Azərbaycanın şanlı tarixi – 8 noyabr

Azərbaycanın şanlı tarixi – 8 noyabr

 

Üç il bundan əvvəl müzəffər Azərbaycan ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək torpaqlarımızı işğal altından azad etdi. Şanlı ordumuz tərəfindən ərazi bütövlüyümüzün bərpası eyni zamanda  tarixi ədalətin bərpası idi. Haqq-ədalət uğrunda mübarizə aparan ordu mütləq qalib gəlməli idi. Həm də ona görə ki, uzun illər ərzində biz bu amalla yaşamışdıq.
Azərbaycan xalqı hər zaman torpaqlarımızın işğaldan azad olunması mübarizəsinə tam hazır idi.
Prezident cənab İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi. Amma bunun əksinə olaraq Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi münaqişənin hərbi yolla həll olunmasından başqa variantının olmadığını ortaya qoydu. Bu sözlərin cavabını cənab Prezident Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi.
Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu. Böyük Qələbənin əldə olunmasında bütün qoşun növlərinin öz xidmətləri vardır. 44 gün ərzində ərazilərimizin işğaldan azad olunmasında xüsusi təyinatlı qüvvələrin əvəzsiz xidmətləri olmuşdur. Aviasiya və pilotsuz uçuş aparatlarından səmərəli istifadə isə itgilərimizin minumuma endirilməsinə səbəb olmuşdur. Döyüş əməliyyatlarında Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlıqları haqqında hər gün yeni-yeni faktlar oxuyuruq. Ordumuzun 400 nəfərlik rəşadətli xüsusi təyinatlı qüvvələri Şuşada möhkəmləndirilmiş 3000 dən çox erməni döyüşçüsünün  bir hissəsini məhf etmiş, qalan hissələrini isə qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşa Rəşadətli Azərbaycan Ordusu tərəfindən bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük ziyan vurmadan azad edildi.
Beləliklə Azərbaycan 27 sentyabr 2020-ci ildə başlayan ikinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Şanlı ordumuz bu müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını, Şuşa şəhərini, Hadrut qəsəbəsini və Dağlıq Qarabağdakı bir çox yaşayış məntəqələrimizi işğaldan azad etdi. Ağdam, Kəlbəcər və Laçın rayonları isə heç bir itki vermədən işğaldan azad olundu. Düşmən darmadağın edildi, Ermənistan dərin hərbi-siyasi böhrana düçar oldu.
“Qisas qiyamətə qalmaz” demiş atalarımız. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Döyüş meydanında Xocalı qatillərini məhv etdi.Beləliklə xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabırın 8-i “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd ediləcək.
2023-cü il 19 sentyabr günün birinci yarısında Qarabağda dördü polis əməkdaşı, ikisi mülki şəxs olmaqla altı nəfər Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində həlak olduqdan sonra Azərbaycan bunu “terror aktı” adlandıraraq elə həmin gün hərbi əməliyyatlara başladı.
24 saat çəkən “antiterror əməliyyatları” Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırıldı.
Hərbi əməliyat zamanı Yerevan Azərbaycanı Qarabağda “etnik təmizləmə” aparmaqda ittiham etsə də, rəsmi Bakı bu ittihamları rədd etdi.
Eyni zamanda rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında təmaslar qurulub, tərəflər iki dəfə – Yevlax və Xocalıda görüşərək erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı planları müzakirə etdilər.
Bu gün Azərbaycan xalqı böyük coşqu ilə Zəfər bayramını qeyd edir. Ən sevindirici hal odur ki, ilk dəfə olaraq Xankəndində hərbi parad keçiriləcək. Bu möhtəşəm gün münasibətilə bütün xalqımızı təbrik edirik.
Yaşasın Azərbaycan ordusu!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!

Sübut Əsədov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon Komitəsinin sədri

Share: