İrəvanda Sorosun əlinə baxan QHT-lər susdu, azərbaycanlılar isə Rusiyanın hərbi təcavüzünü pislədi; Vətəndaş Həmrəyliyi Partiyası: “Bu, bizim cəmiyyətin insan haqlarına hörmətidir”
Azərbaycanda vətəndaş cəmiyyəti Rusiya-Ukrayna müharibəsinə münasibətdə də öz mövqeyini açıq şəkildə ortaya qoydu. Müharibənin başlanğıcının ilk günlərində Bakıdakı Ukrayna səfirliyi qarşısında vətəndaş cəmiyyəti fəallarının keçirdiyi dəstək aksiyası buna bariz nümunədir. “Yeni Müsavat” bildirir ki, bununla tanınmışlar, cəmiyyətin fəal üzvləri, ictimai aktivistlər Ukrayna xalqının yanında olduqlarını, bu dövlətin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər. Təbii ki, vətəndaş cəmiyyətinin fəallığının, güclənməsinin belə situasiyalarda necə zəruri olduğunu üzə çıxarır. Bəzən rəsmi səviyyədə çılpaqlığı ilə dilə gətirilməyənləri məhz vətəndaş cəmiyyəti bəyan edə, nümayiş etdirə bilir. Bu halda ictimai rəy göstərir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünü xalq olaraq pisləyirik.
Ona görə vətəndaş cəmiyyətinin güclənməsinə təkan vermək, dövlətin maraqlarından çıxış etməsinə şərait yaratmaq, QHT-lərin bu istiqamətdə üzləşdiyi məhdudiyyətləri aradan qaldırmaq lazımdır. Misal üçün, Ermənistanda vətəndaş cəmiyyəti bu sınaqdan rəzil vəziyyətdə çıxdı. Onlar Rusiyanı dəstəklədilər. Halbuki bugünlərdə Soros tərəfindən qrantların əsasən Paşinyan hakimiyyətinə yaxın QHT-lərə ayrıldığı məlum olmuşdu. Bununla belə, həmin qərbpərəst təşkilatlar, vətəndaş cəmiyyəti fəalları heç də Ukraynanın yanında olmadılar. Azərbaycanın vətəndaş cəmiyyəti isə bu mərhələdə də xalqın istəklərini dilə gətirdi.
Yeri gəlmişkən, Britaniyanın
“Chatham House” institutunun eksperti Kate Mallinsonun sözlərinə görə, postsovet ölkələri pərdəarxasında Moskvanın görünməz əlini hiss edəcəklər, Rusiya öz təsir dairəsindəkilərə təzyiqini artıracaq və onları özünün prioritetlərinə daha çox uyğunlaşmağa məcbur edəcək. Onun fikrincə, bu ölkələrin hakimiyyətləri Ukraynadakı müharibə haqda mümkün qədər az danışmağa çalışsalar da, müxalifət, vətəndaş cəmiyyəti və media qurumları açıq şəkildə münaqişədə tərəf olurlar. Bununla belə, Azərbaycan cəmiyyəti və müxalifəti Ukraynanı dəstəkləyir, Bakıda Ukraynaya dəstək aksiyaları keçirilib. Hətta Milli Şura aprelin 2-də Ukraynaya dəstək üçün icazəli mitinq keçirməyi planlaşdırır, Bakı meriyasına məktub ünvanlanması gözlənilir. Bütün bunlar vətəndaş cəmiyyətinin Rusiya-Ukrayna müharibəsində hansı tərəfin yanında dayandığını əks etdirir.
Samir Əsədli
Bu fikirləri “Yeni Müsavat”la bölüşən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, vətəndaş cəmiyyətinin tutduğu mövqe təsadüfi deyil. VHP rəsmisinin fikrincə, bu, cəmiyyətin insan hüquqlarına, ölkələrin suverenliyinə hörmətindən irəli gəlir. S.Əsədlinin fikrincə, Azərbaycan işğalla üzləşmiş, torpaqları qəsb edilmiş, əliyalın insanları qətlə yetirilmiş bir tale yaşayıb: “Əlbəttə ki, indi Rusiyanın hərbi təcavüzü ilə üzləşən Ukraynanın yanında olmalıydı. Ümumiyyətlə, ilk gündən demokratik düşərgə, vətəndaş cəmiyyəti Ukrayna xalqını dəstəkləyib, rus ordusunun şəhərləri viran qoymasını pisləyib. Bizim cəmiyyətdən fərqli yanaşma gözləyə də bilməzdik. Odur ki, Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirildi, Putin hakimiyyətinin və ordusunun addımları pislənildi və Kreml Azərbaycanda ictimai rəyin nədən ibarət olduğunu gördü. Eyni zamanda Ukrayna xalqı da azərbaycanlıların haqqın yanında dayandığına şahid oldu. Rusiya anlamalıdır ki, zorla sevgi olmur, Putin bilməlidir ki, qonşu ölkələr niyə ondan uzaqlaşırlar…
Üstəlik, Azərbaycanda vətəndaş cəmiyyəti Qazaxıstanda gedən proseslərdə də KTMT-nin bu ölkəyə daxil olmasını pisləmişdi və sosial şəbəkələrdə etirazını nümayiş etdirmişdi. Bizim cəmiyyət işğalçının yanında deyil, hər zaman qarşısında olub. Bu mənada bir aydan çoxdur davam edən müharibədə Azərbaycan cəmiyyətinin mövqeyi aydın və dəqiqdir”.
S.Əsədlinin sözlərinə görə, Azərbaycandan Ukrayna ordusuna könüllü qoşulmaq təşəbbüsləri də olub, o cümlədən Kiyevdə, Xarkovda və digər şəhərlərdə yaşayan azərbaycanlılar ukraynalılara ərzaq yardımları ediblər: “Azərbaycan dövləti də Ukraynaya 5 milyon avroluq humanitar yardım göndərməklə, əslində bizim cəmiyyətin mövqeyinə şərik oldu. Ona görə vətəndaş cəmiyyəti inkişaf etməlidir, ona imkanlar yaradılmalıdır ki, önə çıxa bilsin, xalqın fikrini ifadə etsin. Bu, diplomatiyada da kifayət qədər vacib faktorlardan biridir. Həmçinin Qarabağdakı rus sülhməramlılarının davranışları ilə bağlı vətəndaş cəmiyyətinin mövqeyi olmalıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin güclənməsi dövlətin öz marağında olmalıdır və bu istiqamətdə bir sıra problemlər həllini tapmalıdır”.
Emil SALAMOĞLU