Azərbaycanda terror başladı: başında kimlər dayanır? – Video

Azərbaycanda terror başladı: başında kimlər dayanır? – Video

44 günlük savaşı Azərbaycan xalqı qazandı – millət kimi bütünləşməklə, canını torpağı üçün verməyə hər an hazır olduğunu göstərməklə, Müdafiə Nazirliyinin, komissarlıqların qapısını yağır edib, davaya aparmadıqlarına görə dava salmaqla, hərbi maşınların qarşısına çıxıb, “yol kəsib” əlində-ovcunda olanları və ən əsası, Sevgisini, Ürəyini, Gözünün nurunu əsgərlərimizə verməklə.

44 günlük savaşı Azərbaycan Ordusu qazandı – hər bir əsgər şəhadəti şərəf bilərək irəli getməklə, yalnız yurdu azad etməyi düşünməklə.

Sosial şəbəkələrdə də eyni ovqat, eyni hava, eyni ruh vardı…

Düşmənlərimiz bizdən daha gözəl bilirlər Ordumuzun qısa müddətdə qələbə çalmağının, Şuşaya yaralı, şəhid əsgər çiynində dişi-dırnağı ilə qalxmaq möcüzəsinin səbəbini.

Ona görə də bu möcüzəni yaradan səbəblərə zərbə vurmağa başlayıblar – həm də öz əlimizlə…

16 noyabr, sərhəddə döyüş başlayıb, əsl döyüş. Bu, atəşkəsin pozulması deyil, düşmənin susdurulması da deyil. Bu, düşmənin son bir həftəlik təxribatlarına, Şuşa yaxınlığına edilən terror hücumundan sonra sosial şəbəkələrin erməni seqmentində başlayan “terror sevinci və təbliğatının” kökünün qazınmasına, erməniləri 10 noyabr 2020-ci ilə qaytarmağa hesablanan hərbi-psixoloji, erməni hakimiyyətini danışıqlar masasına sürükləyən hərbi-siyasi, erməni generalitetini revanşizm düşüncəsinə görə peşman edən əsl döyüş idi.

Ordumuz həmişə olduğu kimi, bacardı: düşmənin postları götürüldü, 25 əsgəri məhv edildi, 13 əsir alındı, 40 yaralısı var.

Şəhidlərimiz oldu – 7 igidimiz şəhadətə ucaldı, 10 yaralımız var.

Və… başlandı!

Sosial şəbəkələrdə erməni əsirlərlə “kobud rəftar” qınanılır – guya beynəlxalq aləmdə bu, bizə qarşı çevrilə bilərmiş!

Döyüş əməliyyatlarına heç bir ehtiyac olmadığı kampaniya aparılmasına cəhd edilir – guya “əbəsdir”…

“Sülh” sədaları başlayıb, “kosmopolit”lərin, əslində isə Qərb dairələrinə bağlı olanların və ya bu hakimiyyətlə mübarizənin formasını tapa bilməyənlərin əlinə “fürsət” düşüb.

Bir tərəfdən də “Tərtər işi” bütün sosial şəbəkələri doldurub.

Həqiqət mütləq üzə çıxmalıdır, cinayətkarlar cəzalandırılmalıdır. Ancaq məhz indi Ordu rəhbərliyinin bu şəkildə gözdənsalınma kampaniyası qətiyyən təsadüfü deyil.

Hamısı da sosial reklamdan istifadə edir; hamısı da bu informasiyaların yayılması üçün Marka külli miqdarda pul ödəyir. Və məhz indi, məhz Zəfər Günü ərəfəsindən başlayaraq; məhz 16 Noyabr döyüşü vaxtı…

Siz kimsiniz ki, erməniləri əsir alan Azərbaycan əsgərinin erməninin başına qapaz vurmasını qınayasınız? Siz o əsgərin yanındaydınızmı? O əsgər o döyüşdə çiyin-çiyinə savaşdığı və sizlərin yalnız ağlaşma smayliki qoymaqla vəzifənizi bitmiş hesab etdiyiniz qardaşını, sirdaşını itirib; o əsgər o əsiri götürənə qədər o erməninin hansı əclaflıqlar etdiyini görüb, bilir, yaşayıb və onun içindədir. Onun hansı düşüncədə olduğunu, hansı hisslə bu hərəkəti etdiyini siz necə qiymətləndirə bilərsiniz?

Düşmənlə göz-gözə, diş-dişə gələn igidlərin düşmənin alçaqlıq və terroruna qarşı öz hisslərini o cür ifadə etməsini siz mühakimə etmə haqqına sahib deyilsiniz!

Beynəlxalq qınaq olar, eləmi? Beynəlxalq geydirmə “qınaq” əsir aparılan, qul kimi işlədilən, zorlanan, illərlə zəncirdə saxlanılan, döşü kəsilən, sifətində siqaret söndürülən, belinə qaynar samovar bağlanan, döyə-döyə öldürülən, mismarla taxtaya vurulub, günlərlə can verilməsinə baxılan, butulkaya oturdulan, bağırsağına siçovul yeridilən, diri-diri skalpeli kəsilən və bildiyimiz, bilmədiyimiz dəhşətli isgəncələr altında öldürülən, şikəst edilən azərbaycanlılara görə niyə səsini çıxarmır?

Bu yazdıqlarımızın dəlilləri, faktları elə həmən Fransa nəşrlərindədir, “Le Monde”dədir.

Heç nə keçməyib, heç nə bitməyib! Hanı 90-cı illərdə bu zülmlər altında öldürülən azərbaycanlıların cəsədləri? Dünya buna qiymət verməyib də, əsirin başına bir şapalaq vurduğuna görə bəhanə tapıb, üstümüzə gələcəksə, qəti narahat olmayın, o şapalağı vurmasaq da bəhanə tapacaqlar – necə ki tapırlar!

Sizə kim ixtiyar verir ki, Ordu rəhbərliyini xalqın gözündən salasınız? Sizə kim ixtiyar verir ki, uğurlu döyüş əməliyyatlarına dil uzadasınız? Sizə kim ixtiyar.., yox, sizə kim sifariş verir bunları?

“Bir nəfər ölüb ermənilərdən, yalan yazmayın, biz isə 7 şəhid vermişik…”

“Bizim yad torpaqda nə işimiz var… Guya qalacaq ordumuz orda?..”

“Min erməni qurban olsun bir əsgərimizə. Niyə əsgərimiz şəhid olmalıdır”.

Necə gözəl sözlərdir, necə qılaflanıb, necə patriotluğun altında gizlənib, necə “canıyanan” olub, adə, bunlar!

Əvvəla, bir erməni ölməyib, Ermənistan MN-in rəsmi məlumatına görə, 1 erməni meyiti əllərindədir, 24-ü isə itkindir, çünki Azərbaycan Ordusunun nəzarəti altına keçən ərazidə qalıb erməni meyitləri. Ermənistan MN o meyitləri götürə bilmədiyinə görə itkin elan edib. Onlardan birinin meyitini Rüstəm Muradovun qoltuğuna verib, dünən yola saldıq.

İkincisi, 13 əsir siyasi müstəvidə Azərbaycana olduqca vacib təsir imkanları verir – necə ki, DTX-nin 11 dekabr əməliyyatında ələ keçirilən terrorçulardan maksimum istifadə edildi.

Üçüncüsü, Ermənistan MN hələ də yaralılarının dəqiq sayını açıqlamayıb və ötən gün mitinqə çıxan, Paşinyanın ofisinin qarşısına yığılıb, hay-küy salanlar onsuz da məğlub olacaqlarını, Ermənistanda artıq gənc qalmadığını, olan-olmazı güdaza verməməyi tələb edirlər.

Dördüncüsü, Azərbaycan ordusu yad torpağa girməyib, öz ərazimizdədir. Məsələnin digər başı isə budur: Zəngəzur da, İrəvanın özü də bizimdir! Azərbaycan əsgəri İrəvana da girsə, “yad torpaq” sayılmaz!

16 Noyabr döyüşünün hərbi, siyasi, diplomatik əhəmiyyəti Aprel savaşından daha böyükdür.

Bunu əksəriyyət bilir, ancaq bəziləri kimlərinsə sifarişi ilə tamamilə fərqli təbliğat aparır.

Ölüm – haqdır! Bu gün koronovirusdan nə qədər azərbaycanlı canını tapşırıb? Yol qəzalarında gündə nə qədər gənc həyatını itirir?

Baxın xəbərlərə: son iki gündə şüşə silən və yaxud yeni tikilidə işləyən gənc fəhlə qəzavü-qədərdən yıxıldılar və dünyalarını dəyişdilər. Onların övladımı yoxdur, balasımı yetim qalmır?

Hələ biz bilmirik özümüz necə gəbərib, hansı şəkildə murdar olacağıq!

Guya hər kəsin qismətində şərəflə ölməkmi var?

Guya elə bilirsiniz hər kəsə Allah şəhadət nəsib edir?

Hər kəs ölür, ancaq çox az adam Peyğəmbər mərtəbəsi vəd edilən Şəhadətə ucala bilir! Çünki Allah hər kəsə onu nəsib etmir!

“Nədən şəhidlər ancaq kasıb evinə gəlir?” soruşursunuz.

Heç soruşmursunuz ki, nədən dünyanın ən bahalı şəhərində eyş-işrət içində güllələnən gəncin meyiti varlı evinə gəlir? Heç soruşmursunuz, niyə dünyanın ən bahalı otelində “peredozirovkadan” bəzi halda lüt-ətcəbala ölən gəncin meyiti ancaq varlı evlərinə gəlir?

Əksəriyyətindən heç xəbəriniz də yoxdur! Yiyələri utandıqlarından o cür ölümləri hətta gizlədir, dəfnini də gizli, qapalı, qaçaraq, ayaqüstü keçirir.

Şəhidlər necə uğurlanır bəs? Onları necə yola salırıq? O ailələrə o ölümlər, o şəhadət hansı şərəfi verir?

Bəs varlı evinə gələn meyitlər o ailələrə hansı utanc yaşadır?

Kimin necə, hansı şərəflə və hansı şərəfsizliklə öldüyünə Allah qərar verir! Halalı şərəflə aparır, haramı özünə layiq – İlahi ədalətdir!..

Erməni mediasına baxırsan, sosial şəbəkələri izləyirsən – dəhşətli qorxu, böyük itkidən növbəti şok; 12 noyabrda Norayr Mirzoyanın Şuşa postuna qumbara atmasından cuşa gələn ermənilər siçan deşiyinə girib, səslərini çıxara bilmirlər.

Amma əvəzində Azərbaycan seqmentində birisi bu savaşı lazımsız, mənasız sayır və hətta avantüra adlandırmağa belə cəsarət edir; ancaq birisi klaviatura arxasında milli vətənpərvər dona bürünüb, Böyük İdeallarımız uğrunda canını verən şəhidlərimizə guyamış “yas tutur”, “göyərçin” olub, sülhə uçur…

Kimlərsə Mais Barxudarovu belə hədəf seçir!

Yaxşı “hücumdur”, düşmən əla işləyir, ruh birliyimizə, ruh qalxışımıza təsirdən başlayıblar.

Amma unutmayın: Bu Xalqın düşməni əzən Ordusu varsa, sizi də əzəcək Ordu çıxaracaq. Mütləq çıxaracaq…

Anar N.

Share: