Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Report”un məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına əsaslanan Azərbaycan-Türkiyə dövlətləri arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri bu gün bütün istiqamətlərdə uğurla inkişaf edir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət, böyük geosiyasi və iqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib və yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan bu münasibətlər daim güclənir.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə və bu ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi antiterror tədbirləri zamanı Türkiyə hakimiyyəti və xalqı Azərbaycan ilə həmrəyliyini bütün dünyaya nümayiş etdirib, eləcə də erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə dövlətimizin və xalqımızın haqq işini müdafiə edib. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının tarixi Qələbəsidir.
Vurğulanıb ki, ölkəmizin Konstitusiyasının hüquqi qüvvəsi artıq işğaldan azad olunmuş əzəli torpaqlarımızda daim qüvvədə olacaq.
Diqqətə çatdırılıb ki, iki ölkə arasında, bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq keyfiyyətcə yeni mərhələdə davam edir və birgə fəaliyyət nəticəsində mövcud əlaqələr daha da gücləndirilir.
Görüşdə Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən sonra Konstitusiya Məhkəməsinin yaranması və fəaliyyəti haqqında məlumat verib.
Daha sonra çıxış edən Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin Türkiyədə böyük sevinclə qarşılandığını, Türkiyə rəhbərliyinin və xalqının Azərbaycanı siyasi və mənəvi cəhətdən dəstəklədiyini, Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və gələcəkdə də Azərbaycanı, hər zaman olduğu kimi, dəstəkləyəcəyini qeyd edib.
Həmçinin bildirilib ki, bu il Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələdən zərər çəkənlərə humanitar yardım aksiyaları və yüzminlərlə azərbaycanlının bu ümumxalq aksiyasına dəstəyi qardaş türk xalqı tərəfindən yüksək qiymətləndirilir. Xalqımızın birlik nümayiş etdirərək böyük faciə ilə üzləşən türk xalqına dəstəyi iki xalq arasında sarsılmaz qardaşlıq, dostluq münasibətlərinin əbədiliyini növbəti dəfə sübut etdi.
Vurğulanıb ki, məhkəmələr arasında əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verir və bu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.
Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca nümayəndə heyətinin adından səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını bildirib.
Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkilib.