Güclərini Azərbaycan Kənd Qadınları Assosiasiyası İB-də birləşdirən kənd qadınları daha bir maraqlı ilkə imza atacaq. Belə ki, sentyabrdan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycanda Pilot Qadın Kooperativlərinin yaradılması” layihəsinə start verilib. AKQA-nın sədri Gülbəniz Qənbərovanın fikrincə, layihə kənd qadınlarının biznesinin təşkilatlanması, onların resurslara və bazara çıxışını asanlaşdırmaqla daha çox gəlir əldə etmələrinə böyük dəstək olacaq. Bunun üçün qrupun hüquqi status alması önəmlidir. Layihə ölkədə ilk olaraq, qadın qruplarının hüquqi qeydiyyatı olan kooperativlərə çevrilməsini maksimal şəkildə sürətləndirməyi planlayır.
Beləcə 7 yüksək potensiallı Qadın İnkişaf və Müəssisə Qrupu seçilib. Fatimə (Bərdə), Novruz, Aşıq Sənəm, Lalələr (Balakən), Yasəmən (Qax), Çinar və Nərgiz (Zaqatala) qrupları bu layihənin ilk faydalanları olacaqlar. Lakin AKQA onu da nızırı alıb ki, indiyə qədər müxtəlif təşkilatlar tərəfindən kooperativlər yaradılsa da, onların böyük əksəriyyəti tezliklə fəaliyyətini dayandırıb. Bu sahədə olan təcrübələrdən geniş yararlanmaq üçün Balakən və Qax rayonlarında “Kooperativlər – ən yaxşı təcrübələr və öyrənilmiş dərslər” seminarı keçiriləcək. Daha sonra Balakən şəhərində 3, Qax şəhərində isə 4 Qadın İnkişaf və Müəssisə Qrupunun şəbəkə görüşləri baş tutacaq. Təlimlərdə hər qrupdan kooperativin qeydiyyatı zamanı təsisçi olmağa namizəd olan 5 nəfər iştirak edəcək. Təlimi uğurla bitirən qruplar bu ay Qaxda “Api Delta” Arıçılıq kooperativinə təcrübə səfərinə gedəcəklər.
Layihənin effektiv olması üçün Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, kooperativlər və assosiasiyalar şöbəsi hər qrupla görüş keçirərək, yerlərdə sahə qiymətləndirilməsi aparılıb. 3 ay davam edəcək layihənin sonunda kənd qadınları yeni yaranan qadın kooperativlərinin zirvə toplantısına toplaşacaqlar.