Azərbaycanın Almaniya ilə problemləri var

Azərbaycanın Almaniya ilə problemləri var

Eynulla Fətullayev

2014-cü ildə, dünyanın romantik liberalizm dövrünün haradasa arxada,  “fırtınalı 90-larda” qaldığını nəhayət dərk etdiyi və sərt praqmatik dünya düzəninin boz günlərinin başladığı bir vaxtda Qərb dünyası Udo Ulfkottenin “Satılmış jurnalistlər” kitabı ilə sarsıldı. Əfsanəvi “Frankfurter Allgemeine Zeitung” qəzetinin keçmiş redaktoru özünün sensasion kitabında alman jurnalistlərinin necə ələ alındığına dair heyrətamiz faktları açıqlayaraq  dünya ictimaiyyətini sarsıtmışdı. Məlum olmuşdu ki, onilliklər ərzində Mərkəzi Kəşfiyyat İdarəsi minlərlə alman jurnalistini ələ alıb. Udo etiraf edirdi ki, onun özü də Amerika kəşfiyyatı tərəfindən ələ alınıb, müntəzəm olaraq Mərkəzi Kəşfiyyat İdarəsindən öz məqalələri üçün mövzu və faktlar əldə edib. Bu məqalələrdə ABŞ-ın başlıca düşmənləri olan Rusiya və Çin ifşa edilirdi.

Udo Ulfkott-un bu kitabı Qərb liberal dünyasını partlatdı

Udonun etirafları məni də sarsıtmışdı. Və Berlinə səfərlərimdən birində mən böyük məmuniyyətlə bu alman jurnalisti ilə görüşdüm. 2015-ci il ərəfəsində-Birinci Avropa Oyunlarının başlanmasından əvvəl alman KİV-i özünün bütün gücünü kiçik və qlobal siyasətdə güclə nəzərə çarpan Cənubi Qafqaz ölkəsinin “nüfuzdan salınmasına” yönəltmişdi. Almanlar onlara tanış olmayan coğrafi vahidin-Azərbaycan Respublikasının adını güclə tələffüz edirdilər, bu müsəlman ölkəsinin harada yerləşdiyi haqda dumanlı təsəvvürlərə malik idilər. Lakin buna baxmayaraq bütün alman KİV-ləri iki il ərzində, gecə və gündüz demədən naməlum və yad ölkəni “yuyub-sərməklə” məşğul idilər, Azərbaycana qarşı irimiqyaslı informasiya müharibəsi aparırdılar.

“Bu sifarişdir. Onlara belə danışmaq və yazmaq əmr olunub”,-Udo məni Berlinin Maqderburg qapıları yaxınlığında yerləşən elit restoranlarından birində buna əmin edirdi. “Baxın, bu restoranda bütün alman elitası cəmləşir. Və siz onların müstəqil və öz iradələri ilə hərəkət edən adamlar olduqlarını düşünürsünüzsə, dərindən yanılırsınız. Bu günə qədər də Almaniya ilə ABŞ arasında İkinci Dünya müharibəsinin başa çatmasından dərhal sonra imzalanmış əməkdaşlıq barədə məxfi müqavilə qüvvədən düşməyib. Vaşinqtonun və Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli “dərin dövlətin” razılığı olmadan heç bir siyasətçi Almaniya kansleri ola bilməz”.

Etiraf edirəm ki, Udonun ağıllı mühakimələri məni öz açıqlığı və cəsarətliliyi ilə heyrətləndirdi. Görüşümüzdən iki il sonra Udo Ulfokte 56 yaşında ürək tutmasından qəfil öldü. Londonda keçmiş KQB əməkdaşı Aleksandr Litvinenkonun “şübhəli qəfil ölümündən” fərqli olaraq Udonun vaxtsız ölümü ictimai rezonansa səbəb olmadı. Almaniya tanınmış jazarın 2500-ə yaxın alman jurnalistinin Amerika kəşfiyyatı tərəfindən ələ alındığına dair sensasion açıqlamalarının ictimai rəyə təsirlərini heçə endirməyə bərk can atırdı…

“Siz məndən soruşursunuz ki, nəyə görə bizim KİV-lər Azərbaycana bu cür güclü diqqət yetirirlər?”,-Berlindəki mənzil-qərargahında tanınmış alman hüquq müdafiəçisi, insan haqlarının müdafiəsi Liqasının rəhbəri Hans Eberhard Şults mənim sualıma bu sualla cavab verdi.

Məğrur görkəmi, sərt baxışı ilə, barmaqlarını ehtiyatla ovuşduraraq o, həqiqətin gözlərinə dik baxdı: “Siz heç vaxt bizim telekanallarda Frankfurtda və ya Drezdendə insan haqlarının vəziyyətinə dair tənqidlər eşidə bilməzsiniz. Sizə Honkonqda nümayişçilərin dağıdılmasından, Azərbaycanda söz azadlığının pozulmasından, Rusiyada müxalifətin təqib edilməsindən danışacaqlar… Lakin heç vaxt Almaniya haqda eşitməyəcəksiniz. Çünki belə tənqidlərə tabu qoyulub. Almaniya demokratiyadan və liberalizmdən çox uzaqdır. Başqa fikirdə olanlar lənətlənir…”.

Jurnalist Eynulla Fətullayev Hans-Eberhard Şultsla görüşdə

Demokratik azadlıqların dünyanın ən inkişaf etmiş ölkələrindən birində, müasir Avropa liberal sivilizasiyasının avanqardında bu cür subyektiv qiymətləndirilməsi alman siyasi sistemi ilə şəxsi hesablaşmaları olan məşhur insan haqları müdafiəçisinin “məğrur duruşlu yalanı” kimi görünə bilər. Oxucuda Almaniya siyasi sisteminin plüralizminin xüsusiyyətləri barədə təbii və haqlı sual yarana bilər. Almaniyanı mühakimə etmək bizə qalıb? Bəs azad seçkilər necə olsun? Bəs hakimiyyətlərin dəyişməsi? Bəs inkişaf etmiş və azad bazar?

Şübhəsiz ki, heç kim alman dövlətinin liberal quruluşunu təftiş etmək məsuliyyətini üzərinə götürməyib. Almaniyada demokratiya çiçəklənir, ancaq  “dərin dövlətin” seçdiyi toxunulmaz nomenkulatur siyasi sistemin çərçivələri daxilində. Məsələn, əgər siyasi sistemə daxil olan Sosial-demokratlar partiyası-Veymar Respublikasının varisi ölkənin əsas şəhərlərində kütləvi aksiyalar təşkil etməyi qərara alırsa, o zaman yerli hakimiyyət və polis parlament partiyasının azsaylı tərəfdarları qarşısında mərkəzi prospektləri və küçələri açır. Lakin budur, əgər sosial-demokratlara qohum olan, Bundestaqda və regional qanunverici orqanlarında təmsil olunan  Sol partiya “Okkupay” hərəkatı ilə birlikdə on minlərlə narazı almanı küçələrə çıxarmağa çalışsa, o zaman sistemdənkənar müxalifətin qarşısında çoxsaylı polis kontingenti dayanacaq. Döyəcəklər və üstəlik xeyli sərt döyəcəklər, gözyaşardıcı qaz tətbiq edəcəklər. Heç deputatlara da məhəl qoymayacaqlar. Onları da tutacaq və hətta döyəcəklər. Başqa məsələdir ki, ultrasağlar, məsələn, “Peqida” hərəkatının tərəfdarları üçün millətçi Saksoniya əyalətində əsas küçələri açacaqlar.

Və yaxud çoxsaylı solçu gənclər arasında populyar olan “Attak” hərəkatını götürək. İnanılmaz ictimai dəstəyə baxmayaraq, parlamentin qapıları bu sistemdənkənar qüvvə üçün də bağlıdır.

Bax, formalaşmış və qorunan rəsmi sistem çərçivəsində məhdudlaşdırılan nisbi seçki demokratiyası, şərti xalq hakimiyyəti belədir. Əlbəttə ki, marksizmdən dönənlərin ardıcılları və ya burjua demokratiyasının müasir tərəfdarları belə sistemi nəzarətli demokratiya adlandıracaqlar – xalq hakimiyyətinin mücəssiməsi. Ancaq solçular və hətta mərkəzi solçular, mən hələ sosial liberalları və insan haqları fəallarını demirəm, Almaniya demokratiyasını bir növ anatemiyaya məruz qoyacaqlar. Qollsonrası Fransadan fərqli olaraq, müasir Almaniya üçün əsas məsələ etibarlı xarici siyasət istiqamətləridir. Antiqərblilərə və antiamerikalılara siyasi sistemdə yer yoxdur. “Almaniya üçün Alternativ” – avroskeptik və ümumiyyətlə irqçi, lakin parlament partiyası Rusiyaya qarşı yeni sərt sanksiya mərhələsini pisləyən kimi, hərəkat xüsusi xidmət orqanlarının, xüsusilə Almaniya Konstitusiyasının Müdafiəsi Federal Xidmətinin hədəfinə tuş gəldi.

 

Almaniyada polis və kəşfiyyat tərəfindən idarəolunan demokratiya

Əgər Almaniyada KİV hücumlar, məqsədyönlü kampaniya üçün hansısa ölkəni seçirsə, deməli, bu, kiməsə lazımdır. Tezislər buraxılır, düymələr basılır -sifariş gəlib. Hətta Mingəçevir bölgəsindəki cəzaçəkmə müəssisəsində saxlanma şəraitinə belə yüzlərlə tənqidi yazının həsr olunduğu Almaniya mediasında anti-Azərbaycan isteriyası sanki hansısa sehrli çubuğun işarəsi ilə bir gündə yox oldu. Və 5-6 ildir ki, alman mətbuatı Heydər Əliyev Fondunun Avropadakı xeyriyyəçiliyi və son Qarabağ müharibəsi haqqında nadir yaxşı rəylər istisna olmaqla, Azərbaycanı demək olar ki, görmədi.

Ancaq Almaniyanın ictimai rəy qurumları bir gecədə, məhz Bakı üçün qalibiyyətlə bitən İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycana olan münasibətlərini kəskin şəkildə dəyişdilər. Uzaq ölkə yenə Almaniya siyasətinin mərkəzinə köçdü və bütün dünyanın bu ölkənin KİV-lərinə maraq göstərməsinə səbəb oldu.

Bəs bu dəfə nə baş verdi? Və yeni tapşırıqlar  kimdən gəldi, fəalları kim ortaya buraxdı? Mühakimə etmək çətindir. Xüsusilə uzun bir sükunətdən sonra və üstəlik, qarşılıqlı diplomatik reveranslar dalğasında. Təəccüblüdür, amma məhz Almaniyanın səfiri yeganə səfirdir ki, yazılmamış diplomatik etiketi pozaraq, digər səfirlərlə birlikdə Qarabağın işğaldan azad edilmiş rayonlarını ziyarət etməkdən imtina etdi –  özü də nümayişkaranə və kobud şəkildə. Qeyd edək: İkinci Qarabağ müharibəsində Ermənistanı açıq şəkildə dəstəkləyən ənənəvi ermənipərəst Fransanın səfiri yox.

Səfir Volfqanq Maninq Azərbaycan Ağdamına getmədi

Məhz, hökuməti bütün 44 günlük amansız müharibə boyunca neytrallıq nümayiş etdirən Almaniyanın səfiri. Bəli-bəli, müharibədən sonra nəsə başqa cür gedib. Bundestaqda bəzi alman deputatlarını koronavirusa yoluxmuş şəxslər üçün Azərbaycana IVL aparatları göndərməyə cəhd göstərdiklərinə görə rüsvay etməyə başladılar. Daha sonra Tbilisidə yerləşən Almaniya QHT-ləri rəsmi Bakıya qarşı fəal təbliğat kampaniyasına qoşuldular, paralel olaraq kanslerin emissarları NATO və Avropa İttifaqı meydanlarında Azərbaycana hücum etməyə tələsdilər.

Alman diplomatları Azərbaycanın Avroatlantik qurumlarla əməkdaşlığını açıq şəkildə pozur, eyni zamanda Ermənistanın Qərbdə daha fəal olmasını təşviq edirlər. Nə olub? Və “alman maşınını” Azərbaycana qarşı yeni səlib yürüşünə kim ilhamlandırıb?.. Bəs əvvəllər Azərbaycana qarşı laqeyd olan alman jurnalistləri, Bakının xarici siyasətinə biganə yanaşan alman siyasətçiləri Azərbaycana qarşı kimin sözü ilə “soyuq müharibə” elan ediblər?

Hələ ki, yeni alman tapmacasına bir cavabımız var: Bakı Almaniya ilə problem yaşayır və yeni bir təbliğat müharibəsi başlayır.

 

Share: