Azərbaycanda kəndlərə dolu düşdü, körpü uçdu

Ötən gün İsmayıllı rayonunda güclü dolu və leysan yağışından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev Oxu.Az-a bildirib ki, ötən gecə İsmayıllı rayonun dağlıq ərazisində yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnədaxar və Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib.

Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.

Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb, nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Hazırda körpünün bərpası üçün əraziyə İsmayıllı rayon Yol İstismar İdarəsinin ağır texnikaları və işçi qüvvəsi cəlb edilib.

Təbii fəlakət zamanı kəndlərdə təsərrüfatın ayrı-ayrı sahələrinə dəyən ziyanın hesablanması üçün hazırda İsmayıllı rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini dinləyirlər.


Share: