəviyə keçən münasibətlərin Cənubi Qafqaz regionunun sabitlik, dialoq, əməkdaşlıq və sülh məkanına çevrilməsində, həmçinin digər Türk dövlətləri arasındakı əlaqələrə də sirayət edərək Türk dünyasının sıx birləşməsində böyük rol oynayacağını vurğulayıb.
Professor Vasil Gonaşvili çıxışında Gürcüstan-Azərbaycan əlaqələrinin tarixi köklərə söykəndiyini qeyd edib, hər iki ölkənin münasibətlərin müsbət məcrada inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinski iştirakçılara konfransın gündəliyi və qəbul edilən tezislər haqqında məlumat verib, tədbirin işinə uğurlar arzulayıb.
Beynəlxalq konfransın plenar iclasında Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Joni Kvitsiani məruzə ilə çıxış edib. Məruzə “Qara dəniz – Xəzər regionunda müasir təhlükələrə qarşı mübarizədə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq” mövzusuna həsr olunub.
Açılış mərasimi və plenar iclasın ardından konfransın işi “Cənubi Qafqazın tarixi və siyasi reallıqlar” (moderator siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski), “Cənubi Qafqaz: iqtisadiyyat və inteqrasiya prosesləri” (moderator Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva) və ” Cənubi Qafqazda böyük güclərin maraqları” (moderator siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov) adlanan üç bölmə iclasında davam edib. Bölmə iclaslarında konfransa 5 ölkədən qəbul edilən 100-dən artıq tezis ənənəvi və onlayn formada təqdim edilib. İclaslarda Cənubi Qafqazda yeni siyasi reallıqlar, Böyük güclərin Cənubi Qafqaz siyasəti və perspektivlər, Cənubi Qafqazda iqtisadi inteqrasiya imkanları, münaqişələrin ekosistemə vurduğu təsir və həlli yolları, Cənubi Qafqaz beynəlxalq dəhlizlərin tərkib hissəsi və bu kimi mövzularda tezislər dinlənilib, müzakirələr aparılıb.