Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 103,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6%, qeyri-ərzaq məhsulları üzrə 103,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101,3% təşkil edib.
Müstəqil.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2% təşkil edib. Yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4%-ə bərabər olub.
“Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox qiymət artımı artım unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, – açıqlamada deyilir.
2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,5% təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının bahalaşmasının müşahidə olunması ilə bağlı olub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100% təşkil edib.