Cənnətdə görüşərik
Hava çoxdan qaralmışdı. Sükut içində olan qaranlığı arabir düşmən mövqeyindən açılan atəş səsləri və uçuşan mərmilərin işığı pozurdu. Haradasa İsa-musa quşu hərzamankı kədərli nəğməsini oxuyurdu:”İsa, tapdın… Musa, yox”. Mübariz bu səssizliyi və qaranlığı içinə cəkmiş kimi qəmli və susqun idi.
Sonra qəfildən həzin bir meh əsdi. İyun istisi bu mehin gətirdiyi sərinliyə və yovşan ətrinə asanlıqla təslim oldu. Haradasa “Qarabağ şikəstəsi” səsləndi. Səs çox uzaqdan gəldi. Qaranlığı və sükutu yara-yara irəlilədi. Yovşan ətrinə qarışıb Mübarizin bütün ruhuna hakim kəsildi…
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan…
…Mübariz qəti qərarını verdi. Bu gecə viran qalan Qarabağın qisasını düşməndən alacaqdı. O özü… Təkbaşına… Qarabağ uğrunda son savaşa qalxacaq. “Vətən haqqı, bu yaralı Vətənimin canına and içirəm ki, bu gecə düşmən qarşımda diz çökəcək”, – deyib qərarını qətiləşdirdi. Çibindən bir parça kağış və qələm çıxartdı. Son savaşa qalxmamışdan son məktubunu yazdı:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz… Haqqınızı halal edin”.
Yazdığı məktubu yaşaran gözlərinə sıxdı. Göz yaşlarını heç özünə yaraşdırmadı. Sonra öz-özünə dedi:”Sevinc göz yaşlarıdır. Nə zamandır gözlədiyim gün gəlib”. Darağını patronla doldurduğu silahını çiyninə aldı, qumbaraları ciblərinə qoydu… “YA VƏTƏN”, – deyib, ayağa qalxdı…
O, minalanmış sahə ilə irəliləyirdi. Arxaya baxmırdı. Ana torpaq onu minalardan məharətlə qoruyurdu. Arzu etdiyi qisas anına qovuşdurmaq üçün…
Düşmən qəfil basılmışdı. Zənn edirdilər ki, böyük bir ordu hücuma keçib. Mübariz şimşək kimi gah orda, gah burda çaxırdı. Bir göz qırpımında dayandığı nöqtəni dəyişir, pərən-pərən düşmüş düşmən əsgərinin başına gülləni dolu kimi yağdırırdı. Önündə baş qoyduğu, diz çökdüyü Ulu Yaradan ona doyunca qisas almaq üçün qanad vermişdi, nədi?! Öz silahındakı güllələr elə ilk həmlədə boşalmışdı. İndi düşmən elə düşmən silahından yağan güllə ilə məhv edilirdi. Atdığı qumbaralar onun sücaətindən vəcdə gəlmiş kimi düşmən mövqelərini dəlik-deşik etmişdilər. Mübariz bir silahı boşaldıb, o birini götürürdü…
Gecə yarısından başlayan mübarizə xeyli davam etdi… Sonra haradansa xain bir güllə gəldi. Vəhşi bağırtıyla uğuldadı… Uladı… Mübarizin sinəsinə sancıldı. Düşdüyü yeri parçaladı, dağıtdı… Sanki bir dağ çökdü. Ucadan uca bir dağ. Bir qaya paramparça oldu. Şiş ucu göylərə meydan oxuyan bir qaya. Bir oğul yıxıldı “YA VƏTƏN”, – deyib çağırdığının sinəsinə. Yıxıldı… Üzündə təbəssüm, səmaya dirənmiş gözlərində sonsuz sevinc. Allahım! Qürurla ölmək nə böyük xoşbəxtlik imiş. Nə qədər uca zirvə imiş ŞƏHİDLİK ZİRVƏSİ…
Yenə haradansa həmin meh əsdi. Yenə yovşan ətri və “Qarabağ şikəstəsi” qarışıq… İsa-musa quşunun yorğun nəğməsi son dəfə səslənib susdu:” İsa, tapdın… Musa, yox… İsa tapdın… Musa… “