Son günlər siyasi partiyaların, jurnalistlərin, blogerlərin və digər peşə sahiblərinin Qarabağa səfərləri təşkil edilir. İşğaldan azad edilmiş bölgələrə səfər edən şəxslər erməni vəhşiliyi ilə əyani formada tanış olurlar.
Azərbaycanda qeyri-millətlərin nümayəndələri də yaşayır.
Maraqlıdır, qeyri-millətlərin nümayəndələri Qarabağa getmək arzusundadırmı?
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı onların da arzuları var:
“2020-ci ilin oktyabrında ölkədə müharibə gedirdi. Rus icması olaraq Ordumuza dəstək üçün Türkiyə, Azərbaycan və Rusiya bayraqları altında “Qarabağ Azərbaycandır” adlı avtoyürüş keçirmişdik. Hələ həmin vaxtlarda Şuşada da bu cür tədbirlər keçirmək arzusunda olduğumuzu bildirmişdik”.
Mixail Zabelinin sözlərinə görə, işğaldan azad edilmiş bölgələrə səfərlə bağlı onlara xeyli müraciət daxil olub:
“Bildiyiniz kimi, mayda provaslavların Pasxa bayramı olacaq. Qarabağ döyüşlərində iştirak edən qazilər, şəhid ailələri arasında milliyyətcə rus olan Azərbaycan vətəndaşları bizə müraciət ediblər. Onlar Pasxa bayramını Şuşada keçirmək arzusunda olduqlarını bildiriblər. Milli Qəhrəman Yuri Kovalyovun qızı Azərbaycanda Rus Gənclər Assosiasiasının sədr müavinidir. Atası Birinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub. Onun da qızı bizimlə birgə Şuşanı və digər işğaldan azad edilmiş torpaqları görmək istəyir. Təbii ki, səfərin həyata keçirilməsinə icazə verilən kimi Rus icması işğaldan azad edilmiş torpaqlara gedəcək. Tədbirləri keçirməkdə məqsədimiz dünyaya mesaj xarakteri daşıyır. Dünya görsün ki, Azərbaycanda yaşayan hər kəs dinindən, irqindən asılı olmayaraq eynihüquqlu vətəndaşdır. Biz dünyaya bir daha bəyan etmək istəyirik ki, Azərbaycanda yaşayan digər millətlər öz bayramlarını qeyd edə bilirlər.
Azərbaycan həmişə çoxmillətli dövlət olub. Bütün xalqlar burada firavan, mehriban və dostluq şəraitində yaşayıblar. Müasir dövrdə bu cür mədəni yaxınlıq əlaqələri multikulturalizm adlandırılır. Lakin Azərbaycan hər zaman multikultural dəyərlərə hörmətlə yanaşıb. Ona görə də digər millətlərin də adət-ənənələrini, bayramlarını bir yerdə qeyd edərək, qoruyub saxlayıb. Bu bizim sərvətimizdir. Cənab Prezidentin də vurğuladığı kimi, Şuşa bizim mədəniyyət mərkəzimizə çevriləcək və həmin mərkəzdə Azərbaycanda yaşayan ruslar da öz bayramlarını keçirəcək. Böyük sevgi və məhəbbətlə bayramımızı Şuşada keçirmək istərdik. Qarşıdan Novruz bayramı gəlir. Bu münasibətlə bütün azərbaycanlıları təbrik edirəm. Eyni zamanda, bu Novruz bayramı qələbənin ilk Novruzudur. Azərbaycan xalqına firavanlıq arzulayıram. Tonqallarınız hər zaman gur yansın”.