Bu il binaların istilik təchizatı ilə bağlı tariflərdə dəyişiklik edilməyəcək. “Azəristiliktəchizat” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. Cari ildə də bir kvadratmetr yaşayış sahəsi üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpik olacaq.
“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, məlumatına görə, bu barədə “Azəristiliktəchizat” ASC sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov keçirdiyi mətbuat konfransında deyib.
Qurum rəsmisi ölkə üzrə istiliyin verilməsi tarixinin dəyişdirilib-dəyişdirilməyəcəyi məsələsinə də münasibət bildirib.
Hər il istiliyin verildiyi mövsümdə çıxan problemlərin vaxtında aradan qaldırılması ilə bağlı məsələyə toxunulub.
Qeyri-əhali qrupunun məhdud sayda sayğaclaşdırılması həyata keçirilsə də, əhali qrupunun sayğaclaşdırılması hələ ki gündəmdə deyil. Bu il üçün yenilik isə ondan ibarətdir ki, paytaxtın Xətai rayonunda modernləşdirilən 16 qazanxana sayəsində rayon ərazisində 200-dən çox yaşayış binası normal istiliklə təmin olunacaq.
Ramil Məhərrəmov onu da əlavə edib ki, təmsil olunduğu qurumun “Azəriqaz”a olan borcu da bu ilin sonunadək ödənəcək. Artıq bu il üçün borcun 90%-i qaytarılıb.