Azərbaycan və Türkiyə prezidentləri Hava Limanının açılışda iştirak edib

Azərbaycan və Türkiyə prezidentləri Hava Limanının açılışda iştirak edib

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.

Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib.

Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəliblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Prezident İlham Əliyevə, Prezident Rəcəb Tayyib Ərdoğana və digər şəxslərə xatirə hədiyyələri təqdim olunub.

Sonra hava limanının açılışını bildirən rəmzi lent kəsilib.

***

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.

 

Share: