Azərbaycanın ərazi bütövlüyü daxilində heç bir “status”dan və ya “Dağlıq Qarabağ” anlayışından söhbət gedə bilməz

Azərbaycanın ərazi bütövlüyü daxilində heç bir “status”dan və ya “Dağlıq Qarabağ” anlayışından söhbət gedə bilməz

Prezident İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfəri ilə, iyulun 22-də Dövlət Televiziyasına müsahibəsində bir sıra vacib məqamlara münasibət bildirməsi ayrı-ayrılıqda hər biri son günlərin ən mühüm hadisələri sayılsa da, lakin bu iki hadisəyə bir-birilə əlaqəli şəkildə yanaşmaq və dəyərləndirmələr aparmaq zənnimcə, daha düzgün olardı.

Çünki Prezident Moskva səfərindən qayıtdıqdan az sonra məlum müsahibədə səsləndirdiyi fikirləri ilə əslində bir tərəfdən rəsmi Bakının istər Zəngəzur dəhlizi ilə, istər sərhədlərin demarkasiyası ilə, istər ermənilərin və havadarlarının “status” spekulyasiyası ilə, istərsə də 10 noyabr və 11 yanvar razılaşmalarından irəli gələn bütün digər məsələlərlə bağlı mövqeyini yeniləmiş, digər tərəfdən isə bölgədə marağı olan bütün geosiyasi güclərə açıq mesajlar verdi. İlham Əliyevin bu müsahibəsində ən yaxın qonşularımız olan İrana və Rusiyaya da, ermənilər üçün “status” qoparmaq istəyən dünya güclərinə də ünvanlanmış konkret mesajlar var. Ən vacib mesajlar isə heç şübhəsiz ki, ilk növbədə ermənilərin özlərinə verildi.
Öncə onu qeyd edim ki, Prezident Azərbaycanın Qərb bölgəsinə səfəri çərçivəsində bir sıra mühüm əhəmiyyətə malik olan sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirak etdi. Eyni zamanda dövlət başçısı bölgədə yaradılan yeni infrastrukturla və digər zəruri layihələrlə tanış oldu, yaxın gələcəkdə sosial-iqtisadi zəmində görüləcək böyük işlərin anonsunu verdi. Eləcə də, Prezident işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində görülməkdə olan işlərdən danışdı, azad edilmiş ərazilərdə (yəni ki, həm Qarabağda, həm də Şərqi Zəngəzurda) ilin sonunadək bütün elektrik təsərrüfatının yenidən qurulacağını, yeni ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyalarının istifadəyə veriləcəyini, yol infrastrukturunun bütünlüklə yenidən qurulduğunu, Zəfər yolunun cəmi 8-9 aya çəkildiyini, paralel olaraq Füzuli-Şuşa magistral yolunun, Horadiz-Ağbənd yolunun, Zəngilan-Qubadlı-Laçın yolunun çəkildiyini, Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları üzrə qızğın iş getdiyini, Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkildiyini, habelə Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkildiyini açıqladı. Strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək baxımından bu yolların əlbəttə, çox böyük əhəmiyyəti var və dövlət başçısı da ilk növbədə məhz bu amilə görə sözügedən yolların qış aylarına qədər çəkilib tamamlanması üçün prosesi daimi nəzarətdə saxlayır.
Prezident müsahibəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq məsələsi üzərində də geniş dayandı və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərini Azərbaycanla Aİ arasında həm siyasi əlaqələrin, həm də iqtisadi əməkdaşlığın inkişafına xidmət göstərən bir səfər kimi qiymətləndirdi. Amma eyni zamanda dövlət başçımız haqlı olaraq Aİ-nin ünvanına bir sıra tənqidi fikirlər də səsləndirdi. Xüsusən də Şarl Mişelin İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırması və “status” məsələsindən danışmasına Azərbaycan Prezidentinin tənqidi münasibətini ayrıca qeyd etməliyik. Prezident bildirdi ki, mübahisəli ərazilər və ya statusdan heç bir söhbət gedə bilməz, Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır. Prezident bir daha açıq şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü daxilində heç bir “status”dan və ya “Dağlıq Qarabağ” anlayışından söhbət gedə bilməz və “status” məsələsi İkinci Qarabağ müharibəsindən sonra tarixin arxivinə atılmış məsələyə çevrilib. Aydın məsələdir ki, hazırda Qarabağda yaşayan cəmi 25 min erməni üçün ayrıca status tələb etmək, muxtariyyət iddiasından çıxış etmək tamamilə absurddur və bunu Ermənistanın özündə də çox yaxşı başa düşürlər. Elə Ermənistanın üzərindən “status” məsələsi ilə bağlı siyasi spekulyasiyaya yol verən Fransa da, Avropa İttifaqı da bu tələbin əsassız və absurd olduğunu dərk edir. Lakin onlar bu məsələdən həm Azərbaycana qarşı təzyiq vasitəsi kimi, həm də Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etmək üçün istifadə etməyə çalışırlar.
Azərbaycan Prezidenti isə son müsahibəsində bütün bu spekulyasiya və geosiyasi oyunların hamısının üzərindən birmənalı surətdə xətt çəkdi . İlham Əliyev Ermənistana havadarlıq edən böyük güclərə açıq şəkildə bildirdi ki, Qarabağda yaşayan bir ovuc erməniyə heç bir status verilməyəcək, “Dağlıq Qarabağ” adlı ərazi vahidi də yoxdur və ümumiyyətlə, münaqişə bitib, mövzu qapanıb. Artıq bölgədə yeni bir reallıq yaranıb, hər kəs bunu birdəfəlik bilsin. Prezidentin “Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz” deməsi istər ermənilərə, istərsə də onların havadarlarına güllə kimi dəyən sözlərdir. İlham Əliyev bu sözləri ilə bir daha diplomatik natiqlik məharətini nümayiş etdirmiş oldu.
Prezident İlham Əliyev həmçinin Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına da münasibət bildirdi və bu mövqeyi ədalətsiz mövqe kimi dəyərləndirərək qeyd etdi ki, “müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir, amma pulu Ermənistana verirlər”. Prezidentin Aİ-nin ünvanına səsləndirdiyi bu ittihamlar sözügedən qurumun Cənubi Qafqaz ölkələrinə münasibətdə tutduğu “ikili standartlar” mövqeyini ifşa etmək baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycanın dövlət başçısı AzTV-yə müsahibəsində onu da bildirdi ki, artıq Ermənistana sülh müqaviləsində əksini tapacaq məsələlər təqdim olunub. Eləcə də Xankəndidə, Laçın dəhlizində nələrin olub-bitdiyindən də tam xəbərimiz var. Prezidentin “Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də” kimi olduqca vacib bir açıqlamanı verməsi, bu cür açıq danışması və bəzi faktları, həqiqətləri müəyyən dozalarla yavaş-yavaş gün işığına çıxarması yaxşı haldır. Bu, necə deyərlər, “yumşaq güc” taktikasını tətbiq etmək deməkdir. Ümumiyyətlə, rəsmi Bakının həm Laçın dəhlizi, həm də Xankəndində baş verənlərdən tam məlumatlı olması olduqca mühüm məsələdir. Bizim həmin ərazilərimizi müxtəlif texniki vasitələrlə nəzarət altında saxlamağımız, orada gedən proseslərin monitorinqini aparmağımız və üstəgəl ölkənin birinci şəxsinin o ərazilərimizdə gedən proseslər barədə bu cür açıq mətnlə danışması nədən xəbər verir? Bütün bunlar onu göstərir ki, biz sözügedən örazilərimiz üzərində tezliklə dövlət suverenliyimizi təmin etməkdə qərarlıyıq. Bu hər kəsə açıq mesajdır və biz dövlət başçımızın bu addımını təqdir edirik.
Proseslər onu göstərir ki, Laçın dəhlizi üzərində nəzarətimizin bərpa edilməsi də zaman məsələsidir. Azərbaycanın artıq Laçın dəhlizinə nəzarət etdiyi tam bəlli oldu. Azərbaycan Prezidentinin müsahibə zamanı “biz ordayıq, biz dəhlizdəyik, biz hər şeyi görürük” deməsi və Laçın dəhlizi vasitəsilə hərbçilərin, şübhəli şəxslərin, əcnəbilərin qanunsuz gəliş-gedişini, habelə erməni nömrə nişanları altında bəzi qonşu ölkələrdən Xankəndinə müxtəlif qeyri-qanuni yüklərin daşınmasını qeyd etməsi həm açıq, həm də üstüörtülü mesajlar idi. İlham Əliyev mesajların lazımi ünvanlara çatacağından tam əmindir. Qoy çatsın, qoy düşünsünlər və Azərbaycana qarşı xain davranışların cavabsız qalmayacağını da bəri başdan bilsinlər.
Azərbaycanın 44 günlük müharibədəki parlaq Zəfərinin ermənilərin bütün ideoloji sütunlarını darmadağın etdiyini vurğulayan Azərbaycan Prezidenti bu müsahibəsi ilə kövrək sabitliyi pozmaq üçün hər an əlverişli məqam axtaran Ermənistana növbəti dəfə xəbərdarlıq etdi və onu da xüsusi olaraq qeyd etdi ki, rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Bəli, 30 il ərzində özləri haqqında olmazın yalanlar uyduran, guya erməni xalqının döyüşkən xalq, erməni ordusunun isə ən güclü ordu olması barədə cürbəcür miflər uyduran Ermənistan rəhbərliyinə, erməni siyasi elitasına və erməni cəmiyyətinə postmüharibə reallıqları ilə barışa bilmək üçün həqiqətən də zaman lazım idi və Azərbaycan onlara artıq kifayət qədər zaman verib. İndi Ermənistan rəhbərliyi də, erməni toplumu da siyasi müdriklik nümayiş etdirməli, revanşizmdən əl çəkməli, sülh və dinc qonşuluğu özləri üçün əsas prioritetə çevirməlidir.
Paşinyan normal siyasi lider olsa, siyasi avantürizmlə məşğul olmaq əvəzinə, heç olmasa, İlham Əliyevin bu son müsahibəsini diqqətlə nəzərdən keçirib, özü üçün düzgün nəticələr çıxara və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün gərəkən addımları ata bilər. İndi Paşinyan üçün də, bütövlükdə erməni xalqı üçün düzgün qərarlar qəbul etmək məqamı yetişib. Ermənistanın ikinci dəfə belə bir şansı olmayacaq. Əks halda, bundan sonra Ermənistanın Azərbaycana qarşı istənilən təxribatları sərt şəkildə cəzalandırılacaq. Bunu dünən bir hərbçimizin Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olmasına cavab olaraq Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab atəşi ilə qarşı tərəfi necə susdurmasından da bir daha gördük. Azərbaycanın Dəmir Yumruğu düşmənin başını əzməyə həmişə hazırdır. 44 günlük müharibədəki ağır məğlubiyyətindən düzgün nəticə çıxara bilməyən revanşist Ermənistan toplumu və hərbi-siyasi rəhbərliyi dəmir yumruğumuzla, güc yoluyla sülhə məcbur ediləcək. İlham Əliyevin başlıca mesajı da məhz bu mesaj idi.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: