Azərbaycanda kartof qıtlığı yarana bilər – ŞƏRH

“İran Azərbaycana kartof ixracını dayandırsa, bahalaşma olacaq”.
Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. O, İranın kartof-soğan ixracatını dayandırmasının Azərbaycana təsirini şərh edib.
Ekspert deyib ki, Azərbaycan İrandan 2017-ci ildə 160 min, 2016-ci ildə isə 183 min ton kartof  alıb: “Ümumiyyətlə, ölkəyə gələn kartofun əsas idxalçı ölkələrindən biri İrandır. 2016 ölkəyə gələn kartofun yarısından çoxu İranın payına düşür. Bu rəqəm təxminən 30-34 faizə qədərdir. Yəni Azərbaycana gələn idxal olunan kartofun 1/3 hissəsi İranın payına düşür. İran kartofları Rusiya kartofları ilə birlikdə bazarlarda xüsusi yer tutur. Bəzi illərdə İran, bəzi illərdə isə Rusiya ən çox kartof aldığımız ölkə olur. idxalçı ölkə olur”.
S.Əliyevin fikrincə, bu o deməkdir ki, İranın kartof satışını dayandırması Azərbaycan bazarlarında kartofun qiymətinə təsirsiz ötüşməyəcək: “Nəzərə alaq ki, söhbət  tək qiymət artımından getmir. Bu, bazarda müəyyən qıtlığa da səbəb ola bilər. Bu zaman vəziyyəti kompensasiya etmək üçün Rusiyadan kartof idxalı artırıla bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanın düşdüyü indiki stiuasiyada problem tək İran tərəfdən gəlmir. Problem həm də qonşu Türkiyədən gəlir: “Türkiyədəki iqtisadi vəziyyət də Azərbaycandakı kartof və soğanın qiymətinə mütləq təsir edəcək. Ola bilər, mövsümlə bağlı bu, qiymət artım əhəmiyyətli dərəcədə olmasın. Amma hər bir halda qiymətə təsir göstərəcək”.
S.Əliyev ümid edir ki, İranın bu qərarı uzun müdətli olmayacaq: “Ötən il Azərbaycan hökuməti yerli fermerləri dəstəkləmək üçün kartof idxalına rüsumu artırmışdı. Fikrimcə, qiymət artımını minimuma endirməyin bir yolu da bu rüsumları azaltmaq və ya müvəqqəti dondurmaq ola bilər. Digər çıxış yolu, əlbəttə, daxili istehsalı stimullaşdırmaq ola bilər”.
Share: