Azərbaycana ayaq açan oyunbazlıq…

Azərbaycana ayaq açan oyunbazlıq…

“Elm”, “molla”, “alim”, “müəllim” sözləri eyni köklüdür. Ancaq etiraf edək ki, bizim mollamız “hoca” ola bilmədi. Sovet stadionlarında mirzə cəlillərin zərbəsi ilə mollamız tora elə qovuşdu ki, bu gün də həmin torda çabalayır. Mollamız çoxdan ölüb, ona görə də yeri qəbiristanlıqdır, “elm öyrədən” bir sənət sahibi ona-buna məzar yeri göstərməklə gününü axşam eləyir. Dini yox, xurafatı sənət edib pulunu ordan çıxarır.

İlbər Ortaylı və Cəlal Şəngörün alim simasını tanıyırıq, bu yazıda isə onların molla fəaliyyəti – elmin xurafatını təsbeh kimi çevirməklərindən danışacağıq.

Bəli, onlar elmi təsbeh kimi oynadırlar və təsbehin otuz üç daşını zikr edərək yox, Brüs Linin “nimçaqa” oynatdığı kimi.

Bu alimləri bir-birinə dost edən səbəb də, elə budur; elmin populist təqdimatı ilə pul qazanmaq.

İslamdan yox, dinin xurafat simasından əbasını yelləyə-yelləyə danışan mollalarla Cəlal Şəngörün oxşar tərəflərindən biri də sitat gətirmə tərzində gizlənir. İnanmırsınızsa, heyranlığınızı unudub çıxışlarını bircə dəfə skeptik gözlə seyr edin.

Fanatikliyə, xurafata olan nifrətləri bu insanları elmin fanatiki edib, onlar hər gün bir az da mübarizə apardıqları xurafatçılara oxşayır. Necə ki, mollalar çıxışınının ayələrə, hədislərə birbaşa bağlı olduğunu göstərmək üçün ayəni ehtiyac oldu-olmadı əvvəl ərəbcə deyir, sonra Azərbaycanca təkrarlayır, Cəlal Şəngör də çıxışlarında bu fənddən istifadə edir, antik alimlərin fikirlərini əvvəlcə latınca deyir, sonra türkcə mənasını açıqlayır.

İndi deyəcəksiniz ki, axı onun danışdıqları din yox, elmdir!

Bəli, elmdir, ancaq öz iddialarının, məşhurluqlarının möhkəmlənməsinə hesablanan, yersiz populizmə xidmət edən  konteksdən çıxarılmış elmi fraqmentlər…

Cəlal Şəngör geoloqdur və qonaq olduğu əksər proqramlara ayıb olmasın deyə öz peşəsi haqqında danışaraq start verir, ardınca isə keçid alır ürəyini rahat boşalda biləcək – Niyazi Mehdinin təbirincə desək – “intellektual fırıldaqçılıq” üçün geniş imkanları olan humanitar sahəyə.

Onlar qarşılarına çıxan tarixi bilgiləri, bu günlə bağlı gəldikləri qənaətlərin qarşılığını, rezonans doğurduğu nöqtələri tapmadıqca yazmır, bölüşmürlər. Düzdür, bu, bir az da günümüzün tələbidir, ancaq iki qoca alimin fəaliyyətinin böyük hissəsinin antonimləri bayram yumurtası kimi toqquşdurmaq olduğunu görmək nə qədər asandırsa, bu oyunbazlığın intensiv şəkildə Azərbaycana ayaq açdığını seyr etmək o qədər çətindir.

Bu iki alimin çıxışlarına əvəllər xeyli qulaq asmış biri kimi deyə bilərəm ki, onların bölüşdükləri bilginin əksəri xeyirsizdir, onlar ictimai fəaliyyətini tarixi qalmaqallar və radikal frazalar üzərində qurularlar. Belə avantürsit çıxışların Xudu Məmmədovun, Azad Mirzəcanzadənin vətənində alqışlanması isə, məsələni qəlizləşdirir.

Bir professorun, bütün çıxışlarında filosofluğa iddia püskürən bir alimin iştirak etdiyi proqram hansı səbəbdən bu başlığa rəvac verir:

Cəlal Şəngör: “Öz nəcisimi yedim, acı idi”.

Azərbaycanda bu tip açıqlamaları iki dəfə intihara saxta cəhd edib mətbuatın diqqətini çəkə bilməyəndən sonra dostunun bloquna müsahibə verən gənc aktyorlar verir.

Yaxud, türk dilində yazaraq Nobel mükafatı alan yeganə türk yazıçı Orxan Pamuku analiz edən digər alim niyə bu qədər kəskin fraza üzərində durmalıdır:

İlber Ortaylı: “Orxan Pamuk türkcə bilmir”.

Azərbaycanda belə kəskin iddiaları Kəramət Böyükçöl kimi gənclər edir.

Düzdür, hər kəs analiz, tənqid oluna bilər, hətta Pamukun dilinə pinti demək də olar. Ancaq bir alim dünya şöhrətli türk yazıçıya “türk dilini bilmir” deyirsə, bu təkcə professor elitarlığına, xarizmasına yaraşmayan ifadə deyil, bu cığal söz müəllifin diqqət azarından xəbər verir. Həmin diqqət azarı bir almanın digər yarısı olan Cəlal Şəngörə də öz nəcisini yedirdir və bunu hamıyla bölüşməyə məcbur edir.

Təkzibolunmaz reallıq budur ki, onlar daha çox öyrətmirlər, pul qazanırlar artırırlar.

Cəlal Şəngör və İlbər Ortaylının Azərbaycana növbəti gəlişi 2023-cü ilin ilk yarısı Azərbaycanda türkiyəli müğənnilərin başlatdığı türk şou layihələrinin davamından başqa bir şey deyil.

Yəqin ki, bu mətnin də tənqid dozası bir az artıq oldu, hətta o qədər artıq oldu ki, əksər nöqtələrdə haqsız göründü, ancaq inanın ki, bu tərz həmin alimlərin, öz təbirlərincə desək, “eleştiri”lərinə çox yaraşır.

Təbii, İber Ortaylı və Cəlal Şəngörün ictimai nüfuzundan istifadə edib Türkiyə kimi ölkədə lazım olanda islamı, lazım gələndə hakimiyyəti tənqid edə bilməsi, böyük cəsarət göstəricisidir. Onların xalqa ən böyük xidməti də elə bu cəsarətləri fonunda özlərini daim ziyalı kimi hiss etdirməkləridir.

Auditoriyanın İlbər Ortaylı və Cəlal Şəngörə olan sevgisi isə elmə deyil, məşhur şəxsə olan sevdadır. Azərbaycan auditoriyasının bu qocalara olan rəğbətinin içində türk tamaşaçısından almağa adət etdiyimiz ikinci əl məhsulların qoxusu da var; moda, şou-biznes, müğənnilər, seriallar kimi. Ancaq bu adətə davam edəndə unutmalı deyilik ki, yumor  incəsənət janrıdır, elm zarafat sevmir. Sofet disiplini ilə sahmana salınmış Azərbaycan elm plastına avantürist xaosun sirayəti xoş mənzərə deyil.

Sərdar Amin,

xüsusi olaraq “Qafqazinfo” üçün


Share: