Faiq Balabəyli: “Dəmir yumruq” abidələri də sübut edir ki, biz hər zaman işğalçıya öz həddini göstərməyə hazır olan xalqıq”
Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərimizdə “Dəmir yumruq” abidələri ucaldılır. Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində, Kəlbəcər rayonunda “Dəmir yumruq” abidəsi ucaldılıb. Azad Laçında da “Dəmir yumruq” abidəsi ucaldılır, artıq abidə Laçına aparılıb. Təkcə azad edilən ərazilərimizdə deyil, Bakının Qala Qoruğunun ərazisində də, rayonlarımızda da “Dəmir yumruq” abidəsinin ucaldılmasının şahidi oluruq.
44 günlük Vətən müharibəsinin birlik rəmzi sayılan “Dəmir yumruq” Azərbaycanın hər yerindən düşmənə sipər kimi görsənir. Bu abidələr “Dəmir yumruq”la qazndığımız misilsiz zəfərin obrazlı ifadəsidir. Bilirik ki, “Dəmir yumruq” Azərbaycan Ordusunun işğal altında olan torpaqlarının azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.
Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də azad edilmiş ərazilərdə qoyulan “Dəmir yumruq” abidələrinin simvolik mənası nədir? Bu abidə hansı mesajların ifadəçisidir?
Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Dəmir yumruq” əməliyyatı ilə başlayan Vətən müharibəsi zəfərlə başa çatıb və “Dəmir yumruq” da qələbəmizin simvoluna çevirilib: “Bu ifadə artıq aforizm, yaxud da zərb-məsəl kimi səslənir: biz onlara dəmir yumruğumuzu göstərdik. Bu həqiqətən də belədir. “Dəmir yumruq” ifadəsi Ordumuzun Ali Baş komandanına məxsusdur. Bu, ordumuzun gücünü əks etdirən, daxili inamdan və qətiyyətdən irəli gələn bir çağırış, deyim idi ki, haqlı olaraq qəlblərimizə hopdu, dillərimizdə ifadə olundu və olunmaqdadır. Bu baxımdan da bu sözlə deyilən. iki sözdən ibarət olan ifadə tərzinə abidələrin qoyulması zəruridir. Mən hesab edirəm ki, bu heykəllər təkcə Prezidentin onlarla zərb-məsələ çevrilən sözünə deyil, həm də onun Ali Baş Komandanı olduğu bir orduya qoyulan heykəldir. Bu və digər ifadələr xalqın ürəyincə idi və yerinə məqamına düşən deyimlər idi. “Biz onları iti qovan kimi qovduq”, “Sanki bir icma sürüsüdür buradan keçib gediblər” və buna bənzər deyilən ifadələr Ordunun, xalqın gücündən, sevgisindən, yurda bağlılıqdan bəhs edir”.
F.Balabəyli vurğuladı ki, “Dəmir yumruq” abidələri düşmənə gərəkli mesajdır. O bildirdi ki, Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarının simvoluna çevrilmiş “Dəmir yumruq” abidəsi əsrlər boyu xalqımızın işğalçılara qarşı necə mübariz olduğunu təsdiq edən bir nümunədir: “Biz xalq olaraq öz liderimizin ətrafında dəmir yumruq kimi birləşdik, düşmənə qalib gəldik. “Dəmir yumruq” abidələri də sübut edir ki, biz hər zaman işğalçıya öz həddini göstərməyə hazır olan xalqıq. Başına “Dəmir yumruq” dəyən düşmən bunu çox yaxşı bilir”.
F.Balabəylinin sözlərinə görə, təsadüfi deyil ki, insanlarımız bu ifadələri məqamı olanda tez-tez işlədir, mahnılarda, hətta meyxana ustaları bədahətən deyilən deyişmələrində də istifadə edirlər: “Demək bu heykəllərin simvolik mənası Azərbaycan xalqının Ordusunun gücünə ehtiramı, inamı kimi xarakterizə olunmalıdır”.
İradə SARIYEVA