Azərbaycanın ən yüksək bal toplamış abituriyenti yerli ali məktəbləri seçməməkdə haqlıdır?

Azərbaycanın ən yüksək bal toplamış abituriyenti yerli ali məktəbləri seçməməkdə haqlıdır?

Türkiyə universitetlərində praktiki fəaliyyətlər də daha çoxdur. Türkiyənin Ankara, Mərmərə, İstanbul Cərrahpaşa, Gülhanə hərbi tibb akademiyası kimi ali təhsil müəssisələrində təhsilin keyfiyyəti Azərbaycan Tibb Universitetindən çox-çox qabaqdadır. Buna görə tələbəni heç bir haqla qınaya bilmərik.

Bu il cəmi bir abituriyent universitetlərə qəbul imtahanında maksimum balı toplaya bilib. O da Nigar Ağazadədir. Nigar 4-cü ixtisas qrupu üzrə imtahan verib və 700 bal toplamağa nail olub. Azərbaycanda hələ universitet seçimi yeni başlasa da, Nigar artıq öz qərarını verib. Ona Ankara Universitetinin tibb fakültəsindən təhsil almaq təklifi gəlib. Deyilənə görə, abituriyent bu təklifi yüksək dəyərləndirib və Azərbaycan universitetlərindən imtina edib. Neçə gündür sosial şəbəkələrdə Nigarın xarici universiteti seçməsi müzakirə olunur. Bəziləri bu seçimini dəstəkləsə də, Nigarı qınayanlar da az deyil. İnsanlar düşünür ki, Nigar ölkəmizdə qalıb təhsil alsaydı, daha yaxşı olardı. Lakin Nigar yüksək bal toplayıb, ölkəmizin universitetlərini seçməyən ilk abituriyent deyil. Nigardan əvvəl də neçə-neçə savadlı kadrlarımız təhsil üçün xarici universitetlərə üz tutub. Bəs buna səbəb nədir? Niyə abituriyentlərimiz ölkəmizin universitetlərini bəyənmir? Bizim ali təhsil müəssisələri xaricdəki analoqlarından nədə geridə qalırlar?

Tələbəni qınaya bilmərik

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov “Kaspi”yə açıqlamasında dedi ki, Türkiyə universitetini seçən Nigar haqlıdır: “Ankara Universiteti Azərbaycanda yüzlərlə tibb məzununun rezidentura oxumaq istədiyi ali təhsil ocağıdır. Orada xəstə sayı da, praktiki fəaliyyətlər də daha çoxdur. Türkiyənin Ankara, Mərmərə, İstanbul Cərrahpaşa, Gülhanə hərbi tibb akademiyası kimi ali təhsil müəssisələrində təhsilin keyfiyyəti Azərbaycan Tibb Universitetindən çox-çox qabaqdadır. Buna görə tələbəni heç bir haqla qınaya bilmərik”.   

Klivlenddən dəvət gəlsə…

Müsahibimiz bildirdi ki, tələbələrimiz ölkəmizdənsə xaricdə işləməyi seçsə, o zaman itirəcəyik: “Tələbələrin miqrasiyası hər yerdə baş verən bir hadisədir. Türkiyədə də Ankara Universitetinə ən yüksək balla daxil olan bir tələbəyə Klivlenddən dəvət gəlsə, əlbəttə, o da Ankarada yox, xarici universitetdə oxuyacaq. Bu, inkişaf etməkdə olan ölkələrin hamısında var. Tələbə rezidenturasını hər hansısa ölkədə aldıqdan sonra onu xəstəxanalarımızda işlə təmin edə biləcəyiksə, o zaman ölkəmiz mütəxəssis qazanacaq. Yox, həmişəlik gedib xaricdə yaşayacaqsa, onu itirəcəyik. Çünki o, yaşadığı və işlədiyi ölkənin vətəndaşlarına, səhiyyəsinin inkişafına xidmət edəcək”. 

Universitetlərimizi uçuruma aparan 4 əsas səbəb

Q.Məhərrəmovun sözlərinə görə, təhsilimizi uçuruma aparan 4 əsas səbəb var: “Universitetlərimizdə əvvəlcə keyfiyyətli, şəffaf, demokratik idarəetmə çatmır. İkinci çatışmayan cəhət kadr potensialıdır. Yəni həmin müəssisələrə ölkənin və dünyanın yaxşı kadrları cəlb oluna bilmir. Universitetlərin professor, müəllim heyəti yenilikləri izləyə bilmir, sarı mühazirə vərəqlərindən istifadə edir, praktik işlər zəif olur, tələbə ilə ünsiyyəti düzgün qurmağı bacarmır, hətta bəzən qısqanır, düşünür ki, ona rəqib olacaq. Keyfiyyətli kadr problemi həll olunsa, üçüncü problem də həll olunacaq. Üçüncü problem budur ki, məzmun, keçilən dərslərin adı, dərsliklər, proqram yenilənməlidir. Bu da yaxşı idarəetmə və müəllim heyəti ilə həll olunan problemdir. Dördüncü isə infrastruktur problemidir. Yəni universitetlərimizdə praktiki təhsil yoxdur. Qeyd olunan bu 4 problem ali təhsilimizdə ciddi yaralar açır”.

6 il oxuyur, amma öyrənmir

Ekspert qeyd etdi ki, tələbələr təhsilimizdən xeyli şikayətçidir: “Xüsusilə də tibb təhsili alanlar qeyd edirlər ki, universitetdə təhsil aldığımız 6 illik dövrdə praktiki nəsə öyrənə bilmədik. Türkiyədə rezidentura oxuyanda nələrsə öyrəndik və çox əksik olduğumuzu gördük. Türkiyəli tələbələr daha çox bilirlər, amma biz sanki universitetə yeni başlamış tələbə idik. Hətta Azərbaycanda rezidentura oxuyan tələbələr də təhsillərini yarıda qoyub Türkiyəyə gedirlər ki, orada uzmanlıq öyrənsinlər. Həmin tələbələr qeyd edir ki, müəllimlər onları qəsdən öyrətmək istəmir. Tələbələrimizə praktiki öyrənmə səriştəsini qazandıra bilmədiyimiz zaman onlar ilk fürsətdə vətəndən gedəcək və inkişaf etmiş ölkənin daha yaxşı müəssisəsində həmin ixtisasa yiyələnəcəklər”. 

Reytinqli universitetlərə çatmağımız mümkün olmasa da…

Q.Məhərrəmovun fikrincə, yaxın gələcəkdə bizim reytinqli dünya universitetlərinə çatmağımız mümkün olmasa da, ən azından, özümüz üçün nəsə edə bilərik: “Hazırda biz bu problemləri həll edənə qədər inkişaf etmiş ölkələrdə yenə də irəliləyiş olacaq. Məsələn, elə düşünək ki, bir marafondur. Biz 30-cu km-dəyik. İnkişaf etmiş ölkələr isə 90-cı km-dədir. Biz 50-ci km-ə çatmağa çalışarkən onlar da 30-40 km qabağa gedəcəklər. Bu inkişaf marafonu davamlı şəkildə gedir. Biz problemləri həll etdikdə 100 faiz bütün abituriyentlər ölkəmizdə qalacaq, xarici universitetlərə getməyəcək deyə bir şey yoxdur. Sadəcə, burada qalanlar da nəsə öyrənə biləcək, keyfiyyətli təhsil alacaq”.

Share: