Azərbaycanda nə qədər KİV qurumu, nə qədər jurnalist var?.. – Təəccüb doğuran rəqəmlər

Azərbaycanda nə qədər KİV qurumu, nə qədər jurnalist var?.. – Təəccüb doğuran rəqəmlər

İstənilən sahədə inkişaf proqramları hazırlanarkən, ilk növbədə statistik rəqəmlərə istinad olunur. Hansı nöqtədən hərəkət ediləcəyi, hansı nöqtəyə varılacağı barədə təsəvvür formalaşdırmaq üçün rəqəmlərin müqayisəsi verilir. Azərbaycanda KİV qurumları, onların tirajı, auditoriyası, KİV-də çalışanların sayı barədə dəqiq, konkretləşmiş statistik məlumat yoxdur. Çünki, bu statistikanı, geniş anlamda desək, KİV-lər haqqında informasiya bangını hazırlayacaq, elan edəcək vahid struktur yoxdur. Azərbaycan Respublikasında medianın tənzimlənməsi prosesini 2001-ci ilədək mərkəzi icra hakimiyyəti orqanı qismində Mətbuat və İnformasiya Nazirliyi (MİN) icra edib. KİV-lərin qeydiyyatı, fəaliyyət istiqamətləri, tirajı və s. barədə statistik məlumatlar MİN-də toplanılıb. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib. Bundan sonra Azərbaycanda KİV qurumlarının sayı, tirajı, KİV-də çalışanların statistik göstəriciləri barədə məlumatlar konkret qurumda toplanılmyıb; ölkədə tiraj komissiyası da mövcud deyil. Qeydiyyatda olan KİV-lərin sayı barədə məlumatlar ayrı-ayrı dövlət qurumlarının əlində cəmləşib. Çap medianın statistikası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, onlayn medianın/xəbər portallarının statistikası Vergilər Nazirliyində (indi-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti), elektron medianın statistikası isə Milli Televiziya və Radio Şurasında toplanır. Həmin qurumların verdikləri məlumatlar isə, çox zaman, biri-digərini inkar edir, uyğunsuzluq yaranır. Mövcud KİV qurumlarının sayı barədə danışarkən, biri 5.000 (beş min), digəri 5.500 (beş min beş yüz), bir başqası isə 6000 (altı min) rəqəmini işlədir. Jurnalistlərin sayı barədə statistika isə, ümumiyyətlə bərbaddır. Burada 3000 (üç min) nəfərdən başlamış 24000 (iyirmi dörd min) nəfərə qədər ən müxtəlif rəqəmlər səsləndirilir. Çünki, koordinasiya yoxdur, vahid metodologiya da yoxdur, hər kəs öz “zövqüunə”, hesablama metoduna, informasiya mənbələrinə əlçatımlıq imkanlarına görə danışır. Nəticədə bərbad durum alınır. Açıqlanmış məlumatları uyğunlaşdırmağa çalışmışam: 3 qurumdan verilən statistik məlumatların yekununa görə, ölkədə ümumilkdə 5.510 (beş min, beş yüz on) KİV qurumu qeydə alınıb.

Problem təkcə rəqəmlərdən birinin digəri ilə uyğunsuzluğunda deyil, problem həm də sadalanan rəqəmlərin heç birinin reallığı əks etdirməməsindədir. İş elə gətirib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan birinin hazırladığı hesabatla tanış olmuşam. Ölkəmizdə fəaliyyət göstərən KİV-lərin sayı, tirajları, jurnalistlərin sayı və sair barədə müfəssəl məlumat verən bir hesabatdır. Rəqəmi burada yazmıram, çünki təqdimat konfedensial olub, açıqlanmamasını rica ediblər, sadəcə ekspert qismində mövqeyimi soruşublar. Amma onu deyə bilərəm ki, aradakı uyğunsuzluq çox böyükdür, 10 dəfələrlə fərqlidir, təəccüb doğurur. Onlar işləyirlər, işlərində peşəkardırlar: mövzu barədə danışmaq, təklif vermək, problem qaldırmaq üçün ilk növbədə statistik məlumatları toplayırlar, bu məlumatların reallıqla uyğunluğunu araşdırırlar. Bizdə isə pafos yüksəkdir; mövzu ətrafında saatlarla danışılır, amma nə rəqəmlərin müqayisəsi aparılır, nə də real faktlara istinad olunur. Beynəlxalq media məkanına inteqrasiyadan danışırıq,əməkdaşlıqdan bəhs edirik, amma əlimizdə düzgün statistika da yoxdur. Yanlış statistika ilə danışmaq qeyri-ciddi görünür, qarşı tərəfdə etimadı öldürür.

Diqqətimi çəkən məqam həm də hesabatın hazırlanması metodologiyasıdır. Bizdə KİV-lərin sayı barədə danışarkən rəsmən qeydə alınmış KİV-lərdən bəhs edirlər. KİV qurumu qeydə alınıb, amma fəaliyyət göstərirmi? Buna baxan yoxdur. Onlar isə, real fəaliyyət göstərən, fəaliyyəti KİV standartlarına uyğun gələn KİV-lərdən bəhs edirlər. Problemin kökü də buradadır: KİV qurumu nədir, onun standartları nədir, hansı statusları və öhdəlikləri var- məsələsində aydın təsəvvürlərə malikdirlər. Azərbaycanın KİV haqqında mövcud qanunvericiliyi ənənəvi medianın standartlarının təsvirini verir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü (Əsas anlayışlar) və 28-ci maddələrində (İstinad məlumatlar), “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və 28-ci maddələrində bu təsvirlərlə tanış olmaq mümkündür. Amma onlayn media haqqında bunu demək çətindir. Son 20 il müddətində onlayn medianın intişar tapmasına, Azərbaycanın media məkanında böyük paya malik olmasına rəğmən, onun standartları hələ də müəyyənləşdirilməyib. Ayrı-ayrı ölkələrdə bu standartlar yaradılıb, statusları, çevrələri müəyyənləşdirilib. Məsələn, Rusiya Federasiyasında izləyici sayı 3 min nəfəri keçən onlayn informasiya resursu KİV qurumu kimi qeydə götürülür və ondan KİV haqqında qanunun tələblərinə əməl etməsi istənlir. Fərqli ölələrdə çeşidli modellər mövcuddur. Azərbaycan isə bu sahədə istisnadır. Bir komputeri, mobil telefonu, sosial şəbəkədə hesabı olan hər kəs özünü “KİV qurumu”, “jurnalist” adlandırılır, status davası aparır, reklam istəyir, imtiyaz almağa çalışır. Məsuliyyət məsələsinə gəldikdə isə…Xaotik bir durumdur, hər kəs öz standartını tətbiq edir və bunu “jurnalistika” adlandırır. Onları qınamaq da olmur. Çünki 20 il müddətində onlayn medianın status və standartları müəyyənləşdirilməyib. KİV qurumunun statusu, standartı mövcud deyilsə, burada çalışanların kəmiyyəti və statusu barədə informasiyanın formalaşdırılması da imkansızdır.

KİV-in maliyyə mənbəyinin formalaşmasında müstəsna əhəmiyyət daşıyan reklam və elan məsələsinə münasibət də bu kontekstdəndir. Beynəlxalq standartlara görə, müstəqil KİV qurumunun gəlirlərinin minimum 75%-i reklamlardan, elanların dərcindən formalaşır. Reklamların hansı KİV-ə verilməsi üçün də standartlar formalaşıb, daşlaşıb. KİV qurumunun tirajı, dövriliyi, audotirayasının zövqü və sair amillər əsas götürülür. Ölkəmizdə isə bunun “efektiv” yolu “kəşf edilib”. Hər nazirliyin, icra qurumunun “öz qəzeti” var, reklam və elanlarını həmin KİV-lər üzərindən realizə edirlər. Reklam və elan bölgüsü inzibati-amirlik metoduyla həll edilir. Ölkənin informasiya yükünü daşıyan KİV-lər qalır bir kənarda, reklam və elanlar paylanılır başqa müstəvidə…Belə davam edə bilməz və etməməlidir. Media mühitinin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyanın aradan qaldırılmasına ehtiyac var.

Ölkəmizdə medianın xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün dərin islahatların aparılması labüddür və bu proses başlayıb. KİVDF-nin ləğv edilməsi və Media İnkişaf Agentliyinin yaradılması bu istiqamətində hələ ilk addımdır, davamı olmalıdır. Medianın bütün qütblərinin fəaliyyətini tənzimləyən yeni qanun hazırlanmalıdır. Bu qanun, təsnifatından asılı olmayaraq, bütün media quruluşlarının standartlarını müəyyən etməlidir. Jurnalistin statusu ilə sadəcə sosial şəbəkə istifadəçisi olanlar arasındakı sərhəd müəyyənləşdirilməlidir. Lakin, bu işin uğurla tamamlanması hər birimizdən asılıdır. İslahata dəstək vermək medianı xaotik durumdan qurtarmaq yolunda mücadiləyə bir töhvədir.

Share: