Azərbaycan və Türkiyə rəsmiləri nəqliyyat, İKT sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Türkiyə rəsmiləri nəqliyyat, İKT sahəsində əməkdaşlığı müzakirə ediblər

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri, o cümlədən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı alınan rüsum və vergilərin optimallaşdırılması müzakirə olunub.

R.Rüstəmov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Orta Dəhliz”in mühüm hissəsi olduğunu qeyd edərək, bu dəmir yolu xətti vasitəsilə yük daşımalarının həcminin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin cari ilin 27 mayında imzalanmış “Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində Texnoloji İnkişaf Zonasının yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun iki ölkə arasında texnoloji inkişaf sahəsində əməkdaşlığa təkan verəcəyi qeyd olunub.

Share: