Azərbaycanda martın sonu karantin yenidən sərtləşdiriləcək? – AÇIQLAMA

Azərbaycanda martın sonu karantin yenidən sərtləşdiriləcək? – AÇIQLAMA

Sosial şəbəkələrdə şayiələr yayılıb ki, Novruz bayramı ərəfəsində və ya mart ayının sonu ölkədə karantin tədbirləri yenidən sərtləşdiriləcək.

Müstəqil.Az xəbər verir ki, sərtləşdirmədən sonra fəaliyyətinə bir müddətdir icazə verilən sahələrin də bağlanacağı ehtimal olunur.

Müzakirələrin geniş miqyaslı olmasını nəzərə alaraq tibbi ekspertə müraciət etdik və bu iddiaların nə dərəcədə həqiqət olub-olmadığını aydınlaşdırdıq.

Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirdi ki, hazırda dünyanın müxtəlif ölkələrində 3-cü dalğa ilə bağlı müəyyən söhbətlər gedir: “Əslində Böyük Britaniya ştammının sürətlə yayılması və ayrı-ayrı ölkələrdə xəstəliyin epidemioloji durumunun xeyli pisləşməsi nəzərə çarpır. Bütün bunlar ehtimallar yaradır ki, 3-cü dalğa ola bilər.

Təbii ki, epidemioloji vəziyyət pisləşərsə, Azərbaycanda da müəyyən tədbirlər görüləcək. Bu təkcə Azərbaycanın daxili məsələsi deyil. Pandemiya bütün dünyanın problemidir və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələri əsasında ölkələr öz tədbirlərini həyata keçirirlər. Burada ölkənin daxili qərarı da mühümdür.

Belə olan təqdirdə müəyyən sərtləşdirmə tədbirləri həyata keçirilə bilər. Buna anlayışla yanaşmaq lazımdır. Çünki bütün sərt tədbirlər əslində əhalinin təhlükəsizliyi üçün tətbiq olunur. Pandemiyadan daha az itkilərlə çıxmaq xarakteri daşıyır. Ona görə belə məsələlər situasiyaya uyğun həll edilir. Həmin dövrdəki vəziyyət mütləq nəzərə alınır”.

Share: