Azərbaycanda arxiv sənədlərindən çıxarışların verilməsinə görə rüsum ödəniləcək

Azərbaycanda arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunub.

“Trend”in məlumatına görə, bununla əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunur.

Qanuna təklif olunan 33-3-cü maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətləri 3 iş günü müddətində verildikdə 20 manat, 7 iş günü müddətində verildikdə 10 manat, fiziki şəxslərə isə 3 iş günü müddətində verildikdə 10 manat, 7 iş günü müddətində verildikdə 5 manat dövlət rüsumu tutulacaq.

33-4-cü maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmur.

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb.

Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Təsdiq ediləcəyi təqdirdə 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Müstəqil.Az

Share: