Azərbaycanın ilk milli velosiped brendi İSMA-nın mağazaları fəaliyyətini dayandırıb.

Azərbaycanın ilk milli velosiped brendi İSMA-nın mağazaları fəaliyyətini dayandırıb.
Bakıda Heydər Əliyev prospektində və “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazalar bağlıdır. Eyni zamanda, isma.az saytının da işləməməsi də diqqəti cəlb edir.
Faktı İSMA brendinin daxil olduğu “Synergy Group”dan da təsdiq etdilər.
“Synergy Group”un Marketinq direktoru Murad Mirzəyev “Marja”ya açıqlamasında bildirdi ki, İsmayıllı Velosiped Zavoduna məxsus mağaza fəaliyyətini dayandırıb. Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir:
“20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni koseptdə fəaliyyətini bərpa edəcəkdir. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib”.
Murad Mirzəyev əlavə etdi ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar:
“Mağazanın anbarında olan velosipedlər “Maqnit” mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək”.
Murad Mirzəyev bildirdi ki, İsmayıllı Velosiped Zavodu (İSMA) fəaliyyətini dayandırmayıb. Zavodun isma.az saytının işləməməsi isə texniki problemdir, tezliklə sayt fəaliyyət gösətərəcəkdir.
Alıcılar İSMA velosipedlərinin qiymətlərinin yüksək olduğunu bildirirdilər.
Share: