Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? – VİDEO

Qaxda yerləşən qum məbədi bəzən qum bazilikası da adlandırılır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, V əsrə aid bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi hesab olunub.

Məbəd alban hökmdarı III Mömin Vaçaqanın göstərişi ilə tikilib. Bərkitmə materialı kimi əhəngdən istifadə edilməsi tikilini dağıntılardan qoruyub. Əvvəllər dörd mərtəbədən ibarət olan tikili zaman keçdikcə dağılıb və indi onun yalnız iki mərtəbəsi qorunur.

XIX əsrdə ruslar azərbaycanı işğal etdikdən sonra məbəd dəfələrlə təcavüzə və dəyişikliyə məruz qalıb. 1892-ci ildə ruslar buranı bərpa edərək özlərinin təyinatına uyğun kilsəyə çevirməyə cəhd göstərib. 1898-ci ildə isə Xaxanov bu bölgəyə ekspedisiya təşkil edib və ilk dəfə qum məbədi haqqında məlumat verib.

1940-ci ildə arxeoloq Pyotr Baranovski burada arxeoloji qazıntı aparıb və abidənin Qafqaz Albaniyasının, Azərbaycan Albaniyasının ən qədim məbədlərindən biri olduğunu təsdiq edib.

Qum məbədinin maketi İngiltərənin London şəhərindəki London muzeyində saxlanılır.

Müstəqil.Az

Share: