Azərbaycanı nüvə silahı ilə hədələyən rusiyalı deputat necə həbs olunacaq? – AÇIQLAMA

Azərbaycanı nüvə silahı ilə hədələyən rusiyalı deputat necə həbs olunacaq? – AÇIQLAMA

Xəbər verildiyi kimi, Bakını nüvə silahı ilə vurmağa açıq çağırış edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Mixayıl Delyaginlə bağlı Azərbaycanın Baş Prokurorluğu cinayət işi başladıb.

29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarış elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.

Bəs, Rusiyalı deputatın tutularaq ölkəmizə gətirilib cəzalandırılması necə baş tutacaq?

Mövzu ilə bağlı Müstəqil.Az-a açıqlama verən Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, ölkəmizin vətəndaşı olmayan şəxslər də məsuliyyətə cəlb oluna bilər:

“Konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisindən kənarda törədilən cinayətlərin bəziləri var ki, bəzi xüsusiyyətlərə görə həmin müddəalara uyğun olaraq bizim Cinayət Məcəlləsinə əsasən həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Burada məsələlərdən biri odur ki, əgər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yəni xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının hüdudlarından kənarda bizim vətəndaşlara qarşı, eyni zamanda Azərbaycan Respublikasının maraqlarına, mənafelərinə qarşı cinayət törətdikdə və xarici ölkələrdə məhkum olmadıqda, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb oluna bilər”.

Hüquqşünasın sözlərinə görə, Rusiya həmin şəxsi bizə təhvil verməyə bilər:

“Burada məsələ ondan ibarətdir ki, konkret olaraq həmin deputatın fikirlərində Azərbaycanın neft bölgələrini nüvə silahı ilə təhdid edən, vurulmasını zəruri hesab edən çağırışlar var idi. Eyni zamanda, burada milli, irqi, dini ayrıseçkiliyi də biz görə bilirdik ki, bizə hansı aspektdən yanaşırlar. Ona görə də burada həmin şəxsin Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi mümkünlüyü beynəlxalq müqavilələrdən irəli gələn məsələlərdə də bu öz əksini tapır. Amma burada bir məsələni nəzərə almaq lazımdır ki, şəxs Rusiyanın vətəndaşıdır və cinayət işi başlasa belə Rusiyadan həmin şəxsin Azərbaycana verilməsini və burada məhkəmə olunmasını tələb etsək də, Rusiyanın və digər ölkələrin də qanunvericiliyində öz vətəndaşını başqa dövlətə verməmək kimi bir öhdəliyi var”.

Şamil Paşayev bildirdi ki, Azərbaycan Respublikasının qərarını qəbul edən ölkələrdə şəxsin tutulması mümkündür:

“Azərbaycan Respublikasının çıxardığı bu qərara əsasən əgər dünya ölkələrində bunu qəbul etsələr və onun axtarışını legitim hesab etsələr ,şəxsin Rusiyadan kənara çıxdığı təqdirdə tutularaq Azərbaycana verilməsi mümkündür. Ancaq eyni zamanda başlanmış cinayət işini biz Rusiyaya da göndərməyimiz, əgər orada Rusiya özü cinayət işi başladıb, şəxsi məsuliyyətə çəlb etmək məsələsini həll etsə, artıq bizim də onu məsuliyyətə cəlb etməyimizə elə bir səbəb qalmır. Amma yenə də cinayət işi başlanması özü də təqdirəlayiq haldır. Yəni bu asan prosedur deyil ki, cinayət işini başladıb sabah həmin adamı gətirib burada tutacayıq. Ümumi prosedur budur ki, biz cinayət işi başlayırıq, istintaq hərəkətləri yerinə yetirilir və şəxsi axtarışa veririk”.

Hüquqşünas qeyd etdi ki, bu məsələdə təkcə hüquqi yox, siyasi tərəflər də nəzərə alınır:

“Konkret olaraq beynəlxalq öhdəliklərdən irəli gələn bizim hansı ölkələrlə müqaviləmiz var, bu halda və bizim qərarın legitimliyini tanıyırlar, həmin ölkələrdə bu məsələ həll  oluna bilər. Əgər həmin ölkələrin ərazisinə bu şəxs keçsə. Amma məsələ bundan ibarətdir ki, bu kimi hallarda məsələyə daha çox hüquqi yox, siyasi yanaşırlar. Yəni bu məsələdə təkcə hüquq faktoru deyil, eyni zamanda siyasət, diplomatiya hamısı bir yerdə həll olunan məsələlərdir. Amma ümumən qanunvericiliyimiz həmin şəxsin Rusiyadan kənar ölkəyə getdiyi təqdirdə həmin ölkədə tutulub Azərbaycana təhvil verilməsini özündə göstərir”.

Müstəqil.Az

Share: