Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.
Rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.
Təsərrüfat sahibi “Report”un yerli bürosuna bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib: “Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam. Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağac əkdiyim dekorativ ağacların içərisində təsadüfən yetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəni yetişdirməyə çalışdım. Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər”.
Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir (Report).