Azərbaycanın rəsmi milyonçuları: ADLAR VƏ SƏRVƏTLƏRİ – SİYAHI

Azərbaycanın rəsmi milyonçuları: ADLAR VƏ SƏRVƏTLƏRİ – SİYAHI

Ölkənin rəsmi milyonçularının siyahısını tərtib edilib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Haşiyəyə çıxaraq qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.

Publika.az xəbər verir ki, İndex.az hesablama zamanı yalnız saytlarda yerləşdirilən hesabatlara istinad edib.

Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucularımız üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmini də təqdim edirik. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər. Index.az mütəmadi olaraq auditaroyasını iş adamlarının indiyədək əldə etdiyi dividendlər barədə məlumatlandırır.

Araşdırmalar göstərir ki, “Premium Bank”ın sahibi Zərifə Mehdiyeva ölkənin ən zəngin səhmdarıdır. O, adıçəkilən bankın səhmdar kapitalına 130.6 milyon manat yatırıb. Ötən il isə “Premium Bank” ona əlavə olaraq 3.3 milyon manat qazandırıb. Bu şəxsi tanımayanlar üçün qeyd edək ki, Zərifə Mehdiyeva “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. O həm də “Gazelli” şikrətlər qrupunun təsisçisidir.

Vaxtilə Hikmət İsmayılov “Bank of Baku” və “AFB Bank”ın səhmlərini alanda mətbuat bu şəxsə bu cür iltifat etmişdi: “Ölkənin ilk milyonçusu…”

Təbii ki, İsmayılov ilk milyonçu deyildi. Bu şəxs haqqında məlumat tapmaq çətindir. Mətbuat yazır ki, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Yeri gəlmişkən, onun haqqında bu yaxınlarda Index.az saytında geniş yazı dərc olunub. Hikmət İsmayılov “AFB Bank” və “Bank of Baku”ya toplamda 86.4 milyon manat yatırıb. Təkcə 2020-ci ildə iş adamı iki bankdan 15 milyon manat qazanıb.

Ölkənin tanınmış bankirlərindən olan Eldar Qəribovun, necə deyərlər, bir əli “Unibank”ın üstündədir. İndiyədək investor banka dəfələrlə yatırım edib və son məlumata əsasən, bankın səhmdar kapitalında 108.6 milyon manatı var. O, səhdmar qismində ötən il 9.5 milyon manat qazanc əldə edib. Qəribov həm də bankın Müşahidə Şurasının sədridir.

Bank sektoruna yatırım edən şəxslər sığorta sektorundan da pul qazana bilir.

Məsələn, Hikmət İsmayılovun qazancı yalnız “AFB Bank” və “Bank of Baku” ilə kifayətlənmir. Bu şəxs “AzSığorta” şirkətinin yeganə səhmdarıdır. Başqa sözlə, o, sığorta şirkətinin 20.3 milyon manatlıq səhmdar kapitalının tamamına sahibdir. Üstəlik, şirkət ötən il iş adamına 1.9 milyon manat qazandırıb.

Share: