Azərbaycanda keçirilən ilk Milli Şəhərsalma Forumu yekunlaşıb

Azərbaycanda keçirilən ilk Milli Şəhərsalma Forumu yekunlaşıb

Oktyabrın 5-i və 6-sı tarixlərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdam və Bakı şəhərlərində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Foruma 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 400-dən çox iştirakçı qatılıb.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Forumda çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə törədilmiş urbisiddən, burada aparılan geniş bərpa-quruculuq işlərindən, insanların doğma topraqlarına geri qayıdışından danışaraq davamlı sülhün əldə edilməsi istiqamətində mühüm məsələlərə toxunub. 

Milli Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramı tərəfindən 2022-ci ilin oktyabr ayı üzrə elan edilmiş Şəhərsalma məsələlərinə dair tədbirlər planı çərçivəsində keçirilir. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış edərək Forumu dayanıqlı şəhərsalma sahəsində təcrübə mübadiləsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platforma olaraq dəyərləndirib. Rəhbərlik etdiyi təşkilatın sülh və əmin-amanlığın təmin edilməsi məqsədi ilə Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin aparılmasına, bu ərazilərə həyatın qaytarılmasına dəstək verməyə hazır olduqlarını bildirib. 

Sonra xüsusi sessiya ilə Forumun işinə start verilib, işğaldan azad edilmiş ərazilərdə görülən yenidənqurma işlərindən bəhs edən qısametrajlı sənədli film nümayiş olunub. Sessiyada məruzəçilər tərəfindən postmünaqişə dövründə dağıdılmış ərazilərin minalardan təmizlənməsi, yenidənqurması və reabilitasiyası, eləcə də bərpa işlərinin əhəmiyyəti qeyd edilib, şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərdən danışılıb. İştirakçılara Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ərazisində görülən geniş həcmli işlər, layihələndirmə sənədləri haqqında məlumatlar verilib. 

Azərbaycan Milli Şəhərsalma Forumunun növbəti, ikinci günü ADA Universitetində sessiyalarla davam etdirilib. Məruzəçilər tərəfindən ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı, mədəni və tarixi irsin postmünaqişə dövründə bərpası, daha ağıllı, daha “yaşıl” insan məskənləri, dairəvi “yaşıl” iqtisadiyyat mövzularında təqdimatlar keçirilib, ən müasir şəhərsalma yanaşmaları, insanyönümlü yaşayış məntəqələrinin yaradılması və inklüzivliyin təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirə zamanı “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması və davamlı məskunlaşma imkanlarına dair təkliflər səsləndirilib. 

Sonda iştirakçılar ölkəmizdə keçirilən Milli Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər. Hər il keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Şəhərsalma Forumunun nəticələrinə dair yekun Bəyannamə qəbul olunub. Bəyannamədə Forumun məqsədi və əhəmiyyəti qeyd edilərək mövcud əməkdaşlıq əlaqələrinin qorunub-saxlanılması və yeni tərəfdaşlıqların qurulmasının vacibliyi önə çəkilib, tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Prezidentin Xüsusi Nümayəndəliyinə və ADA Universitetinə, Ağdam və Bakı şəhərlərinə, həmçinin BMT Məskunlaşma Proqramına təşəkkür edilib.   

Bəyənnamədə deyilir:

“Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi

Biz, Birinci Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA#1) iştirakçıları — milli və yerli hökumətləri, parlamentləri, vətəndaş cəmiyyətini, yaşlıları, qadınları, gəncləri, uşaqları, əlilliyi olan şəxsləri, yerli qrupları və icmaları, özəl sektoru, fondları və xeyriyyə təşkilatlarını, beynəlxalq və regional təşkilatları, akademik dairələri, peşəkarları və digər müvafiq maraqlı tərəfləri təmsil edərək postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün davamlı inkişafın sürətləndirilməsi, eləcə  də iqlim dəyişikliyi ilə bağlı tədbirlərin görülməsi və sülhün qurulması üçün yol xəritəsi olaraq “Yeni Şəhər Gündəliyi”nin (YŞG) yerli şəraitə uyğunlaşdırılmasına xüsusi diqqət yetirmək, dayanıqlı urbanizasiya proseslərinə əlaqələndirilmiş şəkildə yerli və milli töhfələri dəstəkləmək məqsədilə Ağdam və Bakı şəhərlərində toplaşmışıq. 

BMT-nin sabiq baş katibi Pan Gi Munun sözlərinə əsasən, “qlobal dayanıqlılıq uğrunda mübarizəmiz məhz şəhərlərdə qalib gələcək və ya məğlub olacaqdır”. Bu səbəbdən biz hər kəs üçün rifahın və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə heç bir ayrı-seçkiliyə yol vermədən indiki və gələcək nəsillərin bütün nümayəndələri tərəfindən ədalətli, təhlükəsiz, sağlam, əlçatan, əlverişli, davamlı və dayanıqlı şəhərləri, yaşayış məntəqələrini qura bilmələrini təmin etmək üçün bütün səyləri, vasitələri və resursları səfərbər etməyə çağırırıq. 

Bununla, biz dayanıqlı urbanizasiya haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi üzrə qlobal platforma kimi oktyabr ayının “Şəhərsalma ayı” (“Urban October”) kimi qeyd olunması imkanının mühüm əhəmiyyətini qeyd edirik.   

2022-ci ilin “Qüsurlara diqqət etməli. Heç kəsi və heç bir yeri diqqətdən kənar qoymamalı”  mövzusuna uyğun olaraq, NUFA#1 çoxtərəfli platforma kimi ölkədə iqlimin yaxşılaşdırılmasına töhfə verəcək dayanıqlı və ədalətli inkişafı təşviq edərək tarazlaşdırılmış şəhər inkişafı üçün faktiki məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək məqsədilə əsas qərar qəbulediciləri, şəhərsalma sahəsində ixtisaslaşmış məsul tərəfləri və mütəxəssisləri bir araya gətirir. Şəhərlərin bərpası üzrə göstərilən səylərin əsas elementlərini müzakirə edərkən qarşıya qoyulmuş iddialı hədəflərə nail olmaq üçün Forum həmçinin hökumətlər və geniş ictimaiyyət tərəfindən əlaqələndirilmiş şəkildə kompleks yanaşmanın təmin edilməsinin əhəmiyyətini vurğulayır.    

Biz, NUFA#1 iştirakçıları, bir daha təsdiq edirik ki, milli özünəməxsusluğun əsas elementi olaraq  maddi və qeyri-maddi irs, yaradıcılıq və bədii müxtəliflik də daxil olmaqla mədəniyyətin tərənnüm edilməsi və dirçəlişi şəhər böhranları üzrə urbanizasiya çağırışlarının həlli və dəymiş zərərin aradan qaldırılması sahəsində Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə 11-ci Məqsəd olan  “Şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsi” və “Yeni Şəhər Gündəliyi”nin Azərbaycan Respublikasında adaptasiyasının tərkib hissəsidir.  

Biz inanırıq ki, çoxşaxəli və sektorlararası əlaqələndirməni, şəffaflığı və hesabatlılığı artırmaq üçün  dayanıqlı şəhər idarəetmə sistemləri hökumətlərin müxtəlif səviyyələri arasında bütün qərarvericilərin davamlı iştirakını və dialoqunu təmin etməlidir. 

Biz şəhərlərin dayanıqlı inkişafı və “Yeni Şəhər Gündəliyi”nin həyata keçirilməsi üçün özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və akademik dairələr, habelə digər tərəfdaşlarla əməkdaşlıq edərək mövcud əlaqələrin qorunub-saxlanılması və yeni əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayırıq.  

Biz bütün səviyyələrdə konstruktiv iştirakçılığı təmin etmək məqsədilə dəyişikliklərin idarə olunması və mehriban qonşuluq üçün əlverişli, təhlükəsiz, habelə yaşa və genderə həssas ətraf mühiti gücləndirməklə bağlı zəruri düşüncə dəyişikliyini təmin edən yaradıcı həllər və innovativ təcrübələrin davamlı mübadiləsini və paylaşımını təşviq edirik.

Nəhayət, biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq,  Azərbaycan Respublikasında təhlükəsiz, firavan, inklüziv və davamlı şəhərlərin, digər insan məskənlərinin yenidən qurulması üçün minalardan təmizləmənin əhəmiyyətini xüsusi olaraq vurğulayırıq.  

Bu Bəyannamə Polşanın Katovitse şəhərində keçirilmiş 11-ci Ümumdünya Şəhər Forumunun Bəyannaməsindən ilhamlanaraq Misirin Qahirə şəhərində keçiriləcək 12-ci Ümumdünya Şəhərsalma Forumunun uğuruna töhfə vermək niyyəti ilə tərtib edilmişdir.  

Biz NUFA#1 Forumuna ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə və ADA Universitetinə, Ağdam və Bakı şəhərlərinə, həmçinin Forumun keçirilməsinə dəstək verdiyi üçün BMT-nin Məskunlaşma Proqramına təşəkkür edirik. Biz gələcək Milli Şəhərsalma Forumlarının keçirilməsi istiqamətində fəaliyyətlərə töhfə vermək məqsədilə davamlı əməkdaşlığın  təmin ediləcəyini bəyan edirik”.

Share: