Çöhrəsindən təbəssüm heç vaxt əskik olmur, qərblilər kimi üz-üzə gəldiyi insanları sayğı ilə salamlamağı bacarır. Amma çox ciddi adamdır. Mehribanlığına da söz ola bilməz. Savadlıdır, bəlkə də ölkədə dövrünün ən parlaq düşüncəli gənclərindən biri olub. Azadlıq hərəkatının fəallarından biri kimi, Əbülfəz Elçibəylə çiyin-çiyinə işləyən vaxtları da olub, icra başçısı işlədiyi dövrü də…
Deyir ki;- “Mən böyük siyasətdə, Elçibəy kimi nəhəngin müavini, partiyanın müxtəlif səviyyəli rəhbər orqanlarında təmsil olunmuş, gördüyüm bir sıra tarixi hadisələrlə Azərbaycan tarixində yeri olan birisiyəm. Mən piştaxta arxasından gəlməmişəm. Bəzi “bizimkilər” mənə qarşı destruktiv xətt tutduqları halda Türkiyə “İlin Altun Adamı” ödülünə layiq görüb.”
İti zəkası var. Qaynar adamdır, yerində saymağı xoşlamır, daim irəliyə doğru can atır. Dərin düşünmə qabiliyyətinə malikdir, hadisələrə dolğun şərh verməyi bacarır. Siyasi savadına söz ola bilməz…
“Ermənistanın indiki hakimiyyəti nə qədər tənqid olunsa da, Ermənistan sonuncu xalq hərəkatının məntiqi nəticəsi olaraq formalaşıb. Legitimliyi Ermənistan daxilində və beynəlxalq arenada şübhə doğurmur. Paşinyan arxasında erməni xalqının iradəsini hiss edir və maksimalist şüarların təsiri altındadır. Belə olan halda Ermənistan daha əlavə dividentləri, yaranmış imkandan öz maraqlarına uyğun davranmağı doğru hesab edir. Rusiyanın bu planda payı olmamış deyil. Amma Rusiya həm də ikibaşlı oyun oynayır və Paşinyanı cəzalandırdığı üçün pat vəziyyətində qoyur. Ermənistanda Rusiyanın diqtəsi olmadan hakimiyyət formalaşması Rusiyanı qane edə bilməz və Ermənistanın xəyal etdiyi qərarın verilməməsi məhz bununla bağlıdır. Rusiya eyni zamanda, Orta Şərqdə Türkiyə ilə rəqabətdə itirilmiş müəyyən mövqelərin kompensasiyasını Qafqazda, konkret halda Ermənistan-Azərbaycan-Gürcüstan sərhəddində- Qədim İpək yolunun qovuşduğu məkanda axtarır.”- söyləyir.
Haqqında söhbət açdığım Zəlimxan Məmmədli 1957-ci ildə qonşu Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dünyaya gəlib. 1981-ci ildə Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsində ikinci ali təhsilə yiyələnib. 1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq işləyir. Ailəlidir, 2 qızı və 1 oğlu var…
Deyir ki;- “Mənim son vaxtlar aktiv siyasətdən getməyimin əsas səbəbi Borçalı məsələsidir. Daha doğrusu Borçalı məsələsi ilə məşğul olmağıma səbəb olan nədənlərdən biri tanınmış ziyalıların bu məsələdə mənə müraciət etməsi olub. Ziyalılarımız siyasətdə qazandığım təcrübəni Borçalıya məsələsinə həsr etməyə çağırdılar. Hazırda, Borçalı bizim tarixi torpaqlarımızdandır ki, insanlarımız oranı tərk etmək istəyirlər, daha doğrusu buna təhrik edilirlər, belə olan halda, biz bu məsələ ilə ciddi məşğul olmaq qərarına gəldik. Milli ziyalı kontengenti ilə məsələyə ciddi yanaşmağa başladıq. Borçalının Azərbaycan üçün strateji önəm daşıdığını bilməliyik. Borçalı Azərbaycanın Cənubi Qafqazda dövlətçiliyinin əsas sütunlarından biridir. Borçalı üç dövlətin əhatəsində yerləşir və Tükiyə ilə quru sərhədi var. Hər zaman bu qapı açıla bilər. Dini-entik bir ərazidir. Borçalı məsələsinə hansısa partiyanın, təşkilatın maraqları ilə yanaşsaq, bilə-bilə özümüzü məğlub etmiş oluruq və bu böyük yanlışlıq olar. Ciddi proseslərin getdiyi bir zamanda buna gedə bilmərik. Ümümmilli məsələlərimizi bir kənara qoyub, daxili firqəçiliklə məşğul olmamalıyıq! Milli görüşün, milli baxışın birlik modelinin gercəkləşdirməyin zamanı çatdığını görməliyik. Nəyin bahasına olursa olsun, Borçalı əldən çıxmamalıdır…”
Zəlimxan Məmmədli 1998-ci ildə ABŞ-nin Beynəlxalq Elm, Təhsil, İncəsənət və Sənaye Akademiyasının üzvü, 2017-ci ildə isə Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Akademiyasının akademiki seçilmişdir. Rus dilində çap edilən “Vraç pokarivşiy Kafkaz miloserdiem” – “Qafqazı xeyirxahlıqla fəth etmiş həkim”, “İdman böyük diplomatiyadır”, “Borçalı dastanı”, “İnsan” kitablarının müəllifi, “Başkeçid qolunu saldı boynuma” kitabının həmmüəllifi və professor Camal Mustafayevin “Fəlsəfi tarixi araşdırmalar” kitabının redaktorudur. Bunlardan əlavə “Eldən-Elata” jurnalının yaradıcısı, bir müddət də “Borçalı İctimai Cəmiyyəti”nin sədri olub…
“Təxminən on üç il bundan öncə Gürcüstan tarixində ilk dəfə olaraq Borçalı türklərinin 28 May Respublika günü ilə bağlı Tbilisidə 500 nəfərdən çox insanın iştirakı ilə yürüş keçirdik. Bu tədbiri keçirməkdə əsas məqsədimiz o idi ki, Borçalı türklərini Gürcüstanın siyasi-içtimai həyatına aktivləşdirmək və insanlarımızı bir güc halına gətirməkdi. Həmçinin də Borçalı türklərinin Gürcüstan dövləti üçün, ciddi bir dayaq olduğunu göstərmək və insanlarımızda Tbilisi qorxu sindiromunu aradan qaldırmaq idi. Bizdə buna nail olduq. Eyni zamanda məyus olan anlar da yaşadıq. Bu tədbirdə Heydər Əliyev büstünü ziyarət etmək məsələsi müzakirə olunurdu. Hər şeydən öncə onu deyim ki, Borçalı cəmiyyəti bütün firqələrin birləşdiyi bir milli təşkilatdır. Azərbaycanda ikinci belə bir təşkilat yoxdur. Bütün firqələr bir amal uğrunda birləşə bilsinlər. Borçalı cəmiyyəti bütöv bir təşkilat olduğuna görə, fəaliyyətimizi buna uyğun yönləndirir və bu istiqamətdə davam etdiririk. Bu gün deyirlər ki, Zəlimxan Məmmədli büstün qarşısında baş əyib. Əvvəla, onu deyim ki, mən baş əyən oğlan deyiləm. Biz bütün milli maraqlarımızı nəzərə alaraq, Heydər Əliyevin büstünü ziyarət edik. Düşünürük ki, bu fəaliyyətimizdə elan etdiyimiz kimi milli birlik modelimizin prinsiplərinə tam cavab verirdi. İnsanlarımızda bundan məmnun qaldılar. Borçalı insanı dil-din içində öz birliyini yaşatdığı üçün, Azərbaycanı bir görmək istəyir. Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, o cümlədən Heydər Əliyev də bu xalqın qürur mənbəyidir. Və bu məsələ heç bir zaman firqəçilik müstəvisinə keçməyib.”- söyləyir.
Zəlimxan Məmmədli 1988-ci ildə Milli Azadlıq Mübarizəsinə qoşulub. 16 avqust 1992-ci il tarixində sabiq Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 117 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə bir ildən az işləsə də, “Ana harayı” abidəsinin, Şah İsmayıl Xətainin heykəlinin, Hacı Zeynəlabdin Tağıyevin büstünün ucaldılmasına nail olub. Sonra on il Azərbaycan Sambo Federasiyasına rəhbərlik edib. Eyni zamanda həmin illərdə Avropa Sambo Federasiyasının vitse-prezidenti, 1997–2002-ci illərdə isə Beynəlxalq Sambo Federasiyasının Tibb Komissiyasının sədri olub. 2002-ci ildə isə “Milliyət” qəzetini təsis edib. 2012-ci DAK-ın İdarə Heyətinin üzvüdür…
Deyir ki;- “İndiyədək mediaya kifayyət qədər geniş məlumat vermişəm. Mən, “dildə, fikirdə, işdə, birlik” postulatını çox ciddi qəbul edirəm. Bu, kəlam bizim millətin milli genetikasını, ideologiyasını, mədəniyyətini özündə daşıyan bir fikir sistemidir. Hazırda da, bu kəlam bizim fəaliyyətimizin əsas ana xəttini daşıyır, bundan sonra da eyni sistemlə hədəfə doğru gedəcəyik. Hər zaman bildirirəm ki, ümümmilli məsələlərdə firqə, şəxsi maraqları məsələsi yoxdur. Bilirsiniz ki, biz siyasətdə vəzifəmizi dondura bilərik və s. kimi açıqlamalar da vermişik. Ümümmilli məsələlərimiz olan Dağlıq Qarabağ, Güney Azərbaycan, Borçalı, Dərbənd, demokratiya məsələlərimizdə də prinsipial mövqe ortaya qoymuşuq. Məhrum prezidentimiz Əbülfəz Elçibəy də milli birlik, milli barış məsələsinə çox önəm verirdi. Bu gün üzərimizə gələn çoxdur. Azərbaycan elə bir strateji mövqeyə malikdir ki, onun zəngin enerji ehtiyyatlarını bura əlavə etsək, Azərbaycana milli birlik, milli görüş postulatı hava-su kimi lazımdır. İndi cəmiyyətdə, sağlam bir fikir ortaya gəlib, biz bunu görürük. Nəzərə alaq ki, tarixən milli birliyin olmamasının acısını zaman-zaman yaşamışıq. Həmin ağırlı proseslərdə, Qərbi Azərbaycanı itirdik. Əsas enerjimizi daxili çəkişmələrə həsr etdik, nəticədə də bugün Qərbi Azərbaycanda bir nəfər də olsun türk qalmayıb. Eyni halı Güney Azərbaycan məsələsinində yaşayırıq, indi mənə sual versəniz ki, Güney məsələsində Quzey Azərbaycan proseslərə hazırdırmı, sualına ürək açan cavab verə bilməyəcəm. Dərbəndə sürətli assimilasiya siyasəti aparılır. Yenə də, enerjimizi daxili firqə çəkişmələrinə yönəldirik. Dünyada gedən sürətli qloballaşma prosesində milli birliyi qoruyub saxlamaq çətindir. Azərbaycanın güclənməsi, inkişaf etməsində birlik vacib şərtlərdən biridir.”
Zəlimxan Məmmədli həm də AXC-nin Xətai Şöbəsinin sədri olub. Sonra ardıcıllıqla AXC-nin sədri Əbülfəz Elçibəyin müavini, sədr aparatının rəhbəri, sədrin ictimai, siyasi və xarici əlaqələr üzrə müavini vəzifələrini icra edib. Daha sonra isə Klassik Xalq Cəbhəsi Partiyasının üzvü və Ali Məclisinin sədri olub. 2010-cu ildə isə bu partiyadan istefa verib. 2020-ci ildə Haqq Ədalət Partiyasına üzv seçilib və partiyanın Ali Məclisinin sədri, eləcə də İdarə Heyətinin üzvüdür.
Göründüyü kimi, ixtisasca həkim olsa da bütün ömrü boyu siyasət meydanında olub. Doğrudur, ötən müddət ərzində üzərində “xalq cəbhəsi” kəlmələri olan bir neçə partiya dəyişib, yəqin ki, səbəbini özündən yaxşı heç kim bilə bilməz. Amma Azərbaycanın müstəqilliyinə özünəməxsus töhfə verə bilibsə, deməli xoşbəxt adamdır.
Mən onu həyatımda cəmi iki dəfə görmüşəm. Birinci dəfə AKXCP-nin sədri Mirmahmud Mirəlioğlunun rəhmətlik oğlunun yas mərasimində, ikinci dəfə isə “Təzadlar” qəzetinin otuz illik yubileyində…
İyulun 17-də Zəlimxan Məmmədlinin 66 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
Elman Eldaroğlu