Faiq Balabəyli: “İranın zəhər dağıdan “Səhər” kanalı daim Azərbaycanın əlehinə hazırladığı ziyanlı verilişləri ilə yadda qalıb”
Bu gün ən həssas bölgələrimizdən biri Cənub zonasıdır ki, molla rejiminin ora müəyyən vasitələrlə təsir göstərmək imkanları var. Məsələn, radio verilişləri ilə asanlıqla burada öz təbliğatını apara bilir.
Tehran rejimi hələ Sovet dövründən radio vasitəsilə anti-Azərbaycan kampaniyası aparıb və bu radio siqnalları vasitəsilə bizə ötürülüb. Yəni cənub zonasına. Təəssüf ki, bu gün İran kanallarının kütləvi şəkildə bizim cənub bölgəmizdə yayımlanması halları mövcuddur.
Cənub bölgəsinə gedən vətəndaşlar deyirlər ki, indiki dövrdə İran radiolarının cənub bölgəmizdə yayımlanmasının qarşısını almaq üçün nə işlər görülməlidir? Çünki o radiolarda Azərbaycana qarşı ziyanlı təbliğat həyata keçirilir, ziyanlı informasiya təxribatı baş verir. Nəzərə alaq ki, bu, informasiya təhləkəsiziliyimizə təhdiddir.
Bilirik ki, Azərbaycanin cənub bölgəsində İran televiziya və radio kanalları intensiv olaraq yayımlanır. Cənub bölgəsinə gedəndə bunun özümüz də şahidi oluruq. Molla rejimi bu vasitələrdən istifadə edib zərərli təbliğat aparır. İran radio və televiziya kanallarının yayımının qarşısının alınması üçün nə kimi tədbirlər görülür, nazirlik hansı addımları atıb? Buna görə İran tərəfə hər hansı bir xəbərdarlıq edilibmi? Bu barədə hər hansı bir rəsmi qərar varmı ki, İran ona görə bu təxribatı dayandırsın?
Bu suallara cavab almaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə rəsmi sorğu göndərdik. Yazı çapa hazırlanana qədər cavab təqdim edilmədiyi üçün ekspertə müraciət etdik. Təbii ki, nazirliyin rəsmi cavabını da hazır olandan sonra işıqlandıracağıq.
- “Molla rejiminin radioları bölgələrimizdə məhz belə iyrənc təbliğatları ilə aktivdir”
Əslən Cənub bölgəsindən olan Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, molla rejiminin bu davranışı həm beynəlxalq konvensiyalara, həm qonşuluq münasibətlərinə ziddir, eyni zamanda da bizim informasiya təhlükəsizliyimizə təhdiddir. “Tehran rejimi bütün varlığı ilə Azərbaycan Respublikasına qarşı düşmən mövqeyində olduğunu göstərib. Eyni zamanda da ikili siyasət yeritməyə cəhd edib. Üzdə bəzi hallarda özünün dindaşı, ağrılı günlərimizdə “humanist” kimi görünmək istəyiblər, içdə tam fərqli olublar. Qarabağın işğalının ilk günlərində guya “İmdad” xeyriyyə cəmiyyəti adı altında saqqız-baqquş gətirib, ancaq öz casus şəbəkələrini yerləşdirirdilər. İran bədbəxt ölkədir, əlbəttə ki, dövlətin idarəçisi olan molla rejimi nəzərdə tutulur.
Zaman keçdikcə çürük siyasətləri aşkar olunur. Səfirliyimizə qarşı terror hadisəsi və digər insanlığa zidd hərəkətləri dediklərimizə sübutdur.
İranın zəhər dağıdan “Səhər” kanalı daim Azərbaycanın əleyhinə hazırladığı ziyanlı verilişləri ilə yadda qalıb və bu bu gün də davam etməkdədir.
Molla rejiminin radioları bölgələrinizdə məhz belə iyrənc təbliğatları ilə aktivdir. Bunun qarşısını mütləq almaq lazımdır. Əlbəttə, “dua oxumaqla donuz məsciddən çıxmaz”. Cavab adekvat olmalıdır. Verilişlər hazırlanmalıdır”.
F.Balabəylinin sözlərinə görə, molla rejiminin zərərli təbliğatının qarşısı bütün vasitələrlə alınmalıdır. “Biz əməlli-başlı verilişlər hazırlamalıyıq. Televizya və radiolardan düşük, bambılı, yüngül adamaların toplaşdıqları ucuz şou verilişlərini yığışdırmaq lazımdır. Bütün sahələr üzrə ciddi verilişlər hazırlanmalıdır. Mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, dini, tarixi və sair. Hər bir verilişdə də paralellər aparılmalıdır. İranın bütün sahələrdə necə mürtəce və yırtıcı olmasını təbliğ etməli, insanları maarifləndirməliyik.
Düşünürəm ki, həqiqətləri aşkarlamaqla İrana əks zərbəni vurmaq olar…”-deyə F.Balabəyli qeyd etdi.
F.Balabəyli əlavə etdi ki, bu məsələ ilə bağlı əlaqədar qurumlar birmənalı şəkildə fəaliyyətə keçməlidir və molla rejiminə tutarlı cavab verməlidir. O, həmçinin qeyd etdi ki, Azərbaycan radiolarının tezlikləri elə qurulmalıdır ki, onlara Azərbaycanın hər bölgəsində qulaq asmaq mümkün olsun. Cənub bölgəsinin molla rejiminin radio-televizya kanallarının işğalından qurtarılması üçün rəsmi tədbirlər görülməlidir deyən F.Balabayəli hesab edir ki, İran çağırışlara məhəl qoymasa, aidiyyəti beynəlxalq qurumlara da müraciət edilməlidir.
Əli TURABOV
Bakı-Xəbər